Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-192/2022 01.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə, şikayət vermiş şəxs X8 iştirakları ilə X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin ******* nömrəli, 21 aprel 2022-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Şəki regional ərazi şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş ******* nömrəli 21 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ rayon prokurorunun böyük köməkçisi baş ədliyyə müşaviri Süleyman Süleymanovun 04 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, X1 ilə X18 tərəfindən həmin evlərin tikintisi zamanı sonuncuya verilmiş vəsaitin mənimsənilməsi və X5 vəzifəli şəxs olmaqla, vəzifə səlahiyyətlərindən istifadə etməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olması halları təsdiq olunmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda həmin qərarla onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Nəticədə onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Şəki regional ərazi şöbəsi tərəfindən 21 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmiş və 1800 manat cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Şəki regional ərazi şöbəsinin 21 aprel 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə aşağıdakı səbəbdən razılaşmır. Belə ki, Qəbələ rayon prokurorunun böyük köməkçisi baş ədliyyə müşaviri Süleyman Süleymanovun 04 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, izahatında 03.05.2018-ci il tarixdən 2019-cu ilin may ayının 17-dək tikinti işlərinin aparılmasını qeyd etmişdir. Eyni zamanda araşdırma zamanı izahatı alınan digər şəxslər də onun kimi, yəni tikinti işlərinin 2019-cu ilin may ayının 17-dək aparılması barədə izahat vermişlər. Göründüyü kimi inzibati xətanın törədilməsindən artıq 2 ildən çox müddət keçməsinə baxmayaraq, əsassız olaraq barəsində inzibati qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi, onun inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyindən barəsində inzibati qərar qəbul edilməsi yol verilməzdir. Lakin əsassız olaraq barəsində qərar çıxarılaraq 1800 manat cərimə edilmişdir. Bundan əlavə məhkəmənin diqqətinə çatdırır ki, Qəbələ rayon prokurorluğunda aparılmış araşdırma ilə bağlı Qəbələ rayon Polis şöbəsində də araşdırılma aparılmış və 11.11.2019-cu il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Göründüyü kimi Qəbələ RPŞ-də araşdırılma aparılan zamandan onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən digər şəxsləri ev tikintisində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi istintaq orqanına məlum imiş və artıq həmin tarixdən də 1 ildən artıq müddət keçmişdir. Əlavə olaraq onu da qeyd edir ki, onun əməlində İXM-nin 38.2-ci maddəsinin tələbləri baxımından uzanan inzibati xəta yoxdur. Belə ki, 2019-cu ildən artıq sözügedən evlərin tikinti yekunlaşdırılmış və bunun nəticəsidir ki, həmin tarixdən istintaq orqanlarına müraciət olunmuşdur Məhkəmə iclasında iştirak edən şikayət vermiş X18 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X17 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə 13 aprel 2022-ci il tarixdə Qəbələ rayon prokurorluğundan daxil olmuş məktuba və məktuba əlavə edilmiş sənədlərə əsasən X18 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X13 və digərləri Qəbələ şəhərində fərdi ev tikintisində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi müəyyən olunmuşdur. Belə ki, Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin 04.04.2022-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarına əsasən X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə göndərilmişdir. Bununla da, X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X3 Şahin Vahid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1800 manat məbləğində cərimə edilməsini qərara almışdır. Qeyd edilən qərar qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş müddət keçdiyindən şikayət təmin olunmalı, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında ******* nömrəli, 21 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X6 barəsində prokurorun qərarına baxaraq, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1800 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X7 11 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK-1/1247 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Qəbələ rayon prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Süleyman Süleymanovun 04 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X1 ilə X18 tərəfindən həmin evlərin tikintisi zamanı sonuncuya verilmiş vəsaitin mənimsənilməsi və X5 vəzifəli şəxs olmaqla, vəzifə səlahiyyətlərindən istifadə etməsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olması halları təsdiq olunmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. İş materiallarında olan Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin 04.04.2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarından görünür ki, fiziki şəxs X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan X15 ünvanlanmış 13 aprel 2022-ci il tarixli bildirişdən görünür ki, Qəbələ rayon prokurorluğundan X18 barəsində daxil olmuş materiala baxılmasının vaxtı və yeri barədə məlumat verilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinin tələbləri izah edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Qəbələ rayon prokurorunun böyük köməkçisi, baş ədliyyə müşaviri Süleyman Süleymanovun 04 fevral 2022ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Qəbələ rayon prokuroru, baş ədliyyə müşaviri Nazim Babayevin 04.04.2022-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərarına əsasən isə fiziki şəxs X18 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinə göndərilməsi qərara alınmışdır. Bununla da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1800 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda Qəbələ rayon prokurorluğu tərəfindən daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar əsasında X17 Xidmətinin Şəki Regional Ərazi Şöbəsi tərəfindən törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Məhkəmə qeyd edir ki, X18 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X13 və digərləri Qəbələ şəhərində fərdi ev tikintisində işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı Qəbələ rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X7 11 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə aşkar edilmişdir. Belə ki, 11 noyabr 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda izahatı alınan X4 Şahid Vahid oğlunun onu əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yetirilməsinə cəlb etdiyini bildirmişdir. Hazırki halda inzibati xətanın törədilməsi 11 noyabr 2019-cu il tarixə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli qərarından göründüyü kimi, cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir. Göründüyü kimi, X18 tərəfindən inzibati xətanın törədildiyi gündən (11 noyabr 2019-cu il) bir ildən artıq müddət keçmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, Hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin “davam edən hüquqpozuntuları”na və “Uzanan hüquqpozuntuları”na verdiyi anlayışlardan da göründüyü kimi, X8 İXM-in 192.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi davam edən və uzanan hüquqpozuntularına aid deyildir. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X18 tərəfindən inzibati xətanın törədildiyi gündən 1 (bir) ildən artıq müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə ******* nömrəli, 21 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul olunmuş ******* nömrəli, 21 aprel 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərara inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-192/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-192/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver