Məhkəmə qərarları › İş №3(025)-191/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-191/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-191/2022 19.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1973-cü il mayın 25-də Sabirabad rayonu Suqovşan kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 may 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 18.05.2022-ci il tarixdə saat təxminən 11 radələrində Qəbələ rayonu Mıxlıqovaq kəndinin mərkəzində və yaşadığı ünvanın qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 19 may 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı X6 izahatında göstərdi ki, Şəxs 18.05.2022-ci il tarixdə saat təxminən 11 radələrində Qəbələ rayonu Mıxlıqovaq kəndinin mərkəzində və yaşadığı ünvanın qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qaninin oğlu Əfşan ona məxsus damın saxsısını ağac budağı ilə qırmışdır. Nəticədə yağış yağan zaman ona məxsus evin damından evə su danır. Bununla bağlı dəfələrlə Qani ilə söhbət etsə də, heç bir nəticəsi olmamışdır. 13.05.2022-ci il tarixdə isə günorta saatlarında evə gəlmiş, evin damından su damdığını görmüşdür. Əsəbləşib həyətə düşərək Qaninin evinə bir neçə dəfə daş atmışdır. Belə olub Qani ondan “102” qaynar xəttinə şikayət etmişdir. Qaninin ondan şikayət etməsini bildikdən sonra Qaninin telefonuna zəng edərək onu söymüş, sonar isə məhlədə də nalayiq ifadələr işlətmişdir. Bütün bunlar içkili olduğundan baş vermişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X1 Cavid Nizami oğlunun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 13.05.2022-ci il tarixdə qonşusu Şəxs onu və ailə üzvlərini dəfələrlə təhqir etməsi və yaşadığı evə daş atması barədə “102”-yə zəng vurmuşdur. Şəxs və o, Qəbələ rayon Mıxlıqovaq kəndindən qonşuluqda yaşayırlar. 13.05.2022-ci il tarixdə təxminən 17:30 radələrində qonşu Cavid hasarın arxasından onu çağırmağa başlamış, lakin onun çağırışlarına məhəl verməmişdir. Daha sonra ona və ailə üzvlərinə nalayiq söyüşlər söyməkdə davam etmişdir. Daha sonra Cavid bir neçə dəfə onun evinə daş atmışdır. Bundan sonra isə onun mobil telefonuna zəng edərək onu təhqir etmişdir. O, Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Qəbələ rayon Polis şöbəsində sahə rəisi vəzifəsində işləyir. 13.05.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qonşusu Şəxs onu təhqir etməsi, evlərinə daş atması və onu və ailə üzvlərini narahat etməsi barədə şikayət ərizəsi icraatına daxil olmuşdur. Bu hadisə ilə əlaqədar 13.05.2022-ci il tarixdə Şəxs dəfələrlə zəng vurmuş, lakin o, telefon zənglərini açmamışdır. 14.05.2022-ci il tarixdə yenidən telefon vasitəsilə Şəxs zəng vurmuş, bu zaman isə ona qarşı telefonda nalayiq ifadələr işlətmişdir. Həmçinin izahat verməyəcəyini, şöbəyə gəlməyəcəyini bildirmişdir. 18.05.2022-ci il tarixdə köməkçisi X4 ilə birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kənd mərkəzinə gələrək Şəxs yanına çağırmışdır. Şəxs onların yanına gələrək uca səslə Zərərçəkmiş şəxs söyməyə başlamışdır. Onu sakitləşdirib Mıxlıqovaq kəndində yerləşən evinin qarşısına gətirmişlər. Həmin vaxt Qani də onlara yaxınlaşmış, Şəxs isə uca səslə Zərərçəkmiş şəxs söyərək təhqir etmişdir. Həmçinin Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək onu vurmaq istəsə də, buna imkan verməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 digər şahid X2 ifadəsinə uyğun izahat verərək, onun göstərdiklərini təsdiq etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, belə ki, Şəxs 18.05.2022-ci il tarixdə saat təxminən 11 radələrində Qəbələ rayonu Mıxlıqovaq kəndinin mərkəzində və yaşadığı ünvanın qarşısında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması, xırda xuliqanlıq etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» 23.03.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərəəhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 19.05.2022-ci il tarixdən saat 16:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 19 may 2022-ci il saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar