Məhkəmə qərarları › İş №3(025)-23/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-23/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-23/2025 17.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Səxavət Qafarov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1967-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2053000) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 08:50 radələrində Qəbələ şəhərində, Qəbələ RPŞ-nin giriş qapısının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Xırxatala kəndində yaşayır və şəxsi təsərrüfatla məşğul olur. Bir həftə əvvəl dost-tanışlarla yeyib içdikdən sonra öz aralarında zarafatlaşaraq o dostuna “qaynar xəttə zəng elə telefonu mənə ver səni tutduracam” demiş, dostu qaynar xəttə zəng etmiş və o qaynar xəttlə danışmışdır. “102” xidmətinə etmiş olduğu müraciətlə bağlı xx.xx.2025-ci il tarixdə sahə rəisi onun izahatının alınması məqsədilə şöbəyə dəvət etmişdir. O şöbnənin Nəzarət-Buraxılış Məntəqəsinin qarşısına gəlmiş, orada bir müddət gözləyəndən sonra qapıda dayanan əməkdaşa yanınlaşıb demişdir ki, “izahat vermək üçün şöbəyə daxil olmalıyam”. Qapıda dayanan əməkdaş ona yaxınlaşaraq “hal-hazırda şöbədə səhər təlimatı gedir təlimatdan sonra içəri daxil ola bilərsən” demişdir. O bundan əsəbləşərək hərəkətlərinə nəzarət edə bilməyərək nalayiq ifadələr işlətməyə başlamışdır. NBM-də olan əməkdaşlar ona dəfələrlə ictimai yerdə nalayiq ifadələr işlətməyə, ictimai qaydanı pozmamağa dəvət etsələr də, o bundan nəticə çıxarmamış, söyüş söyə-söyə yolun hərəkət hissəsnə yaxınlaşmış, yoldan keçən piyadaların diqqətini özünə cəlb etməyə başlamışdır. Belə olan halda əməkdaşlar onu barəsində qanunamüvafiq tədbir görülməsi üçün şöbəyə gətirərək NH-yə təhvil vermişdilər. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112,115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 yanvar 2025-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar