Məhkəmə qərarları › İş №3(025)-209/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-209/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-209/2021 15.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri, Z.Əliyeva prospektində yerləşən çay evində qəlyandan istifadə edib karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov məhkəmə iclasında protokola uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri, Z.Əliyeva prospektində yerləşən çay evində qəlyandan istifadə edərək karantin rejimi qaydalarını pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində futbola baxmaq məqsədi ilə işlətdiyi çayxanaya gəlmişdir. Çayxanaya sonradan futbola baxmaq üçün Qəbələ şəhər sakinləri Nicat, İbrahim, Cəlal, Akif də gəldilər. Çayxanada olan zaman qəlyan çəkmişdir. Orada olan digər şəxslər isə qəlyandan istifadə etməmişdirlər. Təxminən 20 dəqiqəyə yaxın qəlyandan istifadə etmişdir. İctimai iaşə obyektində karantin dövründə qəlyandan istifadə qaydalrı haqqında məlumatı olmayıb. İşləməyən obyektə özünün qəlyan çəkməyə icazəsinin olmadığını bilməmişdir. Polis əməkdaşları karantin rejiminin pozulması ilə əlqədar onu və digər şəxsləri polis şöbəsinə apardı. Karantin rejimi qaydalarını pozduğuna görə əməlindən peşmandır. Son olaraq bir daha qayda pozuntusuna yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbəh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Qəbələ şəhər Z.Əliyeva prospektində karantin rejimi qaydalarına riayət edilməsi ilə əlaqədar reyd keçirilən zaman Qəbələ şəhər Z.Əliyeva prospektində əvvəllər Ramin adlı şəxs tərəfindən işlədilən və hal-hazırda işləməyən çay evinə yaxınlaşdılar və bir neçə nəfərin orada əyləşərək televizora baxdıqları, ortada çay və qəlyan olduğunu gördülər. Qapı bağlı olduğu üçün həmin şəxslərin olduğu yerə yaxınlaşa bilmədilər. Bu səbəbdən video çəkiliş başladaraq aynanı döyüb həmin şəxslərdən qapını açmalarını tələb etdilər. Ramin əlindəki qəlyanı söndürdükdən sonra qapını açdı və o digər polis əməkdaşı Məsim ilə birlikdə çay evinə daxil oldu. Obyektin içərisini və orada olan şəxsləri video görüntüyə aldılar. Daha sonra şəhərdə xidmət aparan PPX-ni oraya dəvət edib həmin şəxsləri Qəbələ RPŞ-yə gətirmişdirlər. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün rəhbərliyə raportla məruzə etdilər. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 22:00 radələrində Qəbələ şəhər Z.Əliyeva parkında yerləşən Raminin işlətdiyi kafeyə getmişdir. Həmin vaxt orada o və çay evini işlədən Ramin var idi. Bir müddət sonra əvvəlcədən tanıdığı Akif, Cəlal və İbrahim də çay evinə gəldilər. İaşə müəssisəsində olan vaxt oranı işlədən Ramin qəlyandan istifadə etmişdirr. Məhkəmə iş materiallarını nəzərdən keçirirərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsi iş materialları və barəsində inzibati icraat aparılan şəxsin öz izahatı ilə təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında xx xxxx 2020-ci il tarixli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə bir sıra məhdudiyyətləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2021-ci il tarixli 72 nömrəli Qərarı ilə Yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2021-ci il 1 iyun saat 06:00-dək uzadılmışdır. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 iyul tarixli 120 nömrəli Qərarına əsasən Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmışdır. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyriyoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu xəstəliklərin immunoprofilaktikası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Yoluxucu, parazitar, kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Göründüyü kimi Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri, Z.Əliyeva prospektində yerləşən çay evində karantin rejimi dövründə qəlyandan istifadə edərək epidemiya əleyhinə rejimlərin sanitariya-gigiyena və karantin rejimləri qaydalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsnın xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, Qəbələ şəhəri, Z.Əliyeva prospektində yerləşən çay evində qəlyandan istifadə etməsi iş materialları ilə və onun öz etirafı ilə sübut olunur. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ailə vəziyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 17:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar