Məhkəmə qərarları › İş №3(025)-225/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-225/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-225/2025 21.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X2 DİN-nin DYPİ-nin V Tağım inspektoru, polis baş serjantı X1 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 02 may 2025-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 DİN-nin DYPİ-nin V Tağım inspektoru, polis baş serjantı X1 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 02 may 2025-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair DİN-nin DYPİ-nin V tağım YPX inspektoru polis baş serjantı Rəşad Ramazanov tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN-nin DYPİ-nin V tağım YPX inspektoru polis baş serjantı Rəşad Ramazanov tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərarla razı deyil. Qərarda istinad edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Yevlax- Zaqatala-Gürcüstan yolu istiqamətində idarə etdiyi İSUZU 75KD yük markalı, 99JP472 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Buraxılış kartı olmadan yük daşıdığına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə 50 manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, qeyd edilən qərar əsassızdır. Belə ki, o, rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Həmin şirkət özünə məxsus mağazalarda və anbarlarda olan məhsulların regionlarda olan anbar və mağazalarına çatdırılmasını özünə məxsus nəqliyyat vasitələri ilə həyata keçirir. Yəni, işlədiyi şirkət sahibkarlıq fəaliyyəti kimi sifarişli yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxs deyildir. Həmin şirkət sifarişli yük daşıma fəaliyyəti ilə məşğul olmadığından, buraxılış vəsiqəsi almadığından, o da, idarə etdiyi yük maşınına görə buraxılış kartı əldə etməli deyildir. Həmin buraxılış kartı müvafiq qanunlara əsasən yalnız və yalnız sifarişli yük daşıma fəaliyyəti ilə məşğul olan və bu fəaliyyətinə görə vergi ödəyən hüquqi şəxslərin işçilərinə şamil edilir. İşlədiyi şirkətin mülkiyyətində olan məhsulların bir mağazadan digərinə və ya anbardan mağazaya çatdırılması hər hansı bir haqq müqabilində, daşıma müqaviləsi və ya sifariş əsasında, sifarişli şəkildə həyata keçirilmir, eləcə də bu fəaliyyətləri heç bir halda yük daşıma fəaliyyəti deyildir. Qeyd edilən məsləni YPX-nin əməkdaşına bir neçə dəfə izah etməyə çalışsa da, onu başa düşməmişdir. Bundan başqa bu formada cərimə yazılması hallarına yalnız regionlarda rast gəlinir, Bakı şəhərində YPX-nin əməkdaşları bundan məlumatlı olduqları üçün bu formada yük maşını idarə edən işçilərə cərimə yazılmır. Göründüyü kimi 32-ci bənd sırf beynəlxalq yük daşımalarına, 34-cü bənd isə sərnişin daşımalarına verilən icazələrdir. 33-cü bənddə göstərilən yük daşımalar isə sifarişli daşımalardır, yəni daşımanı sifariş edən və haqqı ödəyən tərəf (sifarişçi) və daşıyıcı tərəf mövcud olmalıdır. İşlədiyi "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə isə şirkətin öz anbarları, mağazaları arasında mal çatdırılması həyata keçirilir, yəni sifarişçi, haqq ödəyən tərəf yoxdur. Çalışdığı şirkətin nəqliyyat vasitələri sırf özünəməxsus, təsərrüfat ehtiyacları üçün yükləri daşıdığından, həmçinin, həmin nəqliyyat vasitələri şirkətin öz işçiləri tərəfindən idarə edildiyindən, həmin münasibətlərdə sifarişli daşımadan, daşıyıcı və sifarişdən söhbət gedə bilməz. Belə olan halda, şirkətin buraxılış vəsiqəsi almaq, onun da buraxılış kartı əldə etmək kimi öhdəliyi yoxdur. İstinad edilən qanunvericilik normalarına əsasən də müəyyən edilir ki, İXM-nin 324.4-cü maddəsində təsbit edilmiş "Buraxılış kartı olmadan yük daşıma" inzibati xətası yalnız və yalnız sifarişli yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə, eləcə də bu sahədə fəaliyyət göstərən fiziki şəxs fərdi sahibklarlara münasibətdə, onların işçisi olan sürücülər üçün inzibati məsuliyyət yaradır, yalnız həmin şəxslər qeyd edilən maddə ilə nəzərdə tutulan inzibati xətanın subyekti ola bilərlər. Qeyd edilən məsələ ilə bağlı, yəni işlədiyi şirkətin yük daşıma fəaliyyəti ilə məşğul olmamasını təsdiq edən, xeyirlərinə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin eynən inzibati xəta haqqında iş üzrə qanuni qüvvəyə minmiş qərarı mövcuddur ki, həmin qərar, eyni zamanda, işə dair digər dəlillər, əmək müqaviləsi də məhkəmə iclasında təqdim ediləcəkdir. Qeyd edilənlərə əsasən hesab edir ki, onun əməlində inzibati xəta tərkibi olmadığından İXM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, şikayət verən şəxs X4 və inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə DİN-nin DYPİ-nin V Tağımının nümayəndəsinin və şikayət verən şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, DİN-nin DYPİ-nin V Tağım inspektoru, polis baş serjantı X1 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 02 may 2025-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan DİN-nin DYPİ-nin V Tağım inspektoru, polis baş serjantı X1 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 02 may 2025-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 324.4-cü maddəsinin dizpozisiyasında buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.36-cı maddəsinə əsasən buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. 1.0.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar - hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalardır. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan fəaliyyətlərin icazə olmadan və ya digər şəxslərə məxsus icazə əsasında yerinə yetirilməsi qadağandır. 15.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazələr və onların əlavələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada verilir. “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, X4 "xxxx" MMC-də sürücü işləyir. İş materiallarından görünür ki, X4 əmək müqaviləsi əsasında sürücü kimi fəaliyyət göstərən fiziki şəxsdir. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi buraxılış kartı buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır, X4 isə fiziki şəxs olmaqla bu inzibati xətanın subyekti deyildir. Bundan əlavə məhkəmə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, bu Qanunla Buraxılış kartı ilə yük və qeyri-müntəzəm sərnişin daşınması vəzifəsi sərəncamlarında olan avtomobil nəqliyyatı ilə işçilərinin və ya yüklərinin təsərrüfat ehtiyacları üçün öz hesabına daşınmasını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarların deyil, yalnız kommersiya məqsədli sərnişin və ya yük daşımaları ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarların üzərinə qoyulmuşdur. Məhkəmə bu nəticəyə gələrkən, həmin Qanuna əsasən qanunvericinin göstərilən qaydanı müəyyən etməkdə məqsədinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin edilməsindən ibarət olmasını, yalnız kommersiya məqsədli sərnişin və ya yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarların üzərinə Buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmaması vəzifəsinin qoyulmasını, bu vəzifələrin avtomobil nəqliyyatı ilə işçilərinin və ya yüklərinin təsərrüfat ehtiyacları üçün öz hesabına daşınmasını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarların üzərinə qoyulmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun: - “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipinə görə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. - “Azərbaycan Respublikası CM-in 99-5-ci maddəsinin şərh edilməsinə dair 28 iyun 2024cü tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71.Vİİİ maddəsi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Göstərilən normalarda əks olunmuş qanunçuluq prinsipi cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir. Məhkəmə yuxarıda göstərilən “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı gəldiyi qənaətinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipi ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsində buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə inzibati məsuliyyət yalnız kommersiya məqsədli sərnişin və ya yük daşımaları ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlara münasibətdə yarana bilər. Məhkəmə bu nəticəyə gələrkən, həmçinin Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin avtomobil nəqliyyatı ilə işçilərinin və ya yüklərinin təsərrüfat ehtiyacları üçün öz hesabına daşınmasını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlara da münasibətdə yarana bilməsinin hüquqi müəyyənlik prinsipinin yuxarıda göstərilən əlamətlərinin pozulması, xüsusilə də, Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsinin həddindən artıq genişləndirici təfsiri ilə nəticələnə biləcəyini də nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı müəyyən olunduğundan, şikayət təmin edilməli, DİN-nin DYPİ-nin V Tağım inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş X2 Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə TP ******* nömrəli, 02 may 2025-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. DİN-nin DYPİ-nin V Tağım inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş X2 Azərbaycan Respublikası İXM-in 324.4-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə TP ******* nömrəli, 02 may 2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar