Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-232/2023 25.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1990-cı il oktyabrın 26-da Qəbələ rayonu Bayramkoxalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Bayramkoxalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 25 may 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Qəbələ şəhər ərazisində Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 25 may 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 göstərdi ki, Şəxs xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Qəbələ şəhər ərazisində Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə xx.xx.2014-cü il tarixdə evlənmiş, 2 azyaşlı övladı vardır. Aralarında ara-sıra mübahisələr olmuşdur. Hal-hazırda boşanmaq ərəfəsindədirlər. Yoldaşı ona övladları ilə görüşməyə icazə vermir, uşaqları öyrədir ki, məhkəmədə deyin ki, anam ilə qalmaq istəyirəm. O uşaqlar ilə görüşməyə icazə vermədiyinə görə Rəhim adlı taksi sürücüsünə yaxınlaşmış, ona “yoldaşını izləməliyəm, buna görə sənin taksi pulunu verəcəm” demişdir. O razılaşmış, Təranəni Qəbələ şəhərində Bum yolu adlanan yerdə rəfiqəsi Dilşad adlı qadın ilə görmüş, Rəhim adlı şəxsin avtomobilinə minərək onu izləmiş, onlar Asan xidmətə getmiş, oradan çıxıb qayıdan zaman Təranə maşına yaxınlaşmış, sürücüyə qarşı nalayiq ifadə işlədərək “səni kim tutub məni izləyirsən” demiş, həmin zaman arxa oturacaqda uzanmış ki, Təranə onu görməsin. Təranə arxa qapını açmış, ayağa qalxaraq maşından düşmüşdür. Təranə onu nalayiq ifadə ilə təhqir etmiş, buna görə onun saçından tutaraq üzünə sillə ilə bir dəfə zərbə vurmuş, bu zaman polis əməkdaşları həmin yerə gəlmiş və onu polis şöbəsinə aparmışlar. Həmçinin xx.xx.2023-cü il tarixdə günorta radələrində işdən çıxıb evə gələn zaman Təranəni rəfiqəsi Dilşad ilə vəkilin yanına getdiyini görmüş, onun yanına gedərək şikayətini götürməsini bildirmək istəmişdir. Təranə onu görən kimi “bura nəyə gəlmisən” deyərək nalayiq ifadələr işlətmiş, ona gəl gedək polis şöbəsinə şikayətini götür demişdir. O da bu zaman əlinə telefon alaraq polisə zəng etdiyini bildirmiş, buna görə telefonu onun əlindən almaq istəmiş, sonra oradakı şəxslər onları kənarlaşdırmış, yola çıxan zaman polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Mübahisə zamanı Təranəni vurmamışdır. Törətdiyi əməldən peşmandır və səhv etdiyini bilir. Barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, əri Şəxs ilə xx.xx.2014-cü il tarixdə evlənmiş, 2 azyaşlı övladı vardır. Aralarında ara-sıra mübahisələr olmuşdur. Hal-hazırda boşanmaq ərəfəsindədirlər. Vəkili ona boşanmaq üçün ərizənin dövlət rüsumunu Asan xidmət mərkəzindən ödəməyi bildirmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdə azyaşlı övladı Səadət və rəfiqəsi Dilşad ilə birlikdə Qəbələ şəhərində yerləşən Asan Xidmət mərkəzindən boşanmaq üçün verəcəyi ərizənin rüsumunu ödəyərək geri qayıdırmış. Yolun sağı ilə hərəkət edən zaman Vaz 2107 markalı ** SJ *** nömrə nişanlı avtomobilin onu izlədiyini görmüş, buna görə avtomobilə yaxınlaşmış, pəncərədən sürücüyə “səni kim mənim üzərimə göndərib” demiş, o da heç nə deməmişdir. Arxa qapını açmış və görmüş ki, əri Pərvin arxa oturacaqda uzanıbdır. Ona “utanmırsan məndən nə istəyirsən” demiş, o bu zaman ayağa qalxmış, maşından düşmüş, “uşaqlarımı ver mən sənə aliment verməyəcəm” deyərək saçından tutaraq üzünə yumruq ilə zərbə vurmuş, əli ilə onun əlini kənara itələmişdir. Bu zaman polis əməkdaşları həmin yerə gəlmiş, Pərvini tutub kənara çəkmişlər. Sonra onu polis şöbəsinə aparmışlar. Özü də taksi ilə polis şöbəsinə gəlmişdir. Mübahisə təxminən 3-4 dəqiqə davam etmiş, mübahisə zamanı orada başqa heç kim olmamış, mübahisəni kənardan izləyən şəxs və ya şəxslər yox imiş, Pərvin Dilşada nalayiq ifadələr işlətmişdir. Nə o, nə də ki, Dilşad Pərvini vurmamışdır. Həmçinin xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Qəbələ şəhəri Elçin erimov küçəsində Əlillərin binasında yerləşən vəkili Nadirşah adlı şəxsin yanına ərizə yazmağa getmişdir. Onun ilə birlikdə rəfiqəsi Dilşad Şahvələdova da var imiş. Binanın içərisində olan zaman təxminən 5 dəqiqə sonra əri Pərvin içəri daxil olmuş, əlindən telefonu dartaraq almaq istəmiş, qarın nahiyəsinə təpik ilə zərbə vurmuş, orada olan tanımadığı şəxslər onu binadan çıxartmışlar. Polisə məlumat vermiş, polis əməkdaşları onları polis şöbəsinə aparmışlar. Mübahisə zamanı nə o, nə də ki, Dilşad Pərvini vurmamışdır. Pərvindən şikayətçidir və ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir və Təranə əri ilə boşanmaq ərəfəsindədir. xx.xx.2023-cü il tarixdə rəfiqəsi Təranə ilə birlikdə Qəbələ şəhərində yerləşən Asan Xidmət mərkəzindən qayıdırmışlar. Təranə yolun sağı ilə hərəkət edən zaman Vaz 2107 markalı ** SJ *** nömrə nişanlı avtomobilin onu izlədiyini görmüş, buna görə avtomobilə yaxınlaşmış, pəncərədən sürücüyə “səni kim mənim üzərimə göndərib” demiş, o da heç nə deməmişdir. Arxa qapını açmış və görmüş ki, Pərvin arxa oturacaqda uzanıbdır. Ona “utanmırsan məndən nə istəyirsən” demiş, o bu zaman ayağa qalxmış, maşından düşmüş, “uşaqlarımı ver mən sənə aliment verməyəcəm” deyərək Təranənin saçından tutaraq üzünə yumruq ilə zərbə vurmuş, əli ilə onun əlini kənara itələmişdir . Həmçinin xx.xx.2023-cü il tarixdə saat 13:30 radələrində Təranə ilə Qəbələ şəhəri, Elçin Kərimov küçəsində əlillərin binasında yerləşən vəkil Nadirşah adlı şəxsin yanına ərizə yazmağa getmişlər. Binanın içərisində olan zaman təxminən 5 dəqiqə sonra Pərvin içəri daxil olmuşdur. Təranənin əlindən telefonu dartaraq almaq istəmiş, onun qarın nahiyyəsinə təpik vurmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 201 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burunun sıyrığı kmi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 08 may 2023-cü ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli 207 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində burunun sıyrıqdan sonrakı izi kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 13 may 2023-cü ildən 6-8 (altı-səkkiz) gün əvvəl törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/576,590 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 may 2023-cü il saat 16:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-232/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-232/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver