Məhkəmə qərarları › İş №3(025)-167/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-167/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-167/2023 28.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon X3 X5 inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsindən daxil olmuş 12 aprel 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC sorğunu rəsmi qayda da aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon X3 X5 inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2 göstərdi ki, Şəxs MMC sorğunu rəsmi qayda da aldığı vaxtdan 5 (beş) gün müddətdə sürücü barədə məlumatları təqdim etməmişdir. Beləliklə, Şəxs MMC-nin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC məhkəməyə göndərikləri ərizədə eyni zamanda göstərmişlər ki, Qəbələ rayon Polis Şöbəsi tərəfindən sorğu Şəxs MMC-yə çatdırılmamışdır. Əgər çatdırılmamışdırsa, xəbərnamədə konkret olaraq hansı işçilərinin alması qeyd olunmalıdır. Bəzi hallarda poçt işçiləri tərəfindən “saxta” olaraq qol çəkilərək, guya çatdırılmışdır kimi göstərilməməkdədir. Qəbələ rayon Polis şöbəsi tərəfindən onlara sorğu göndərilməmişdir. Bu halda barələrində İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunması əsassızdır. Bu səbəbdən hesab edirlər ki, barələrində tərtib olunmuş protokola inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qəbələ rayon Polis şöbəsindən Şəxs MMC-yə ünvanlanmış məktublardan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “FORD TRANSİT YÜK” yük markalı, **-JD-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsi ilə İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. Qəbələ rayon Polis şöbəsindənŞəxs MMC-yə ünvanlanmış məktubların ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, məktublar Şəxs MMC-nin rəsmi qeydiyyatda olan ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş və xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş “Poçt Göndərişlərinin izlənməsi” barədə Çıxarışdan görünür ki, İXH icraatı aparan orqanın iş materiallarına sorğunun Şəxs MMC tərəfindən qəbul edilməsini təsdiqləyən sübut kimi əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamənin SS nömrəsi ilə bağlı məlumat tapılmamışdır. Yəni, sorğunun Şəxs MMC tərəfindən qəbul edilməsi barədə heç bir məlumat yoxdur. Beləliklə məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur ki, 12 aprel 2023-cü il tarixli AP seriyalı ******* nömrəli İXH protokolda isə yol hərəkəti qaydalarını pozmuş fiziki şəxs barədə hüquqi şəxs tərəfindən 5 gün rəsmi məlumat verilməməsi göstərilmişdir. Lakin İXH icraatı aparan orqanın nümayəndəsi isə məhkəmə iclaslarında iştirak etmir və qanunla müəyyən edilmiş qaydada hüquqi şəxsə sorğu gönlərməsinə və rəsmi qaydada çatdırılmasına, eləcə də protokolun tərtib olunması üçün müvafiq quruma məlumat verilməsinə dair məhkəməyə sübut təqdim etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Maddənin məzmunundan aydın olduğu kimi, hüquqi şəxsə İXH protokolu deyil, nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında sorğu göndərməli və rəsmi qaydada çatdırmalıdır. Bundan başqa, hüquqi şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini əks etdirən İXH protokol yalnız sorğu daxil olduğu gündən 5 gün müddətində hüquqi şəxs tərəfindən səlahiyyətli orqana məlumat vermədiyi halda tərtib edilə bilər. Yəni, birincisi, qeyd edilən sorğu hüquqi şəxsə rəsmi qaydada çatdırılmalı, ikincisi – sorğunun çatdırılmasını təsdiq edən xəbərnamədə əks etdirilən tarixdən 5 gün müddət gözlənilməlidir. Qanunun bu tələblərinə riayət edilməklə göndərilmiş sorğuya əsasən 5 gün müddətində hüquqi şəxs sürücü barədə məlumat vermədikdə, onun barəsində İXM-nın 347 maddəsi ilə İXH protokol tərtib edilməsinə yol verilir. Beləliklə məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolvə inzibati materialda olan digər sənədlərlə Qəbələ rayon X3 X5 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-dən sorğu ilə ** JD *** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin istifdəçisi barədə məlumat verilməsinə dair həmin MMC-yə sorğunun rəsmi qaydada çatdırılması sübuta yetmədi. Odur ki, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 12 aprel 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 12 aprel 2023-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar