Məhkəmə qərarları › İş №3(025)-206/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-206/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-206/2022 10.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov 19 may 2022-ci il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə EP ******* nömrəli protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 399627 ABŞ dolları məbləğində olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq, 399627 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-ə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə nümayəndəsi gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən tərtib edilmiş 19 may 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin 751 saylı məktubuna əlavə edilmiş siyahıdan görünür ki, Şəxs MMC 399627 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 14 may 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 399627 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərinin göstərilməsini təsdiq edən sənədi banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xarıcdən geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X2 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyəti və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 390, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi – 119888,1 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar