Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-214/2023 04.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1991-ci il yanvarın 18-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ şəhəri, X8 küçəsi, ev 29, mənzil 4 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 may 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, N.Nərimanov küçəsində yaşayan Zərərçəkmiş şəxs evinin zirzəmisindən 2 ədəd 90 manat dəyərində samovar oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 03 may 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, N.Nərimanov küçəsində yaşayan Zərərçəkmiş şəxs evinin zirzəmisindən 2 ədəd 90 manat dəyərində samovar oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, müharibə iştirakçısıdır. Müharibədən gələndən sonra hər gün spirtli içki qəbul edir. Spirtli içki içdikdən sonra isə nə etdiyindən adətən xəbəri olmur. Zərərçəkmiş şəxs məxsus ev onların evlərinin yolunda yerləşir. xx.xx.2023-cü il tarixdə evə gedən zaman Zərərçəkmiş şəxs məxsus evə daxil olmuş, həmin evin zirzəmisinə daxil olaraq oradan 2 ədəd samovar götürmüşdür. Daha sonra onda anasından qalan 2 ədəd samavor olmasını, həmin samovarları satmaq istədiyini Zaur Məmmədov adlı tanışına bildirmişdir. Zaur isə onun Kamran adlı tanışı olduğunu demiş və samovarları satmaq üçün ona aparmışlar. X3 satmışlar və ümumilikdə sonuncu onlara 2 samovarın əvəzində 110 manat pul vermişdir. O isə həmin puldan 10 manatını Zaur Məmmədova taksi xidməti ilə əlaqədar qaytarmışdır. Törətdiyi əməldən peşmandır. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində oğlu Akif işə getmişdir. Səhər saat təxminən 07 radələrindən sonra yuxudan qalxaraq həyətə çıxmaq istəyən zaman pəncərinin qarşısında ayaq izləri olan palçıqlar görmüş, dərhal izlərin dalınca yuxarı qalxmışdır. Bu zaman 2 ədəd samovarının və drelin oğurlandığını görmüşdür. Belə olub Qəbələ rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurlanan əşyaların dəyərinin 90 manat olması barədə o heç nə yazmamışdır. O qiyməti haradan götürüblər bilmir. Şəxs şikayətçidir və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat səhər 10 radələrində Şəxs ona anasından qalan 2 ədəd samovar satmaq istədiyini və ona köməlik etməyini xahiş etmişdir. Həmçinin samovar satılandan sonra ona pul verəcəyini də bildirmişdir. Belə olub Şəxsla birliklə samovarları Kamran Nəbiyev adlı şəxsə ikisin 110 manata satmışlar. Bundan sonra Şəxs ona 10 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zaur Məmmədov ona satmaq üçün 2 samovar gətirmişdir. 2 samovara görə Zaur Məmmədova 110 manat pul vermiş, lakin Şəxs orada görməmişdir. Polis şöbəsindən ona tapşırıq olduğundan daha sonra 2 samovar alması barədə şöbəyə məlumat vermişdir. Məlum olmuşdur ki, onun aldığı samovarlar oğurluqdur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, eyni zamanda inzibati xəta haqqında işdə oğurluq cinayətinin əlamətləri olduğundan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, toplanmış materiallar isə prokurora göndərilməlidir. Belə ki, məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin, o cümlədən şahidlərin izahatlarından görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarda göstərildiyi kimi 2 ədəd samovarın dəyəri 90 manat deyil, 110 manat olmuşdur. Halbuki Şəxs oğurluq əməlini zirzəmiyə qanunsuz daxil olmaqla törətmişdir ki, bu halda da onun əməlinin cinayət hesab edilməsi üçün oğurladığı samovarların dəyərinin 100 manatdan artıq olması kifayətdir. Təhqiqatçı isə rədd qərarında 2 ədəd samovarın dəyərinin hansı əsaslarla 90 manat olmasını araşdırmamış, yalnız zərərçəkmiş şəxsin ifadəsinə və öz formal mülahizələrinə əsasən bu nəticəyə gəlmişdir. Ümumiyyətlə samovarlarının dəyərinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsinə təşəbbüs göstərməmişdir. Nəticədə Şəxs oğurladığı samovarların qiymətinin 100 manatı aşmaq ehtimalı olduğu, bu zaman isə onun CM-nin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması ehtimalı vardır. Bütün bu hallar araşdırılmadan Şəxs hazırkı halda Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi isə mümkün deyildir. Göründüyü kimi, təhqiqatçı rədd qərarında 2 ədəd samovarın dəyərinin 90 manat olduğunu qeyd etsə də, bu qiymətləndirməni necə etməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı oğurlanan əşyaları X1 Şəxs deyil, X7 olması faktı araşdırılmamış, sonuncunun əməlinə hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddəyə verilmiş «Qeyd»ə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Bundan başqa, Plenumun həmin Qərarında göstərilir ki, “talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər». «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 07 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus, ünvan 2 ünvanında yerləşən evin zirzəmisindən 2 ədəd samovarı gizli yolla talayaraq oğurluq etmişdir. Göründüyü kimi Şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar vardır. Bunun üçün ilk olaraq 2 ədəd samovarın dəyərinin müəyyən edilməsidir ki, təhqiqatçı tərəfindən bu hal araşdırılmamışdır. Eyni zamanda məhkəmə o halı da nəzərə alır ki, Şəxs və şahid X7 2 ədəd samovarı birlikdə satdıqlarını qeyd etsələr də, Zaur Məmmədovun əməlinə də təhqiqatçı tərəfindən münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikası İXM-in 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən xırda talama kimi hərəkətlər edilmədiyindən onun İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin baş vermiş oğurluq hadisəsi, zərərçəkmişə vurulmuş zərərin ehtima olunan həcmi, oğurluğun cinayət xarakaterli olmasını ehtiva edir, bu səbəbdən də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, material yenidən araşdırılması üçün prokurora göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.2.3, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmədiyindən, barəsində tərtib edilmiş MN ******* nömrəli, 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan, iş üzrə materiallar Qəbələ Rayon prokuroruna göndərilsin. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-214/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-214/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver