Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-189/2024 23.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1994-cü il yanvarın 10-da Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş şəhəri, C.Cəfərli küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 aprel 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə baldızı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 23 aprel 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə baldızı Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, evlidir və 2 övladı var. Rəsmi olaraq Ağdaş şəhrində "xxxx" MMC-də bağban kimi fəaliyyət göstərir. Qəbələ rayonu Hacallı kəndindən olan Fərqanə Əhmədova ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurandan sonra yoldaşı Fərqanə ilə aralarında ailə münaqişəsi yaranmışdır. Bu problemlərə görə Fərqanə dəfələrlə evdən qaçaraq Qəbələ rayonunda yaşayan bacısı Xəyaləgilə gəlmişdir. Aralarında bir neçə dəfə barışıq olub onu evə aparmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə o, yoldaşını baldızı Xəyaləgildən aparmağa gəlmişdir. O, istəmiş ki övladlarını da götürüb. Bu zaman Xəyalə azyaşlı övladını evin qapısından çölə atmışdır. Bu ona pis təsir etmişdir. O, uşağı götürən zaman onun qolundan itələmiş ki, uşaq qorxub ağlayır. O, əlindəki odunla onu və uşaqları çölə çıxartmışdır. Sonra böyüklər onları barışdırma istəsə də, o aralarında yenidən söz söhbət yaratmışdır. Bundan sonra Xəyalə 102 xidmətinə zəng eləmiş və əməkdaşlar həmin ünvana yaxınlaşmışlar. O, təkidlə əməkdaşlara önu döyməyini bildirmişdir. Oradan çıxan zaman əsəbiləşərək qapıya təpiklə vurub getmişdir. Etdiyi əməldən peşmandır. Hal-hazırda birgə nikahdan doğulmuş uşaqlarından biri onun yanındadır, özü üçüncü qrup əlildir. Bu halın nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və yetkinlik yaşına çatmayan uşaqlarından birinin onun yanında olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Qəbələ rayon Hacallı kəndində yaşayır. Bacısı 5 ildir ki, Ağdaş rayon sakini Şəxs ilə ailə həyatı qurmuş, lakin buna baxmayaraq mütəmadi olaraq Şəxs bacısı Fərqanə Əhmədovanı döymüşdür. Bacısı bu səbəbdən onların evinə gəlmiş, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bacısı Fərqanə Əhmədova əri tərəfindən döyüldüyü üçün balaca uşağı ilə onların evinə gəlmişdir. Həmin gün Şəxs sonradan onların evinə gəlmiş, bacısının digər böyük uşağını evin pilləkəninə qoyaraq getmək istəyən zaman Vüsala "uşağı burada qoyma özün ilə apar get" demişdir. Vüsal isə uşağı aparmayacağını, burada anasının yanında qoyub gedəcəyini demişdir. O isə onun uşağına baxa bilməyəciyini demiş, bu zaman onların arasında sözlü mübahisə baş vermişdir. O, bacısının uşağını tutub Vüsalın üzərinə göndərmiş, aparmasını demiş, Vüsal isə ona "sən mənim uşağımı nə üçün vurursan" demişdir. O isə vurmadığını bildirmiş, bu zaman Vüsal ona əl-qol atmış, onun sağ qolunun yuxarı hissəsindən tutub sıxaraq fiziki ağrı yetirmişdir. O da buna görə həmin vaxt AR DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, lakin həmin vaxt O bacısı Fərqanənin döyülməsini bildirmiş, lakin özünün döyülməsi ilə bağlı məlumat verməmiş, lakin sonradan Vüsalda onun barəsində şikayət etdiyini bildirmişdir. O da buna görə Qəbələ RPŞ-nə ərizə ilə müraciət edərək Vüsal tərəfindən döyülməyini bildirmişdir. Hal-hazırda Vüsalla barışmamış və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli, 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ bazunun içəri yuxarı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdədə və şəraitdə, yəni 11 mart 2024-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığıa zərər vurmayan bədən xəsarətinə aidir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 aprel 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/285 və HK-1/290 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, üçüncü qrup əlil olmasını məsuliyyətini yüngülləşdirlən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-189/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-189/2024
23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver