Məhkəmə qərarları › İş №3(025)-180/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-180/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-180/2022 19.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, şikayətçi X1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 25 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin 25 aprel 2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X6 "xxxx" MMC-ni təsis edərək direktoru vəzifəsində işləyir. MMC-nin fəaliyyət sahəsi «İT» xidmətidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəis müavini cənab Elgün Feyzullayev tərəfindən 29 mart 2022-ci il tarixli, **********7 saylı müraciətlə “X11 adlı şəxs və digərlərinin” direktoru olduğu "xxxx" MMC tərəfindən əmək hüquqlarının pozulması iddiasına Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsində baxıldığını bildirmişdir. Sözü gedən müraciətdə Kənan Paşayev adlı şəxsə və digərlərinə aid olması iddia edilən aşağıda qeyd olunan: 1. Müəssisənin cavab məktubu, 2. Əmək müqaviləsinin surəti, 3. İşçinin işə qəbul, xitam üzrə əmrlərinin, ərizələrinin və bildirişlərin surətləri, 4. İşçinin işlədiyi illər üzrə əmək məzuniyyəti hüquqlarından istifadə ilə bağlı əmrlər və ödənilməsi ilə bağlı bank sənədi, 5. Əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, 6. İşçinin işdən azad olunarkən son haqq-hesabın hesablanması cədvəli və ödənilməsi ilə bağlı bank sənədi,

7. İş vaxtının uçot tabelləri və 8. Əmək kitabçasının işçiyə verilməsini təstiq edən sənədin surətinin təqdim edilməsi xahiş edilmişdir. Onlara cavab məktubu ünvanlayaraq “Vətəndaşların müraciətləri haqqında” ərbaycan Respublikası Qanununun 8-ci maddəsində müraciətin baxılmamış saxlanılması hallarından biri kimi, həmin qanunun 6.5,-ci maddəsində qeyd olunan kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsinin imzalamalı və tarix qoymasının mütləqliyinin qeyd olunmasını bildirdi və qoşma olaraq göndərılmış, “'X11 adlı şəxs və digərlərinin” Ərizə”-sində tarix qeyd olunmamasına baxmayaraq nə səbəbə icraata qəbul etmələrini bildirdi. Buna baxmayaraq edilmiş müraciət heç bir hüquqi əhəmiyyət kəsb edən sübut olmadan icraata qəbul edilmişdir. Bu hal isə bir sahibkar olaraq ona yanaşmanın nə dərəcədə obyektiv olmasını bilavasitə «sübuta» yetirir. Yuxarıda qeyd olunan, təqdim edilməsi tələb olunan, “müəssisənin cavab məktubu, əmək müqaviləsinin surəti, işçinin işə qəbul, xitam üzrə əmrlərinin, ərizələrinin və bildirişlərin surətləri, işçinin işlədiyi illər üzrə əmək məzuniyyəti hüquqlarından istifadə ilə bağlı əmrlər və ödənilməsi ilə bağlı bank sənədi, əmək haqqı ilə bağlı hesablama və ödəniş cədvəlləri, işçinin işdən azad olunarkən son haqq-hesabın hesablanması cədvəli və ödənilməsi ilə bağlı bank sənədi, iş vaxtının uçot tabelləri, əmək kitabçasının işçiyə verilməsi” ilə bağlı sənədlər işə götürən və işçi arasında əmək münasibətlərinin Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmləşdirildiyi halda mümkündür. “Ərizədə” adları çəkilən “X11 adlı şəxs və digərlərinin” direktoru olduğu "xxxx" MMC ilə heç bir əlaqəsi olmamaqla yanaşı, cəmiyyətin onlar qarşısında heç bir hüquqi öhtəliyi mövcud deyil. “Ərizədə” göstərilən xüsusatlar həqiqəti əks etdirməməklə yanaşı, böhtan xarakterli olmaqla, "xxxx" MMC-nin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır. Bu halları onlara bildirsə də sözlərinə inanmayaraq Əmək Müfəttişliyinin əməkdaşları onun vəzifəli şəxs olaraq inzibati Xəta törətdiyini bildirərək cərimələnəcəyini söylədilər. Nəticədə, 25 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə dəvət edildi və orada ona qərar təqdim edilərək 11 aprel 2022-ci il tarixli MN ******* saylı protokol əsasında vəzifəli şəxs olaraq barəsində 25 aprel 2022-ci il tarixli, MN № ******* saylı qərarla guya Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən 4.500 manat inzibati cərimə edildiyini bildirdilər. Həmin qərardan narazıdır ona görə də Məhkəmədən onun ləğv olunmasını xahiş edir. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron məlumat sistemindən edilmiş çıxarışdan da göründüyü kimi direktoru olduğu "xxxx" MMC-nin hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ şəhəri, Heydər Əliyev prospekti 117 ünvanı olaraq Qəbələ rayonu ərazisidir. İnzibati xəta haqqında qərarın ləğv edilməsi ilə əlaqədar verdiyi şikayətin hüquqi şəxsin ünvanı üzrə Qəbələ rayon Məhkəməsinə müraciət qanunamüvafiqdir. Qərarın sonunda qeyd edilmişdir ki, bu qərar təqdim edildiyi gündən 10 gün müddətində şikayət və protest verilməzsə qanuni qüvvəyə minir. Qərar ona 25 aprel 2022-ci tarixdə təqdim olunmuşdur. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında şikayətçi X6 şikayət ərizəsini müdafiə edərək əlavə olaraq izahatında bildirdi ki, 03.11.21-ci il tarixində "xxxx" MMC şirkətini açmışdır. Bu barədə məlumat alan X7 (keçmiş iş yoldaşı) şirkəti üzrə iş aparmağı ondan xahiş etmişdir. Tamamilə səmimi hissləri səbəbindən ona köməklik etməyə razılaşdı. Lakin, o, lap əvvəldən onu aldadırmış. Ona heç bir məlumat vermədən onun adından istifadə edərək şirkətə işçiləri qəbul edib və onun adınnan onlarnan əmək haqqı, əmək müqaviləsi barədə danışıb, onlara birbaşa ona tabe olduqlarını, habelə işin başında onun - X1 olduğunu söyləyib. Öz qohumlarını və tanışlarını ətrafına toplayıb, işi öz istəyinə uyğun aparib. Həmçinin oktyabr və noyabr ayı aralığında işçilərinə işin öyrədilməsi üçün ondan təxminən 3000 AZN pul vesaiti xərclənib. Daha sonra işin gedişi zamanı onun adından sənədlər imzalayıb, qarşı şirkətlərdən mal götürüb. İşə köməklik məqsədi ilə ona verdiyi 4000 AZN dəyərində iş üçün avadanlıqlar bugün də ortada yoxdur. Bununla birlikdə X7 onun bu işdən heçbir xeyri olmadığı halda ondan təxminən 2000 AZN pul alınıb. O, daha sonra bu pulun işçilərin maaşı üçün alındığını öyrənmişdir. X7 ve komandası ondan 2021-ci il oktyabr ayından 2022-ci il fevral ayınadək 9000 azn zərər vurmuşlardır. O, yuxarıda sadaladığı, Elxanın işinin inkişafına xərclədiyi pulları o, öz şəxsi hesabından ödəmiş və Elxanla gələcəkdə həmin məbləğin ona qaytarılacağı barədə razılaşmışlar. Bunların hamısı yetmirmiş kimi işçilər əmək haqqın verilmədiyinə görə onun adına şikəyət yazıblar. İşçilərdən olduğunu deyen sikayetçi Senan adlı şəxs özünün Əmək müfəttişliyində çalışan qohumu vasitəsi ilə ona hədə-qorxu gəlfi, Elxana məndən adam başına 3000 azn istədiklərini dedirtirmişdir. Şikayətçilərin ərizəsi ona whatsapp vasitəsilə göndərilib və həmin ərizədə tarix yoxdur. Qanunvericiliyə uyğun olaraq tərtib olunmamış ərizə əsasında onun barəsində protokol tərtib olunaraq ona 4500 manat məbləğində cərimə yazılıb. X10 Xidməti cərimə olunmağı ilə bağlı qəbul etdiyi qərarda əsas kimi whatsapp mesajlarını göstərmişdir. Təəssüf ki, əsaslı araşdırma aparmadan yalnız whatsapp yazışmaları əsasında onu İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilmişdir. Qanunvericilikdə whatsapp yazışmaları sübut kimi qəbul oluna bilməz və onun əksini barəsində inzibati protokol tərtib edilmiş şəxs sübuta yetirməyə borclu deyil. Baş verənlər onun şirkətinin işgüzar nüfuzunu zədələyir, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, "xxxx" MMC-nin təsisçisi X6 barəsində X4 və qeyrilərinin şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, "xxxx" MMC-nin təsisçisi X6 tərəfindən işçılərlə bağlanmış əmək müqavilələri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən həmin şəxsləri 01.10.2021-ci il tarixdən 01.02.2022-ci il tarixə kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Həmin fakt inzibati araşdırma zamanı yalnız şikayətçinin ərizəsi, izahatı və Watsapp yazışmaları ilə öz təsdiqini tapmışdır. Sonda isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, işdə olan 11.04.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş X11, X13 vəSəfyarov Sənan Müqavil oğlu işçılərlə bağlanmış əmək müqavilələri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 01.10.2021-ci il tarixdən 01.02.2022-ci il tarixə kimi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Nəticədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9i tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli 25 aprel 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəisi X12 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 barədə tərtib edilmiş 11.04.2022-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X1 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4500 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X11 və qeyriləri işə bərpa ilə əlaqədar əmək müfəttişliyinə şikayətlə müraciət etmiş, həmin şikayət əsasında əmək müfəttişliyi tərəfindən inzibati araşdırma aparılmışdır. Nəticədə əmək müfəttişliyi tərəfindən yalnız X4 və qeyrilərinin şikayəti, onların izahatı və Watsapp yazışmaları əsas götürülərək, "xxxx" MMC-nin təsisçisi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, N.F.Hətəmovun işçiləri əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı hər-hansı bir digər mötəbər sübutlarla inzibati araşdırmanı aparan orqan tərəfindən möhkəmləndirilməmiş və təsdiq edilməmişdir. Yəni N.F.Hətəmovun izahatı alınmamış, N.F.Hətəmovun deməsinə görə iş üzrə aidiyyatı ola biləcək şəxs - X7 cəlb edilməmiş, şahid qismində dindirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X6 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olub-olmamasını müəyyən etmədən, X1 izahatı alınmadan, N.F.Hətəmov barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, sonda isə həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və inzibati xətanın törədilməsini tam müəyyən etmək mümkün düyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.3-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadan, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında 25 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin rəisi X5 inzibati tənbeh vermə haqqında 25 aprel 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar