Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-2/2025 30.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, AR DİN Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Bakı şəhəri, Qaraçuxur qəs.N.İsmayılov küçəsi ev 69 A-da yaşayan Şəxs barəsində AR İXM-nin 327.6 və 343.1-ci maddələri ilə olan «inzibati xəta haqqında» xx.xx.2024-cü il il tarixli İXP ******* nömrəli protokol üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü AR İXM-nin 327.6 və 343.1-ci maddələri ilə «inzibati xəta haqqında» xx.xx.2024-cü il il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 10:56 radələrində idarə etdiyi «KİA OPTİMA Minik» markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşınla Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən baş vermiş yol nəqliyyat hadisəsi yerindən yayınmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. AR DİN Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X5 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 10:56 radələrində xidmətdə olarkən Qəbələ şəhəri, H.Əliyev prospektində “LADA NİVA LEGEND Minik” markalı ** YU *** dövlət nömrə nişanlı avtomobillə «KİA OPTİMA Minik» markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəini müşahidə edib YPX avtomobili ilə hadisə yerinə gəlmişdir. «KİA OPTİMA Minik» markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü onların yaxınlaşdığını görərək dayandığı yerdən hərəkətə davam edərək yol nəqliyyat hadisəsi yerindən uzaqlaşmışdır. Həmin nəqliyyat vasitəsi təqib olunaraq saxlanmış və hadisə yerinə qaytarılmışdır. Sürücünün təqdim etdiyi sənədlərdən Şəxs olması müəyyən edilmiş, nəfəsindən spirt qoxusu gəldiyi üçün onun alkotestr aparatı vasitəsilə sərxoşluq vəziyyətinin müəyyən edilməsinə cəhd edilmiş, lakin sürücü həmin vasitə ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsinə etiraz edərək tibbi müayinəyə göndərilməsini tələb etdiyi üçün Qəbələ RMX-na aparılıb həkim-narkoloqa təqdim edilmişdir. Lakin Şəxs tibbi müayinədən keçirilmə barədə tələbindən imtina etdiyi üçün ondan qan nümunəsi götürülməmiş və barəsində xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasi üçün məhkəməyə göndərilmişdir. Şəxs izahatında göstərmişdir ki, o, turizm şirkətində sürücü-bələdçi vəzifəsində işləyir və xx.xx.2024-cü il tarixdə turistlərlə birlikdə Qəbələ şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10-56 radələrində idarə etdiyi «KİA OPTİMA Minik » markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşınla Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış və həmin anda arxadan gələn “LADA NİVA LEGEND Minik” markalı ** YU *** dövlət nömrə nişanlı avtomobillə vurulmuşdur. Zərbənin təsirindən bir anlıq özünü itirmiş və hərəkəti davam etdirərək avtomobili irəlidə saxlamışdır. Heç vaxt spirtli içki qəbul etmədiyindən və həmin vaxt yol hərəkəti qaydalarını pozmadığından yol nəqliyyat hadisəsi yerindən yayınması üçün heç bir əsas olmamış və yayınmaya yol verməmişdir. İnspektorun yol nəqliyyat hadisəsi törətmiş şəxs barəsində deyil, heç bir pozuntuya yol vermədiyi halda onun barəsində araşdırma aparmasından şübhələnərək alkotestr aparatı vasitəsilə sərxoşluq vəziyyətinin müəyyən edilməsinə etiraz edib tibbi müayinəyə göndərilməsini tələb etmişdir. xx.xx.2025-ci il tarixdə saat 00-34 radələrində o, tibbi müayinədən keçməkdən ötrü Qəbələ RMX-na gətirilmiş, lakin inspektor tibbi müayinəni təşkil etmək səlahiyyəti olmadığını bildirərək onu həkim-narkoloqa təqdim etməmişdir. Ona görə də, barəsində AR İXM-nin 327.6 və 343.1-ci maddələri ilə olan «inzibati xəta haqqında» xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol qanunsuzdur. İşdə olan Qəbələ RMX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 239 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın surətinə əsasən saat 00:34 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsinə təqdim edilmiş Şəxs tibbi müayinədən imtina etmişdir. İşdə olan CD diskində qeyd olunanlara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 00:34 radələrində sərxoşluq vəziyyətinin müəyyən edilməsindən ötrü Qəbələ RMX-na gətirildikdən sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədi ilə alkotestr aparatı vasitəsilə müayinədən və tibbi müayinə tələbindən imtina etmişdir. AR İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. AR NK-nin xx.xx.2014-cü il tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi QAYDALARİ-nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə həyata keçirilir. Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Qaydaların 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:56 radələrində idarə etdiyi «KİA OPTİMA Minik» markalı ** AT *** dövlət nömrə nişanlı avtomaşınla Qəbələ şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən arxadan gələn “LADA NİVA LEGEND Minik” markalı ** YU *** dövlət nömrə nişanlı avtomobillə toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə əlaqədar saxlanılmışdır. O, yol nəqliyyat hadisəsi yerindən yayınmamış, nəfəsindən alkoqollu içki qoxusu gəlməsi ilə əlaqədar sərxoşluq vəziyyətinin xüsusi texniki vasitə ilə müəyyən edilməsinə etiraz edərək tibbi müayinə tələb etmiş və xx.xx.2025-ci il tarixdə, saat 00:34 radələrində tibbi müayinədən ötrü tibb müəssisəsinə aparıldıqdan sonra tibbi müayinə təşəbbüsündən imtina etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəlləənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri barəsində tərtib edilmiş «inzibati xəta haqqında» xx.xx.2024-cü il il tarixli İXP ******* nömrəli protokol, Qəbələ RMX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 239 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı” və CD diskində qeydə alınmış məlumatlarla təsdiq olunur. xx.xx.2024-cü il il tarixli İXP ******* nömrəli «inzibati xəta haqqında» protokolda inzibati xətanın törədildiyi vaxt (xx.xx.2024-cü il, saat 10:56) düzgün göstərilmiş, lakin “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”nın xx.xx.2024-cü il tarixə tərtib edilməsi səhv olmuşdur. Belə ki, Şəxs yol nəqliyyat hadisəsi baş verdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə, saat 00-34 radələrində tibbi müayinədən ötrü tibb müəssisəsinə aparıldığından (özünün izahatı ilə təsdiq olunur) xx.xx.2025-ci il tarixdə, saat 00:34 radələrində tibbi müayinəyə təqdim oluna bilməzdi. Qeyd olunan məsələ mübahisə doğurmur və aşkar edilən inzibati xətanın araşdırma tələb edən baş vermə halları (törədildiyi yer, vaxt və mahiyyəti) ilə deyil, texniki tərəfi ilə əlaqədardır. Ona görə də, Şəxs AR İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalı və barəsində AR İXM-nin 327.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi xətanın xarakterini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400,0 (dörd yüz) manat cərimə edilsin Qərarın icrası Bakı şəhəri, Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-2/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-2/2025
30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver