Məhkəmə qərarları › İş №3(025)-177/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-177/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-177/2022 05.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1982-ci il avqustun 15-də Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Uludaş kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 may 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 17.04.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Zərərçəkmiş şəxs məxsus 6 ədəd 3 x 1 metr və 4 ədəd 2 x 1 metr dəmir oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 05 may 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, Şəxs 17.04.2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Zərərçəkmiş şəxs məxsus 6 ədəd 3 x 1 metr və 4 ədəd 2 x 1 metr dəmir oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, nə o, nə də X1 Hacıyevaya məxsus dəmir listləri oğurlamışlar. Belə ki, Zərərçəkmiş şəxs ilə aralarında mülki mübahisələri olmuşdur. X17 16 noyabr 2009-cu il tarixdə yaşadıqları Uludaş kəndində həmkəndliləri X7 və Cavadın yanında Mayisənin həyat yoldaşı Qasım Hacıyevə əlbəəl 1600 manat ödəniş edərək hal-hazirki mübahisəli torpaq sahəsini satın almasına baxmayaraq sonuncular həmin faktı təsdiq etməmişlər. Qasım Hacıyev sözügedən torpaq sahəsinə dair sənədlərin olmadığını, belə ki, həmin ərazinin Bum bələdiyyəsinə aid olduğunu, hal-hazırda atası ilə birgə qeyd olunan mülki mübahisəli torpaq sahəsi ilə əlaqədar rayon məhkəməsinə müraciət etmişlər. Zərərçəkmiş şəxs barəsində qeyd etdikləri şər və böhtan xarakterlidir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2017-ci il tarixdən 2021-ci il tarixədək yoldaşı X8 ağır yol nəqliyyat hadisəsi törətməsindən sonra sonuncu yataq xəstəsi olduğuna görə mərhum qaynanası Yasəmən Hacıyevaya verilmiş pay torpaq sahəsini nəzarət etmələri üçün Qəbələ rayon Uludaş kənd sakinləri Şəxs və onun atası X6 həvalə etmişlər. Keçən illər ərzində Rəhmanın və onun oğlu Əhmədin həmin torpaq sahəsinə nəzarət etmələri müqabilində özlərinə məxsus mal-qaralarını həmin sahədə otarmışlar. Eləcə də otun bir qismini də biçərək aparmışlar. 2021-ci il tarixdə artıq sözügedən torpaq sahəsinə nəzarət etmək iqtidarında olduqlarına görə Rəhmanla Əhmədə artıq nəzarətlərinə ehtiyacın qalmadığını bildirmələrinə baxmayaraq həmin şəxslərin bağ sahəsinin giriş qapısını ləğv edərək həmin sahənin özlərinə aid olduğunu iddia etməyə başlamışlar. Belə ki, Əhmədlə Rəhmanın həmin torpaq sahəsinə görə Qasıma pul ödədiklərini iddia etmişlər, lakin halhazırda həmin mübasəli torpaq sahəsinə dair sənədləri hazırladıqlarını və sənədləşmənin yekunlaşmasından sonra məhkəməyə müraciət edəcəklərini bildirmişlər, buna baxmayaraq bu ərəfədə Rəhmanla oğlu Əhmədin onları rahat buraxmamışlar, həmin torpaq sahəsinə rahat daxil olmalarına maneə olmuşlar. 16 aprel 2022-ci il tarixdə sözügedən bağ sahəsindəki onlara məxsus 6 ədəd 3x1 metr və 4 ədəd 2x1 metr ölçülərində olan dəmir listlərinə götürərək aparmışlar. Əhmədlə Rəhmandan dəmir listləri geri qaytarmalarını tələb etmələrinə baxmayaraq həmin şəxslərin irəli sürülən tələbə məhəl qoymamışlar. Şəxs onlara məxsus dəmir listləri oğurlamasına qaynı Eldarın və Uludaş kənd sakini X3 şahidlik etmişlər. Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir və onun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, 16 aprel 2022ci il tarixdə saat təqribən 16 radələrində həyətində olduğu zaman Uludaş kənd sakini Şəxs qardaşı Qasımla aralarında mübahisəli olan torpaq sahəsindən dəmir listləri sökərək apardığını görmüşdür. Həmin vaxtı Əhməddən nə üçün dəmir listləri sökərək apardığını soruşmuş, Əhməd isə ona cavab olaraq torpaq sahəsinin aşağı hissəsinə qapı qoyacağını demişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğurluq etməsinin sübuta yetirilmədiyini və inzibati xəta tərkibi olmadığından işə xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələn RPŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X5 27 aprel 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/477 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞnin İTB-nə verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunan və iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını ələ kəçirərək Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İİ qrup əlil olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 117-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan başqa həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Azərbaycan Respublikası İXM-in 32.1-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 28.4.1-ci maddəsinə əsasən birinci və ikinci dərəcə əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar barəsində ictiami işlər növündə inzibati tənbeh tətbiq edilə bilməz. İXM-nin 32.1-ci maddəsinin və 28.4.1-ci maddələrinin tələbindən göründüyü kimi İİ qrup əlillər barəsində inzibati həbs növündə və ictimai işlər növündə həbs tətbiq edilə bilməz. İş materialları ilə isə müəyyən olunur ki, Şəxs İİ qrup əlildir. Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsi tətbiq olunmaqla barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar