Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-234/2023 09.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1971-ci il iyulun 22-də Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Bum qəsəbəsində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 may 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bum qəsəbəsində Qəbələ şəhər sakini Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində sonuncuya məxsus əmlakı qəsdən zədələyərək məhv etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 24 may 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Qəbələ rayon Bum qəsəbə sakinidir. Qəbələ rayon Natavan küçəsində yaşayan Zərərçəkmiş şəxs əvvəldən tanıyır, həmin şəxslə aralarında 7-8 ildir ki, torpaqla bağlı mübahisəli məsələləri var. Qəbələ rayon Bum qəsəbəsində olan 5 sotdan çox torpaq sahəsinin ona məxsus olsa da, həmin torpaq sahəsinin ona məxsusluğu ilə bağlı heç bir rəsmi sənədi yoxdur. Həmin torpaq sahəsi meşə fondunun ərazisinə aiddir. 2016-cı ildə Zərərçəkmiş şəxs Qəbələ rayon Bum qəsəbəsində yerləşən 41 sotluq torpaq sahəsini sənədləşdirmiş, həmin torpaq sahəsinin yanında 0.05 ha meşə fonduna aid olan torpaq sahəsi də vardır. Həmin torpaq sahəsinin də kənarları da Zərərçəkmiş şəxs tərəfindən hasarlanmışdır, lakin 0.05 ha torpaq sahəsi Zərərçəkmiş şəxs yox, ona məxsusdur. Sonradan həmin torpaq sahəsinin nəzarətini Zərərçəkmiş şəxs həyata keçirmiş, bununla bağlı meşə idarəsi ilə akt imzaladığını öyrənmişdir. Zərərçəkmiş şəxs dəfələrlə 0.05 ha torpaq sahəsinin hasarını sökməsi barədə ona xəbərdarlıq etmişdir. xx.xx.2023-cü il tarixdə onun nəzarət etdiyi 0.05 ha torpaq sahəsinə daxil olmuş, oranın hasarını sökmüş, orada böyürtkən kollarını təmizləmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2005-ci ildə mərhum valideyni X1 rayon Bum qəsəbəsində ümumi 41 sot torpaq sahəsi almışdır. Həmin qeyd olunan 41 sotluq torpaq sahəsinin kənarında 0.05 ha torpaq sahəsini də almış və həmin torpaq sahələrini hasarlamışdır. 2016-cı ildə valideyni X3 vəfat etdikdən sonra həmin torpaq sahəsini sənədləşdirmişdir. Atası həmin torpaq sahəsinin zibilini təmizləmiş, oraya yasəmən kolları əkmiş, meşə idarəsindən bu barədə akt tərtib olunmuş və aktda onun 0.05 ha torpaq sahəsində boşluqlara ağac əkilmək şərti ilə müvəqqəti olaraq mühafizə etməyi tapşırılmışdır. 0.05 ha torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır. xx.xx.2023-cü il tarixdə Bum qəsəbə sakini Şəxs qayını Raqifin telefon nömrəsindən ona zəng edərək mərhum valideyninin hasarladığı, meşə fonduna aid olan, akt əsasında mühafizəsi ona tapşırılan 5 sotluq torpaq sahəsinin hasarını sökdüyünü ona bildirmişdir. Həmin şəxsə hasarı sökməyinin səbəbini soruşduqda, Şəxs ona “bura mənimdir” demişdir. Şəxs onun torpaq sahəsinin hasarını sökməməsini bildirdikdə onun ünvanına nalayiq ifadələr söyləmiş, onu təhqir eləmiş, ona sözlü hədə qorxu gəlmişdir. Ona ümumilikdə 228 manat ziyan dəymiş və həmin ziyan ödənilməmişdir. Məhkəmədən ona dəymiş ziyanın ödənilməsini və ədalətli qərar qəbul edilməsini xahiş edir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13 may 2023-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/543 saylı material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi, məqsədilə qərarın surəti İTB-yə verilmişdir. İşdə olan Qəbələ Rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən Qəbələ rayon Polis şöbəsinə ünvanlanmış 12 may 2023-cü il tarixli, 5-59-9/2-423/2023 nömrəli məktubda göstərilmişdir ki, ərizədə qeyd olunan əraziyə Memarlıq və Tikinti şöbəsinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsinin hasarının bir hissəsi yarasız hala düşmüş, həmin hasarın hissəsinin yenidən qurulması üçün ümumilikdə 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində material və işçilik haqqı tələb olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-234/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-234/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver