Məhkəmə qərarları › İş №3(025)-194/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-194/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-194/2022 21.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Göyçay rayonunda anadan olmuş, Göyçay rayonu, Xəlitli kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 00:46 radələrində Qəbələ rayon Polis şöbəsinin inzibati binasının həyətində səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis leytenantı X1 Elşən Ətraf oğlunun Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis leytenantı X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 00:05 radələrində Şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 00:46 radələrində Qəbələ rayon Polis şöbəsinin inzibati binasının həyətində səs-küy salaraq onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Qəbələ şəhərində qeyrirəsmi nikah münasibətilə X7 ilə yaşayır. xx.xx.2022-ci il tarixdə içkili vəziyyətdə yaşadıqları evə getdi. Evdə uşaqları görüb həyat yoldaşını görmədikdə ona zəng edərək evə çağırdı. Həyat yoldaşı ev təmizlik işindən gec gəldiyi üçün əsəbləşdi və aralarında mübahisə yarandı. Bundan sonra o, əlinə balta götürərək onu qorxutmaq məqsədilə baltanı onun başına vuracağını bildirdi. Lakin onu vurmaq niyyəti olmamış, evə gec gəlməməsi üçün qorxutmaq olmuşdur. Buna görə həyat yoldaşı “102” xidmətinə zəng edərək onu öldürmək istəməyi barədə məlumat verdi. Saat təxminən 00:50 radələrində polis əməkdaşları gəldi. Onu və həyat yoldaşını izahatlarını almaq məqsədilə şöbəyə dəvət etdilər. Şöbəyə gəldikdən sonra təhqiqatçı Cavidan Əhmədli həyət yoldaşını izahat almaq məqsədilə otağına apardı. Onu isə digər polis əməkdaşları gözləmək üçün şöbənin arxasına apardılar. Şöbənin arxasında olarkən o, Cavidan adlı təhqiqatçının həyat yoldaşı ilə kobud şəkildə danışdığını eşitdi. O, bundan əsəbləşərək polis əməkdaşlarından su və siqaret istədi. Bu zaman Rəşad adlı sürücü polis əməkdaşı ona qarşı nalayiq ifadə işlətdi və ona qarşı fiziki zor tətbiq etdi. Lakin o, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. O, həm içkili vəziyyətdə olmağına görə həm də əsəbi olmağına görə onu sakitləşdirməyə çalışdılar və onu əl üzünü yumaq üçün su olan yerə apardılar. Bundan sonra içkili olmağını yoxlamaq üçün onu Qəbələ RMX-ya apardılar. Yenidən şöbəyə qayıtdılar və Təhqiqatçı Cavidan ondan izahat almaq istədi. O, izahat verməkdən imtina etdi və həyat yoldaşını götürüb evə getdi. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, 2012-ci ildən DİO-da, 2017-ci il tarixdən isə Qəbələ RPŞ-də xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrinə kimi ƏİQnin tərkibində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00:46 radələrində Qəbələ şəhər sakini X7 AR DİN-in 102 xidmətinə zəng edərək əri X6 onu öldürməklə hədələdiyi barədə verdiyi məlumat əsasında növbətçi sürücü Rəşad Qədirov ilə birlikdə Nigar Zamanovanın ünvanında oldular. Sonuncu və X15 şöbəsinə gətirildilər. Elşən Saidov sərxoş vəziyyətdə olduğundan onu inzibati binanın həyətində saxladılar. O isə xidməti otağında Nigar Zamanovadan izahat və ərizə almağa başladı. O ərizə və izahat aldığı zaman həyətdən Elşən Saidov ucadab nalayiq ifadələr işlətməyə başladı, rəşad qədirov və Vüqar Eyvazov onu sakitləşdirməyə çalışsalar da, o nuna məhəl qoymayaraq hərəkətlərinə davm etdi. Səsə polis nəfəri Sübhan Zamanlı və Əli Ramazanov gəldilər. Onu sakitləşdirməyə çalışdılar. O Nigar Zamanovdan ərizə və izahat aldıqdan sonra Elşən Saidovun yanına getdi. Növbətçi hissənin xidməti avtomobili ilə sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün onu xəstəxanaya apardılar. Daha sonra Elşəni onun xidməti otağına gətirdilər. O, izahat verməkdən imtina etdi və bu barədə müvafiq protokol tərtib edildi. Məhkəmə iclasında şahid X8 şahid X2 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 102 xidmətinə zəng edərək əri X6 onu öldürməklə hədələdiyi barədə şikayət etdi. Polis əməkdaşları onların evinə gəldilər və onları Polis şöbəsinə apardılar. Cavidan müəllim ondan izahat aldı, Elşəni isə arxa həyətə apardılar. Bir müddət sonra Elşən uca səslə nalayiq ifadələr işlətməyə başladı. O polis əməkdaşlarına bildirdi ki, Elşəni döyməsinlər, yazıqdı. Elşən izahat verməkdən imtina etdi və daha sonra onlar evə getdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 iyun 2022-ci il tarixdən saat 12:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar