Məhkəmə qərarları › İş №3(025)-238/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-238/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-238/2025 20.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1962-ci il iyulun 12-də Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ü.S.Həmidlinin tərtib etdiyi 20 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 110,500 (bir yüz on min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi ilkin olaraq Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və sözügedən şöbənin xx.xx.2024-cü il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 109700 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, icra işi ilk növbədə Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra icra sənədi aidiyyəti üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinə göndərilərək onun icraatına daxil olmuşdur. Borclunun adına olan əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq təşkilatlara sorğular edilmiş, Şəxs adına Qəbələ rayonu Nic kəndində 1,0117 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 9731,8 kv.m sahəsi olan əmlak kompleksi, o cümlədən Vaz 2103 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı və İveco Maqirus markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. Məhkəməyə təqdimatla müraciət edilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(025)-84/2024 nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5742/2023 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün borclu Şəxs məxsus olan “VAZ 2103” minik markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Qəbələ rayon Nic qəsəbəsində yerləşən ümumi sahəsi 6786.9 kv.metr olan əmlak kompleksi (reyestr nömrəsi:**********31-12301) üzərinə həbs qoyulması qərara alınmışdır. Bundan sonra Qəbələ rayon Nic qəsəbəsində yerləşən ümumi sahəsi 6786.9 kv.metr olan əmlak kompleksi hərraca çıxarılması üçün qiymətləndiriciyə göndərilmiş, lakin tələbkar qiymətləndirmə xərcini ödəmədiyindən qiymətləndirmə baş tutmamışdır. Sözügedən əmlak ipoteka yüklü olsa da, qiymətləndirmə baş tutmadığından əmlakın dəyərini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə borclu bu günə qədər heç bir yerdə işləməmiş, xx.xx.2025-ci il tarixdən işə başlamış və əmək haqqı 700 manat təşkil edir. Əmək haqqından 500 manat tutulmasına da etiraz etmir. Lakin tələbkar borcunun tamamilə ödənilməsini tələb edir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun məhkəmə qətnaməsinə əsasən 109700 manat borcu olmasını etiraf edir. Lakin hesab edir ki, icra sənədinin icrasından qərəzli olaraq yayınmır. Belə ki, xx.xx.2025-ci il tarixə kimi işsiz olmuşdur. Həmin tarixdən rəhbəri olduğu "xxxx" MMC-nin fəaliyyətini bərpa etmiş və aylıq 700 manat əmək haqqı alacaqdır. Hər ay əmək haqqında 500 manat yönəldilməsinə etiraz etmir. Bundan əlavə onun "xxxx" ASC-nə 540,241 manat borcu da vardır. Mülkiyyətində olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən ümumi sahəsi 6786.9 kv.metr olan əmlak kompleksinin hərraca çıxarılaraq satılmasına etiraz etmir. Lakin 109700 manatı bir dəfəlik ödəmək iqtidarında deyil və bu məbləğ onun qazancı baxımından mütənasib və ağlabatan deyildir. Onun borcunu ödəmək iqtidarına malik olub borcunu ödəməsi barədə icra məmurunda və tələbkarda heç bir sübut yoxdur. Hesab edir ki, onun əməlində qərəzlilik yoxdur. Ondan tələb olunaq məbləğ, yəni 109700 manat olduqca yüksəkdir və bu səbəbdən bu günə qədər az-az ödəniş etməmişdir. Həmçinin o, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Heç bir əmlakını icra və probasiya şöbəsindən gizlətməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, icra məmurunun və Şəxs izahatından müəyyən olundu ki, xx.xx.2025-ci il tarixə qədər, yəni bu günə qədər Şəxs rəsmi iş yeri olmamışdır. Hal-hazırda isə gələcəkdə əmək haqqından 500 manat tutulmasına etiraz etmir. Həmçinin Şəxs başqa gəliri yoxdur. Həmçinin tələbin yönəldilə biləcəyi əmlak üzərinə həbs qoyulsa da, tələbkar qiymətləndirmə xərcini ödəmədiyindən əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Borc məbləği isə 109700 manatdır və icra məmuru da izahatında həmin məbləğin qərəzli olaraq Şəxs tərəfindən ödənilməməsini sübut edə bilməmişdir. Həmçinin həm icra məmuru, həm də Zərərçəkmiş şəxs Şəxs həmin məbləği bir dəfəyə ödəmək gücündə olmasını sübuta yetirə bilməmişlər. Hesab edir ki, Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, məhkəmə icra məmurunu və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 110,500 (bir yüz on min beş yüz) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. - Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin böyük icra məmuru X2 xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs təqdim edilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********31-12301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən” çıxarışdan görünür ki, Şəxs adına Qəbələ rayonu Nic qəsəbəsində 0,7839 ha yaşayış məntəqələri torpaqlarının üzərində 6786,9 kv.m xüsusi mülkiyyət yerləşir. - Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(025)-84/2024 nömrəli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-5742/2023 saylı icra sənədi üzrə tələbin yönəlməsi üçün borclu Şəxs məxsus olan “VAZ 2103” minik markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və Qəbələ rayon Nic qəsəbəsində yerləşən ümumi sahəsi 6786.9 kv.metr olan əmlak kompleksi (reyestr nömrəsi:**********31- 12301) üzərinə həbs qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X8 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasında Qəbələ İPŞ-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs məxsus Vaz 2103 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı, Mercedes Benz markalı, **- MS-*** dövlət qeydiyyat nişanlı və İveco Maqirus markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin axtarılması ilə bağlı müvafiq qeydlər aparılmışdır. - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Qəbələ rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 04 mart 2025-ci il tarixli məktubda göstərilmişdir ki, Şəxs məxsus Qəbələ rayonu Nic kəndində 1,0117 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 9731,8 kv.m sahəsi olan əmlak kompleksi kimi müəssisə bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və borclunun hazırkı tarixə barışıq sazişi üzrə cəmi 540.241,21 (beş yüz qırx min iki yüz qırx bir manat 21 qəpik) manat borc təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 yerinə dair arayışdan görünür ki, Şəxs "xxxx" MMC-də bölmə müdiri vəzifəsində işləməklə 700 manat əmək haqqı alır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu X1 bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldilə biləcəyi əmlaklar aşkar edilmiş və məhkəmə qərarına əsasən üzərinə həbs qoyulmuşdur. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Üçüncüsü, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(025)-84/2024 nömrəli qərardadına əsasən Şəxs məxsus olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən ümumi sahəsi 6786.9 kv.metr olan əmlak kompleksi (reyestr nömrəsi:**********31-12301) üzərinə həbs qoyulmuşdur. İcra məmuru tərəfindən həmin əmlak hərraca çıxarılması üçün qiymətləndiriciyə göndərilsə də, tələbkar Zərərçəkmiş şəxs qiymətləndirmə xərcini ödəməmiş, nəticədə həbs qoyulmuş əmlak hesabına borcunun ödənilməsində maraqlı olmamışdır. Dördüncüsü, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(025)-84/2024 nömrəli qərardadına əsasən Şəxs məxsus olan “VAZ 2103” minik markalı, **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzərinə həbs qoyulsa da, Mercedes Benz markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı və İveco Maqirus markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru tərəfindən hər hansı tədbirlər həyata keçirilməmişdir. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə olan borcunun ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, xx.xx.2025-ci il tarixə qədər Şəxs rəsmi iş yeri olmamışdır. Halhazırda isə əmək haqqından hər ay 500 manat tutulmasına razı olması özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onunəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5742/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar