Məhkəmə qərarları › İş №3(025)-226/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-226/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-226/2025 12.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Naxçıvan şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol, (xx.xx.2025-ci il tarixli MN 2291871) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, Qəbələ rayonu, Nohurqışlaq kənd orta məktəbinin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs mobil telefonla mesaj yazıb özünü Arifə Bayramova kimi təqdim edərək onun 400 (dörd yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən hosteldə qalır və Xırdalan Bazarında meyvətərəvəz satışı ilə məşğul olur. Pula ehtiyacı olduğuna görə ayrı-ayrı şəxsləri aldatmaq qərarına gəlmiş və AR Təhsil Nazirliyinin saytına daxil olaraq oradan ayrı-ayrı rayonlar üzrə məktəb direktorlarının ad, soyad və ata adlarını, eləcə də mobil nömrələrini öyrənərək qeyd etmiş, o cümlədən həmin məlumatları telefonuna çəkərək saxlamışdır. Bundan sonra ayrı-ayrı rayonlar üzrə təhsil şöbəsi müdirlərinin Feysbuk hesablarını taparaq onların şəkillərini əldə etmiş , feysbuk hesabları olmayanların isə GOOGLE internet platformasından adlarını yazaraq axtarmış və oradan çıxan şəkilləri götürmüşdür. Həmin qaydada Qəbələ rayon Təhsil şöbəsinin sektor müdiri Arifə Bayramova barədə məlumat əldə etmiş və onun şəkilini vatsap profilinə qoyub adını qeyd edərək həmin rayon üzrə məktəb direktorlarının vatsap nömrələrinə mesaj yazmaqla 400 manat borc pul istəmiş və tanışı Elvin Məmmədovun qardaşı oğlu Fərid Məmmədlinin **********320496 saylı kart hesabını göndərmişdir. Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinin direktoru Zərərçəkmiş şəxs tərəfindən həmin hesaba 400,0 manat pul köçürülmüşdür. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinin direktoru vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona Qəbələ rayon Təhsil Şöbəsinin sektor müdiri Arifə Bayramovanın şəkili əks edilmiş vatsap profili vasitəsilə mesaj yazılaraq 400 manat borc istənilmiş, o da mesajda qeyd olunan kart hesabına mobil tətbiq vasitəsilə 400 manat pul göndərmişdir. Arifə Bayramovaya zəng etdikdən sonra aldadıldığını başa düşmüş və bu barədə Qəbələ RPŞ-ə məlumat vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş, inzibati həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 may 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar