Məhkəmə qərarları › İş №3(025)-164/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-164/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-164/2025 28.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333- 1.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB-nin polis baş serjantı X2 tərəfindən 15aprel 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2025-ci il aprel 15-də, saat 18:42 radələrində “Tofash Shahın” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili narkotik vasitədən istifadə edərək idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayonu Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 göstərdi ki, xidmətdə olarkən 15 aprel 2025-ci il tarixdə, saat 18:40 radələrində “Tofash Shahın” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü İXM-nin 329.1-ci maddəsinin tələblərini pozduğu üçün tərəfindən saxlanılmışdır. Belə ki, sözügedən avtomobilin arxasına yük yığıldığığından ön hissəsinin yuxarı vəziyyətdə olduğu müəyyən edilmişdir. Sürücü ilə danışıq zamanı sürücünün hərəkətləri şübhəli olmuşdur. Buna görə də, həmin sürücüdən analiz götürülmüşdür. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair protokola əsasən “Tofash Shahın” minik markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Şəxs amfetamin qəbulu nəticəsində sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bu səbəbdən həmin şəxsin barəsində İXM-nin 333- 1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Şəxs 1 gün polis şöbəsində saxlanılmasına səbəb işin araşdırılması olmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333-1.1-ci maddələri ilə təqsirli bilməyərək göstərdi ki, aprel ayının 15-i günü qonşuluqda rəhmətə gedən olmuşdur. Dəfn mərasimi olduqdan sonra Qəbələ şəhərinə qayıtmışdır. Avtomobilində həyətinin meyvəsi (şabalıd) olmuşdur. Şabalıdı satmağa gətirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmış və ona avtomobilin arxasının yatıq olduğunu bildirmişlər. Maşında isə 2 kisə yarım şabalıd olmuş, həmçinin avtomobil köhnə olduğundan amarzatırlarında köhnəlmə olmuşdur. Belə olub onu polis şöbəsinin qarşısına gətirmişlər və avtomobili çöldə saxlamışlar. Polis əməkdaşı içəri girib 2 dəqiqə çıxdıqdan sonra onu xəstəxanaya aparmışlar. Xəstəxanada narkotik vasitə qəbul edib-etmədiyini soruşanda, ağ ciyərində problem olduğunu, ümumiyyətlə siqaret belə çəkmədiyini bildirmişdir. Analizin nəticələrinə əsasən onun narkotik vasitə qəbul etməsi bildirilmişdir. O, bununla razılaşmamışdır. Həmin vaxt polis əməkdaşı analizin nəticəsini çəkmişdir. O da analizin nəticəsin çəksə də, telefonundan həmin çəkilişi silmişlər. Həkimdən onu bir dəfə də yoxlanılmasını tələb etsə də, bununla razılaşmamışdır. Daha sonra onun başqa yerdə də analiz verməsini tələb etmişdir. Onu bir gün Qəbələ rayon Polis şöbəsində saxlamışlar. Ayın 16-sı günortadan sonra polis şöbəsindən buraxmışlar. İlk olaraq aptekdən test alaraq özü-özünü yoxlamışdır. Aprel ayının 17-si isə Referans tibb mərkəzinə müraciət etmişdir. Ondan analizlər gğtürülmüşdür. Orda da narkotik vasitə istifadə etməsi müəyyən olunmamışdır. Daha sonra narkoloji test üçün Şəki şəhərinə getsə də, orada analiz götürməkdən imtina vermişlər. Həmin analiz nəticələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 5, 6-ya işləmiş radələrində xəstəxanaya gətirilmiş və narkoloji test edilməsi bildirilmişdir. Ondan narkotik vasitə istifadəçisi kimi şübhələndiklərini bildirmişlər. Ekspress testlər vasitəsi ilə müayinə etmişdir. O, akt yazmağa başlayanda Şəxs etiraz etmişdir. Daha sonra Şəxs polisin nəzarəti ilə sidikdən analiz vermişdir. Vətəndaşın özünə də paketdə heç bir cızıq olmadığını, tam işlək vəziyyətdə olmasını, həmçinin etibarlılıq müddətini göstərmişdir. Özünə də analizin hansı formada müəyyən ediləciyini göstərmişdir. Bu müddət ərzində Şəxs özünü əsəbi aparmışdır. Analiz nəticəsində Şəxs amfetamindən istifadə etməsi müəyyən edilmişdir. Şəxs onu hədələmişdir. Analiz veriləndən 3 gün sonrada xəstəxanaya dəfələrlə gələrək onu hədələmişdir. Amfetamin maddəsi insan orqanizmində 2 və ya 3 gün qalır. Polislər tərəfindən ona təzyiq göstərilməmişdir. Onun barəsində polislər tərəfindən bir dəfə yaşadığı yerdə qeydiyyata durmadığına görə 30 manat cərimə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, “X10 Mərkəzi” MMC-nin direktorudur. Vətəndaş tibb mərkəzinə yaxınlaşaraq narkoloji analiz vermişdir. Vətəndaşla bir yerdə laboratoriyanın müdiri də analiz verəndə içəri girmişdir. Şəxs tək içəri girsəydi, onlara analiz üçün başqa sidik təqdim edə bilərdi. Narkoloji analiz götürüləndə şöbə müdiri də həmin şəxslə bir yerdə içəri daxil olur. Narkotik vasitənin təsir dərəcəsi aşağı düşəndən sonra analizdə görünməyə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, “X10 Mərkəzi” MMC-də laboratoriya şöbə müdiri vəzifəsində işləyir. Vətəndaş Şəxs klinikanın qeydiyyat şöbəsinə yaxınlaşıb və sonra onun yanına göndərmişlər. Narkoloji analiz verilən zaman analizi verilən şəxslə birlikdə analiz verilən yerə daxil olur. Yəni, Şəxs analiz üçün öz sidiyini vermişdir və başqa şəxsin sidiyini verməsi mümkün deyil. Analizlər yoxlanılmış və nəticəsi barədə sənədlər Şəfiyevə təqdim olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXMin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - 15 aprel 2025-ci il tarixli, 50 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:10-da Şəxs sidiyində AMP + (amfetamin) aşkar olunmuşdur. - Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş “Referans” X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli laboratoriya nəticələrindən görünür ki, Şəxs götürülmüş sidik analizinin nəticələrinə əsasən onda heç bir narkotik vasitə və psixotrop maddə, o cümlədən AMP + (amfetamin) aşkar olunmamışdır. - Məhkəmə araşdırması zamanı Şəxs 15 aprel 2025-ci il tarixdə götürülmüş sidik nümunələri əsasında təkrar test edilmiş və müəyyən edilmişdir ki, götürülmüş sidik analizinin nəticələrinə əsasən onda heç bir narkotik vasitə və psixotrop maddə, o cümlədən AMP + (amfetamin) aşkar olunmur. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəməyə təqdim olunan sənədlərlə sübuta yetirilmir. Belə ki, Azərbaycan Respublikası İXM-in 333-1.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333-1.1-ci maddəsinin dizpoziyasından göründüyü kimi narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində nəqliyyat vasitəsinin idarə edilməsi o vaxt məsuliyyətə səbəb olur ki, həmin maddələrdən istifadə edilməsi istifadə edən şəxsdə sərxoşluğa səbəb olur. İlk növbədə məhkəmə qeyd edir ki, 15 aprel 2025-ci il tarixli, 50 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:10-da Şəxs sidiyində AMP + (amfetamin) aşkar olunması qeyd edilsə də, onun sərxoş vəziyyətdə olması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Halbuki, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktını tərtib edən şəxs X3 məhkəmə iclasında amfetaminin insan orqanizmində 2-3 gün müddətdə qala bilməsini qeyd etmişdir. Lakin məhkəmə hesab edir ki, amfetaminin insan orqanizmində 2- 3 gün qalması onun həmin müddətlərdə sərxoş olması mənasına gəlmir. Belə ki, elmi cəhətdən də müəyyən olunur ki, spirtli içkilərin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin sərxoşluğu müəyyən müddətə öz təsirini itirir. Hazırkı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında isə Şəxs analiz alınan zaman sərxoş olub-olmaması müəyyən olunmur. Həmçinin məhkəmə onu da qeyd edir ki, 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi 1) nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2) ayaq üstə sərbəst dayana bilmədikdə; 3) özünü idarə edə bilmədikdə həyata keçirilir. Həmin Qаydаlаrın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 3.3.-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Sözügedən qaydalardan görünür ki, şəxsin narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin təsiri altında sərxoş olması üçün həm maddələrin izi, həm də sərxoşluğun kliniki əlamətləri mövcud olmalıdır. Sərxoşluğun kliniki əlamətləri isə sözügedən qaydaların 2.1-ci bəndində öz əksini tapmışdır. Belə ki, nəfəsindən alkoqollu içki qoxusu gəlməsi, şəxsin ayaq üstə sərbəst dayana bilməməsi, özünü idarə edə bilməməsi sərxoşluğun kliniki əlamətləri hesab edilir. Hazırkı iş materiallarından isə müəyyən olunur ki, Şəxs Qəbələ rayon Mərkəzi Xəstəxanasında analiz alınarkən sərxoşluğun kliniki analizləri müəyyən edilməmişdir. Bu hal Qəbələ rayon Polis şöbəsindən məhkəməyə təqdim edilmiş CD diskdə olan görüntülərlə də müəyyən edilməkdədir. Həmin görüntülərdən görünür ki, Şəxs analiz götürülərkən onda ayaq üstə sərbəst dayana bilməmə, özünü idarə edə bilməmə kimi hallar görünmür və əksinə sonuncunun ayıq vəziyyətdə olması müəyyən olunmaqdadır. Göstərilən hallardan müəyyən olunur ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilən zaman onun narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş halda olması müəyyən edilməmişdir. Barəsində inzibati icraat aparılan şəxsin sərxoşluq dərəcəsi müəyyən olunmadığından onun barəsində İXM-nin 333-1.1-cimaddəsi ilə protokol tərtib olunması onun sərxoş olmasını şübhə altında qoyur. İkinci olaraq məhkəmə qeyd edir ki, Şəxs Qəbələ rayon Mərkəzi Xəstəxanasında ilk dəfə analiz alınandan, yəni xx.xx.2025-ci il saat 17:10-dan 48 saat keçmədən “X10 Mərkəzi” MMC tərəfindən xx.xx.2025-ci il tarixdə saat 14:08 radələrində verilmiş analiz rəyində Şəxs sidiyində AMP + (amfetamin) aşkar edilməmişdir. Halbuki, məhkəmə iclasında Qəbələ rayon Mərkəzi Xəstəxanasının narkoloqu X3 amfetaminin insan orqanizmində 2-3 gün ərzində qaldığını qeyd etmişdir. Lakin Şəxs barəsində 15 aprel 2025-ci il tarixdə “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı tərtib edilməsindən 2 gün keçməmiş onun sidiyində amfetamin aşkar edilməmişdir. Bu hal onu da göstərir ki, Şəxs xx.xx.2025-ci il tarixdə analiz alınarkən onun sidiyində amfetamin olsayadı belə, bu sonuncunun həmin vaxtda narkotik vasitənin təsiri altında sərxoş olmadığını sübut edir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən ”bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir”. Eyni zamanda 75.0.3-cü maddəsinə əsasən “inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir”. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.”. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən “Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir”. Eyni Məcəllənin 105.1-cimaddəsinə əsasən “bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.”. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqdainzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Eyni Məcəllənin 53.0.1-ci maddəsinə əsasən “inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən “inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir”. Azərbaycan Respublikası İXM-in 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar