Məhkəmə qərarları › İş №3(025)-241/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-241/2023

21.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-241/2023 21.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1951-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə, Qəbələ şəhəri, Musabəyov küçəsində yaşayan Şəxs 1 ədəd lülə nömrəsi Ж 2878 olan, 16 kalibrli, tək lüləli yivsiz mülki ov silahı sənədsiz olaraq qanunsuz saxlanmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yaşayan Şəxs məxsus mülki ov silahına baxış keçirildiyi zaman ona məxsus olan 01 ədəd, 16 kalibirli, tək lülə, Ж 2878 saylı mülki ov silahı ilə ona məxsus olan silahın saxlanması üçün olan 01 ədəd, 16 kalibrli, tək lülə, 04512 nömrəli vəsiqənin eynilik təşkil etməməsi aşkar edildiyi üçün ondan götürülmüşdür. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, lülə və bala qundaq nömrəsi J 2878 nömrəli 16 kalibrli mülki ov silahı ona məxsusdur. Həmin silah onun mərhum atası X1 ona yadigar qalmışdır. Atası cavanlığında silaha marağı olduğu üçün mülki ov silahı almışdır. Həmin silahı atası 2015-ci ildə onun adına sənədləşdirib. Həmin vaxt atasının 92 yaşı var idi və ona görə də silahı ona vəsiyyət edib. Silaha və ova marağı olmadığı üçün heç bir vaxt həmin silahı istifadə etmədiyi üçün həmin silahın vəsiqədə qeyd olunan nömrə ilə eyni olub-olmamasına fikir verməmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşı silaha baxış keçirdiyi zaman onda olan silahın vəsiqədə qeyd olunan silahla eyni olmamasını görüblər. Silah atasından yadigar qaldığından sənədləşdirərək ona qaytarılmasını xahiş edir. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X3 tərəfindən tərtib edilmiş 01 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli işdə olan özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd lülə nömrəsi Ж 2878 olan, 16 kalibrli, tək lüləli yivsiz mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar