Məhkəmə qərarları › İş №3(025)-233/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-233/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-233/2023 26.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.2001-ci ildə Qəbələ rayonu, Kürd kəndində anadan olmuş, Qəbələ rayonu, Kürd kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 03 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 və anası Zərərçəkmiş şəxs2 dərəcəsi bilinməyən xəsarətlər yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Əhmədlinin 15 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı olmuşdur. Belə ki, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 həmin qərarı rəhbər tutaraq, Şəxsnın barəsində 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs1 itəliyib zor tədbiq edərək sonuncuya fiziki ağrı yetirmişdir. Şəxs Zərərçəkmiş şəxs2 vurması, eləcə də, Zərərçəkmiş şəxs1 Şəxs vurması öz təsdiqini tapmamışdır. Belə olan halda Şəxs əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs Zərərçəkmiş şəxs1 itəliyib zor tədbiq edərək sonuncuya fiziki ağrı yetirdiyinə görə onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X2 izahatında bildirdi ki, Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Əhmədlinin 15 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə Cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında isə o, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 26 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, bacısı X5 qəsəbə sakini Rəşid adlı şəxs ilə xx.xx.2022-ci il tarixdə evlənmişdir. Evləndikdən sonra ona mobil telefon işlətməyə, onlar ilə əlaqə saxlamağa, qonaq gəlməyə icazə verilməmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayonundan Bakı şəhərinə gedən zaman bacısıgilin evinə valideyinləri ilə birlikdə gedərək bacısını görmək istəmiş, valideyinləri əvvəlcədən onlara getmiş, o isə idarə etdiyi avtomobilə qatıq dağıldığı üçün yolda dayanıb avtomobili təmizləyirmiş. Atasıgil ilk öncə ora getmiş, lakin qarşılayan olmamış, atasıgil onların həyətindən çıxan zaman həyətin qarşısına yaxınlaşmış, atasıgil öz avtomobilləri ilə çıxıb getmişlər. Həyətdə səs-küy olduğunu eşidib həyətə daxil olmuşdur. Xalası oğlu Aqil də onun ilə birlikdə imiş. Evə çıxmış, səs-küy gəlirmiş. Görmüş ki, Vüsalə, qayınanası Validə və Xəyalə bacısının üzərinə qışqırırlar, onu tənqid edirlər, onu təhqir edirdilər. Bunu görüb, bacısının qolundan tutaraq həyətə düşürtmüş və ona gəl evə gedək demişdir. Vüsalə ilə Validə yerə düşmüş, onlar bacısının qolundan tutaraq aparmayacaqsan demişlər. Sonra Vüsalə bacısını buraxıb onun üzərinə hücum etmiş, ona şillə və təpik atmış, sillə dəyməmiş, lakin təpik sol ayağına dəymiş, özünü müdafiə üçün əli ilə onu kənara itələmiş, bu zaman Aqil Vüsaləni tutub kənara çəkmiş, daha sonra maşına minərək getmişlər. Nə Validəni, nə də ki, Vüsaləni vurmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, Ələm qardaşının qaynıdır. xx.xx.2023-cü il tarixdə Ələm Qəbələ rayon Vəndam qəsəbəsindəki həyətə gələrək bacısını qapının qarşısına cağırmış, sonra evə daxil olaraq bacısının qolundan tutaraq səni evə aparıram, boşanacaqsan demiş və həyətə düşmüşlər. Onların arxası ilə, o, və anası da düşmüş, anası onların arasına girərək Ələmə gəlin mənimdir hara aparırsan demiş, bu zaman Ələm anasının sağ qoluna yumruq ilə zərbə vurmuş, bu zaman mübahisəni sakitləşdirmək üçün onlara yaxınlaşmış, araya keçmiş ki, yenidən mübahisə olmasın, bu zaman Ələm ona əl atmış, onun əli ilə boğaz nahiyyəsinə dəymiş və həmin nahiyyəsi cızılmışdır. Bu zaman onun xalası oğlu Aqil adlı şəxs onu tutub aparmışdır. Mübahisə zamanı nə o, nə də ki, anası Ələmi vurmamışdır. Hadisədən sonra həkimə və tibb müəssisələrinə müraciət etməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs - qızı Zərərçəkmiş şəxs1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli 159 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 izahatları olmuşdur. Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs Şəxs ilə münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatlarının qərəzli olması inkar olunmur və həmin izahatlar Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatlarla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Ekspert rəyinə gəldikdə, Zərərçəkmiş şəxs1 bədəni üzərində xəsarət aşkar edilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 hadisədən sonra həkimə və tibb müəssisələrinə müraciət etməmiş, yalnız münasibətlər yenidən pozulduğu üçün polisə şikayət etdikdən bir neçə ay sonra tibbi müayinədən keçmiş, xəsarət aşkar edilməmiş, həmin bu hal da inzibati məsuliyyətə cəlb olunan Şəxs təqsirli olması barəsində şübhə altına qoyur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı Cavidan Əhmədli tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs1 döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxsnın İXMnin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 mart 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsin zərər cəkmiş səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxs1 və onun anası Zərərçəkmiş şəxs2 izahatı çıxış etmişdir ki, o, da qərəzlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən halı aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxsnın təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar