Məhkəmə qərarları › İş №3(025)-188/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-188/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-188/2022 17.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23.08.2021-ci il tarixdə Qəbələ rayon, Mıxlıqovaq kəndində ictimai yerdə Qəbələ Rayon İcra və Probasiya şöbəsinin rəisi Sahib Bayramova qarşı əl-qol hərəkətləri ilə hücum etmiş, bununla da ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Rəşadət Sahib oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X7 izahatında bildirmişdir ki, Şəxs 23.08.2021-ci il tarixdə Qəbələ rayon, Mıxlıqovaq kəndində ictimai yerdə Qəbələ Rayon İcra və Probasiya şöbəsinin rəisi Sahib Bayramova qarşı əl-qol hərəkətləri ilə hücum etmiş, bununla da ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, qonşusu və qardaşı Arzu arasında torpaq münaqişəsi olmuşdur. Bu mübahisə ilə bağlı məhkəmə qərarına əsasən 17.05.2022-ci il tarixdə icra prosesi təyin olunmuşdur. Proses zamanı, o həmin əraziyə yaxınlaşdı. O ünvansız şəkildə onun ərazisinə gələn suyun kəsildiyini və heç kimin baxmadığını bildirdi. Həmin vaxt tanımadığı bir şəxs ona kobud şəkildə ərazidən uzaqlaşmasını bildirdi. O da cavab olaraq kobud şəkildə cavab verdi. Sonradan həmin şəxsin icra və probasiya şöbəsinin rəisi olduğunu öyrəndi. O həmin şəxsə qarşı əl-qol hərəkətləri etməmişdir, nalayiq ifadələr işlətməmişdir. Törətdiyi əməldən peşmandır. Sonda isə məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında göstərmişdir ki, 17.05.2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin qərarına əsasən Qəbələ rayon Mıxlıqovaq kəndində icra prosesi təyin edilmişdir. Prosesdə İcra və Probasiya şöbəsinin böyük icra məmuru Təbiyyət Həsənquliyev və o iştirak etmişlər. Proses zamanı adı onlara sonradan məlum olan məhkəmə qərarında tərəf olmayan Qəbələ rayon Mıxlıqovaq kənd sakini Şəxs proses yerinə yaxınlaşaraq “sizin yol açmağa səlahiyyətiniz yoxdur, ərazini tərk edin, yoxsa sizi məcburi çıxardacam” deyərək əl-qol hərəkətləri ilə onun üzərinə gəldi və ünvanına nalayiq ifadələr işlətdi. Bu zaman hadisə yerində proses iştirakçıları olmuşdur. Bu barədə onun tərəfindən müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid X2 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş 17 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 may 2022-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar