Məhkəmə qərarları › İş №3(025)-245/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-245/2020

02.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-245/2020 02.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə 00100-0894/20 nömrəli 11 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü materialı baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibait xəya haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “xxxxx” şirkətindən 006214 nömrəli 21.05.2020-ci il tarixli nəqliyyat qaiməsinin müşayiəti ilə 29091227 nömrəli, 29091312 nömrəli, ******* nömrəli, 29091291 nömrəli, 29091266 nömrəli vaqonlarda dəmir yolu vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” qaydalarının 2.2-ci bəndinin tələblərinə riayət edərək malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 29 may 2020-ci il tarixdə saat 19:54-da vaqonları daşıyan qatar Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postunda sərhədi keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl həmin yüklərə dair qısa idxal bəyannaməsini gömrük orqanına elektron formada verməmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə 00100-0894/20 nömrəli 11 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilib. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Gömrük prosedurları və Ödənişləri Şöbəsinin rəisi Gündüz Əliyev tərəfindən Baş Gömrük İdarəsinin rəisi Gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış 31.05.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 29091227, 29091312, 29091266, 29091279, 29091291 nömrə nişanlı yük nəqliyyat vasitələrində daxil olmuş yük **********1904 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün **********1904 saylı bəyannamənin 40-cı qrafasında qeyd edilməmişdir. - 00100-0894/20 nömrəli 11 iyun 2020-ci tarixli protokoldan görünür ki, Şəxs MMC nümayəndəsi x2 verilən suala cavab olaraq göstərmişdir ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “xxxxx” şirkətindən yüklərə dair sənədlər vaxtında Şəxs MMCə verilməyib. Buna görə də qısa idxal bəyannaməsi tərtib edilərək gömrük orqanına verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ünvanına gələn yük barədə mal gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etməmişlər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və 1500 (bir min beş yüz) manat cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar