Məhkəmə qərarları › İş №3(025)-189/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-189/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-189/2025 01.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti olaraq icra edən polis mayoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Corlu kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Corlu kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM 157-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2291758) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat təxminən 00:00 radələrində Qəbələ rayonu, Corlu kəndində yerləşən evlərində aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Şəxs özünü barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, o, 2021-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və onların birgə nikahdan 3 övldaları olmuşdur. Arvadının tik-tok sosial şəbəkəsindən istifadə etməsi ilə əlaqədar aralarında indiyədk bir neçə dəfə mübahisə olmuşdur. xx.xx.2025-ci il tarixdə gecə saat təxminən 01 radələrində evə gəlmiş, evdə saxladığı telefonuna baxaraq tik-tok sosial şəbəkəsindən istifadə edildiyini görüb telefonu yerə vuraraq sındırmışdır. Həmin vaxt aralarında yaranmış mübahisə zamanı Samirəni vursa da sərxoş olduğu bunun necə baş verdiyini xatırlamır. Səhər yuxudan ayıldıqdan sonra yoldaşını və uşaqları evdə görməmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 00:00 radələrində Qəbələ rayonu, Corlu kəndində yerləşən evlərində Şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş və həmin vaxt Rizvan onu vuraraq, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Hadisədən az sonra Rizvan peşman olmuş və onlar barışmışlar. Ona görə də, Rizvanın inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş 80 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində sol saidin aşağı 1/3-nin, sol sağrının bayır tərəfinin, sol baldırın bayır yuxarı 1/3-nin və sol budun bayır aşağı 1/3-nin qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərərk hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. AR İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs ilə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar