Məhkəmə qərarları › İş №3(025)-168/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-168/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-168/2024 03.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1986-ci il iyunun 14-də Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu, N.Nərimanov küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 aprel 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə Şəxs arvadı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 03 aprel 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs arvadı Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayon, Nəriman Nərimanov küçəsində yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs atasının evinə, Qəbələ rayon Aydınqışlaq kəndinə getmişdir. xx.xx.2024-cü il tarixdə isə evə gəlməli imiş. Həyat yoldaşına axşam saat 18:30 radələrində zəng edib "maşın tutub səni gəlib götürəcəm" ifadəsini işlətmiş, arvadı da ona "atam məni gətirib, mən evdəyəm" demişdir. Daha sonra axşam saat 18:45 radələrində yaşadığı evə getmiş, arvadına "səni mən gətirəcəkdim" demiş, aralarında bu məsələ ilə bağlı mübahisə başlamışdır. Mübahisə zamanı şillə ilə arvadının başının arxa nahiyyəsindən bir dəfə vurmuşdur. Daha sonra arvadı evdən çıxıb getmiş, sonradan arvadının onun barəsində Qəbələ RPŞ-yə müraciət etdiyini öyrənmişdir. Etdiyi əməldən peşmandır. Buna görə zərərçəkmiş Zərərçəkmiş şəxs üzr istəyir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, həyat yoldaşı Səmədov X3 şəhər sakinidir. Ailə qurduqdan sonra ilk əvvəllər Mingəçevir şəhərində yaşasalar da, sonradan Rəşadın ailəsi ilə orada yola getmədiklərinə görə Qəbələ şəhərinə gələrək kirayələrdə yaşamağa başlamışlar. Evlilikləri müddətində münasibətlərinin səbəbini bilməsə də, yaxşı vəziyyədə olmamış, aralarında tez-tez ailə-məişət zəminində sözlü mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə axşamüstü radələrində ata evinin yerləşdiyi Aydınqışlaq kəndindən kirayədə yaşadığı ünvana atası ilə birgə gəldiyi üçün yoldaşı Rəşad onunla sözlü mübahisə etmiş, mübahisə zəminində ona "mən səni özüm gətirəcəkdim" ifadəsini işlətmiş, bu əsnada aralarında düşən sözlü mübahisə zəminində yoldaşı şillə ilə onun başının arxa tərəfindən bir dəfə vurmuş, bu səbədən kirayədə yaşadığı ünvanaı tərk edərək Qəbələ RPŞ-yə gəlmişdir. Hal-hazırda Rəşadla barışmamış və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət(lərin) olub-olmamasını, əgər varsa xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən olunması üçün sonuncu MTE və PA birliyinin Qəbələ rayon şöbəsinə təqdim edilmiş, MTE-nin verdiyi 146 saylı rəyə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 30 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1\329 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olmasını və özünün üçüncü qrup əlil olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar