Məhkəmə qərarları › İş №3(025)-233/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-233/2025

14.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-233/2025 14.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 2003-cü il aprelin 15-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 14 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən Şəxs barədə tərtib edilmiş 14 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda qeyd edilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində qanunsuz olaraq narkotik vasitə marixuananı satış məqsədi olmadan əldə edərək istifadə etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X5 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə X1 polis sahə nəfəri, polis serjantı Abid Nəbiyev raportla məruzə edərək xx.xx.2025-ci il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən "Həyat" restoranının zalında Qəbələ rayon Aydınqışlaq kənd sakini X6 və Qəbələ şəhər sakini Şəxs sözlü mübahisə edib bir-birilərinə qarşı nalayiq ifadələr işlətmələri barədə məlumat vermiş, həmin tarixdə X6 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək sözügedən ünvanda Şəxs onu digər insanların gözü qarşısında nalayiq ifadələr işlədərək təhqir etməsini bildirmişdir. Daxil olmuş raport və ərizə əsasında araşdırma aparılması məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs rayon polis şöbəsinə dəvət edib onunla şifahi söhbətlər apararkən onun hərəkət və davranışlarına nəzarət edə bilmədiyini müşahidə etmişlər. Şəxs nəfəsindən spirtli içki qoxusu gəlməsi bilinməsə də, hərəkət və davranışlarından sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bu barədə həmin şəxsdən spirtli içki qəbul edib-etməməsini soruşan zaman şəxs spirtli içki qəbul etmədiyini bildirmişdir. Bir qədər sonra təkrar eyni sualı verdikdən sonra həmin şəxs biraz fikirləşərək xx.xx.2025-ci il tarixdə tanışı Əli adlı şəxsin dəvəti ilə Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən "Həyat" restoranına əsgər yığıncağına getməsini, oradan çıxdıqdan sonra Qəbələ şəhərində onunla qonşuluqda yaşayan X4 ilə birlikdə narkotik vasitə olan marixuanadan istifadə etmələrini etiraf etmişdir. Buna görə də həmin şəxs tərəfindən barəsində tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Bununla bağlı məhkəmə-narkoloji ekspertizası təyin edilməsi barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş rəydə də, bu fakt öz təsdqini tapmışdır. Belə olub Şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışı Əli adlı şəxsin dəvəti ilə Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən "Həyat" restoranına əsgər yığıncağına getmişdir. Oradan çıxdıqdan sonra Qəbələ şəhərində onunla qonşuluqda yaşayan X4 ilə birlikdə narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitədən arada istifadə edir və mütəmadi olaraq istifadə edən deyil. Etdiyi əmələ görə çox peşmandır. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 13 may 2025-ci il tarixli, 782 nömrəli rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji despanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan 13 may 2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs məxsus sidikdə marixuana aşkar edilmişdir. İşdə olan 13 may 2025-ci il tarixli “X8 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə - iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə əsasən X8 müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan 13 may 2025-ci il tarixli “X8 Haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Bu səbəbdən Həbsdə saxlama müddətinin əvvəli 13 may 2025-ci il saat 19:00-dan hesablanmalıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati təhbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 13 may 2025-ci il tarixli, 782 nömrəli rəy nəzərə alınmaqla, Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 may 2025-ci il saat 19:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar