Məhkəmə qərarları › İş №3(025)-223/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-223/2023

15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-223/2023 15.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1986-ci il fevralın 14-də Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 may 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Tikanlı kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 15 may 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Tikanlı kəndində Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyərək onlara dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 5 ay əvvəl arvadı Zərərçəkmiş şəxs1 heç bir səbəb olmadan yaşadıqları evdən çıxaraq atası ilə birgə atasına məxsus evə, yəni Qəbələ rayon Tikanlı kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə bayram münasibəti və yoldaşı ilə barışıq üçün 7 yaşlı oğlu ilə birgə atası Faiq Xəlilov, bacısı Gülər Məmmədyarova və gəlinləri Nüşabə Xəlilova ilə birlikdə Qəbələ rayon Tikanlı kəndinə qaynatası Abid Həmidova məxsus həyətə getmişlər. Qaynanası Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs1 onları yaşadıqları evə dəvət etmişlər. Evdə əyləşərək söbbət edən zaman arvadı Zərərçəkmiş şəxs1 azyaşlı uşaqlarını götürərək evdən çıxmış, həyətdən çıxıb getmək istədikdə atası Faiq onun qarşısını kəsmiş və uşaqları hara apardığını soruşduqda Zərərçəkmiş şəxs2 evin içərisində olan ağac parçasını götürərək bir neçə dəfə atasının başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşdur. Qardaşı arvadı Nüşabə Xəlilova onları ayırmaq istəyərkən onuda boğmaq istəmişdir. Ozü isə arvadı uşaqları aparmasın deyə 7 yaşlı oğlunu özünə məxsus avtomobilinə mindirmişdir. DİNin "102" xidmətinə zəng edərək məlumat vermiş, oradan uzaqlaşaraq getmək istədikdə Zərərçəkmiş şəxs2 avtomobilimə yaxınlaşmış, həyətdən əlinə götürdüyü lapatka ilə avtomobilinin sol arxa qapısına vuraraq qapını əzmişdir. O isə dərhal oradan uzaqlaşaraq getmişdir. Münaqişə zamanı Zərərçəkmiş şəxs2 ona və atasına qarşı fiziki zor tətbiq etmişdir, lakin o nə qaynanası Zərərçəkmiş şəxs2, nə də arvadı Zərərçəkmiş şəxs1 qarşı hər hansı formada fiziki zor tətbiq etməmiş və onların bu barədə verdikləri məlumatlar tamamilə yalandır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, təxminən 5 ay əvvəl yoldaşı ilə tez-tez olan münaqişələr səbəbindən yaşadıqları evdən çıxaraq atası ilə birgə və iki azyaşlı oğlu və qızını götürərək atasına məxsus evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Şəxs, Faiq Xəlilov, Gülər və Nüşabə adlı şəxslər onların yaşadıqları həyətə gəlmiş, qızını aparmaq istədiklərini deyərək birlikdə evə girmişlər. Çay içərək söhbət edən zaman Şəxs onlarla yaşayan azyaşlı oğlunları Naili onun əlindən alaraq evdən çıxmıdır. O isə oğlunu hara apardığını Şəxs soruşduqda üzərinə gəlmiş, iki qolundan tutaraq divara çırpmışdır. Onun anası isə bir dəfə təpiklə və bir dəfə də yumruqla qarın və bel nahiyyəsindən vurmuşdur. Münaqişəni eşidən atası Abid Həmidov yaşadıqları evə gəlmiş və onları ayırmışdır. Şəxs həyətdən çıxdıqda onun arxasınca çıxmışlar. Şəxs avtomobilini arxa istiqamətdə idarə edən zaman isə avtomobil Faiq Xəlilova dəymiş, Faiq Xəlilov da arxaya gəldikdə ona dəyərək yerə yıxılmış və Faiq Xəlilov və ailə üzvləri onlardan uzaqlaşaraq getmişlər. Münaqişə zamanı Şəxs ona və anasına qarşı fiziki zor tətbiq etmişdir, lakin, Şəxs və Faiq Xəlilovaya qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. Hal-hazırda həmin şəxslə barışmamışlar və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyirlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, təxminən 5 ay əvvəl qızı Zərərçəkmiş şəxs1 yaşadıqları münaqişələr səbəbindən yaşadıqları evdən çıxaraq ona məxsus evə gəlmiş və onunla birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 17:00 radələrində Şəxs, Faiq Xəlilov, Gülər və Nüşabə adlı şəxslər onların yaşadıqları həyətə gəlmiş, qızını aparmaq istədiklərini deyərək birlikdə evə girmişlər. Çay içərək söhbət edən zaman Şəxs onlarla yaşayan azyaşlı oğlu Naili qızı Bəsdinin əlindən alaraq evdən çıxmış, o isə nəvəsini hara apardığını Şəxs soruşduqda bütün səbəbkarının o olduğumu deyərək üzərinə gəlmişdir. Bir dəfə təpiklə və bir dəfə də yumruqla qarın və bel nahiyyəsindən vurmuş, bir neçə addım geriye getmiş və döşəmənin üzərinə yıxılmışdır. Həmin vaxt qızı Zərərçəkmiş şəxs1 əri Şəxs yaxınlaşaraq onu sakitləşdirmək istədikdə Şəxs qızını iki qolundan tutaraq divara çırpmış və qızı Zərərçəkmiş şəxs1 yerə yıxılmışdır. Münaqişəni eşidən əri Abid Həmidov yaşadıqları evə gəlmiş və onları ayırmışdır. Şəxs həyətdən çıxdıqda onun arxasınca çıxmışdır. Şəxs avtomobilini arxa istiqamətdə idarə edən zaman isə avtomobil Faiq Xəlilova dəymiş, Faiq Xəlilov da arxaya gəldikdə ona dəyərək yerə yıxılmış və Faiq Xəlilov və ailə üzvləri onlardan uzaqlaşaraq getmişlər. Münaqişə zamanı Şəxs ona və qızına qarşı fiziki zor tətbiq etmişdir, lakin o, Şəxs və Faiq Xəlilovaya qarşı hər hansı formada fiziki zor tətbiq etməmişdir. Hal-hazırda həmin şəxslə barışmamışlar və həmin şəxs barəsində qanuni tədbir görülməsini istəyirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 95 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol bazunun bayır yuxarı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 20 mart 2023-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 94 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində qarının sağ aşağı qalça darağı nahiyyəsinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni 20 mart 2023-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 aprel 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/355 və HK-1/357 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, eləcə də tərəflər arasında mövcud olan ailə hüquq münasibətlərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar