Məhkəmə qərarları › İş №3(025)-208/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-208/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-208/2021 15.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzbati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1969-cu il sentyabrın 01-də Qəbələ rayonu Çuxur Qəbələ kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru T.A.Həsənquliyevin tərtib etdiyi xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Qəbələ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X4 və Şəxs iddiaçıya məxsus nişan üzüyü – bir ədəd, boyunbağı – bir ədəd, kulon – bir ədəd, sırğa - bir cüt, qolbağı – bir ədəd, bəzək üzüyü – iki ədəd, kostyum (yupka, kofta) – bir dəst, qırmızı kofta (adi) – bir ədəd, ağ kofta – bir ədəd, don – bir ədəd, süd rəngində ayaqqabı – bir cüt , qara ayaqqabı – bir cüt, qara çəkmə - bir ədəd və qara çanta – bir ədəd alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borclulara bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluların əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi tam təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, borclu Şəxs yaşadığı ünvan ünvan 1 Sonradan məlum olmuşdur ki, borclu Şəxs və onun oğlu X8 şəhərində kirayədə yaşayırlar. Onların kirayədə yaşadığı evdə olmuşlar və tələbkara məxsus icra sənədində göstərilən geyimlər aşkar olunaraq Zərərçəkmiş şəxs verilmişdir. Həmçinin evə baxış keçirilmiş, lakin icra sənədində göstərilən qızıl-zinət əşyaları müəyyən olunmamışdır. Borclu Şəxs, eyni zamanda onun oğlu olan digər borclu X7 qızıl-zinət əşyalarının onlarda olmaması səbəbindən təqdim etməyəcəkləri bildirmişlər. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs isə qızıl-zinət əşyalarının qaytarılmasını tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, qızıl-zinət əşyaları Zərərçəkmiş şəxs özündədir. Əgər qızıl-zinət əşyaları onda olsaydı, həmin əşyaları qaytarardı. Həmçinin Qəbələ Rayon Məhkəməsinin qətnaməsindən narazı qalsa da, qətnamədən şikayət etməmişdir. Qızıl-zinət əşyaları onlarda deyil və bu səbəbdən geri qaytarmayacaqdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil bürosunun vəkili Vəkil Şəxs qadın olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, borclu Şəxs dedikləri həqiqəti əks etdirmir. Çünki hazırkı mübahisə ilə məhkəmədə işə baxılarkən Şəxs qızıl-zinət əşyalarının onda olmamasını deyil, toyda taxılan qızılların ona məxsus olduğunu, həmin qızılları ona mərhum həyat yoldaşının aldığını və qızıl almağa imkanı olmadığı üçün onun qızıllarını toyda taxdığını bildirmişdir. Göründüyü kimi Şəxs dedikləri həqiqəti əks etdirmir və yalandan danışır. Qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb edir. Məhkəmədən bunların nəzərə alınmasını, Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş edir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdehlər X4 və Şəxs iddiaçıya məxsus nişan üzüyü – bir ədəd, boyunbağı – bir ədəd, kulon – bir ədəd, sırğa - bir cüt, qolbağı – bir ədəd, bəzək üzüyü – iki ədəd, kostyum (yupka, kofta) – bir dəst, qırmızı kofta (adi) – bir ədəd, ağ kofta – bir ədəd, don – bir ədəd, süd rəngində ayaqqabı – bir cüt , qara ayaqqabı – bir cüt, qara çəkmə - bir ədəd və qara çanta – bir ədəd alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında maddi imkanı zəif olduğundan borcunu ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, qızıl-zinət əşyalarının onda olmaması barədə Şəxs dəlilləri qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun halhazırda qızıl-zinət əşyalarının onda olmaması barədə dəlili onu öhdəliyindən azad etmir. Bundan əlavə Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 nömrəli, xx xxxxxx 2020ci il tarixli qətnaməsindəki izahatından da görünür ki, o, qızıl-zinət əşyalarının onda olmamasını deyil, həmin qızıl-zinət əşyalarının ona məxsus olduğunu, bu səbəbdən qızılları qaytarmayacağını bildirmişdir. Göstərilən xüsusatlar Şəxs icra sənədində göstərilən qızıl-zinət əşyalarının onda olmamasına yox, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş öhdəliyinə səhlənkar yanaşmasına və qızıl-zinət əşyalarını qərəzli olaraq qaytarmamasına dəlalət edir. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır və Şəxs həmin qətnamədən şikayət verməmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs icra sənədinin icrasını təmin etmədiyini, şəxsiyyətini, yaşını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar