Məhkəmə qərarları › İş №3(025)-200/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-200/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-200/2023 01.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi , Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1962-ci il iyulun 25-də Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Qəbələ Rayon Məhkəməsinin 3(025)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavədən görünür ki, borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin 3(025)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən 3000 manat cəriməni dövlət nəfinə ödəməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə “Elektron İcra” sistemi vasitəsi ilə axtarış edilmiş, borclunun adına hər-hansı əmlak aşkar edilməmişdir. Borcludan xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində izahatlar alınmış, borcludan inzibati cərimənin ödənilməsi tələb olunmuş, borclu izahatında işləmədiyini, cəriməni maddi imkansızlığından ödəyə bilmədiyini, cəriməni 2 il ərzində hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Nəticədə borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilərək izahatında icra sənədi üzrə tələbi işləmədiyindən və maddi vəziyyəti ağır olduğundan yerinə yetirə bilmədiyini göstərdi. Bildirdi ki, hazırda 3000 manat cərimə cəzasını ödəməyə imkanı çatmır. Həmin məbləği yalnız hiss-hissə gələcəkdə ödəyə bilər. Məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, icra sənədi üzrə borcu icra etməmiş, icra sənədinin icrasından qərəzli yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron İcra” sistemi vasitəsi ilə sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesabları aşkar edilməmişdir. Bununla da borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Qeyd edilənlərlə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesində borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Qəbələ Rayon Məhkəməsinin 3(025)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs barəsində 3000 manat miqdarında cərimə növlü tənbeh tətbiq edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 3(025)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Həmçinin, icra məmuru tərəfindən məhkəməyə təqdim olunmuş icra işindən göründüyü kimi, borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə “Elektron İcra” sistemi vasitəsi ilə sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar və yaxud daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 529.2ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə, Şəxs əməlini etiraf edib peşiman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyətini yüngülləşdirən halı və işin digər hallarını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 145.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) ay müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 may 2023-cü il saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qəbələ Rayon Məhkəməsinin 3(025)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vəsitəsilə və ya bilavəsitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar