Məhkəmə qərarları › İş №3(025)-246/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-246/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-246/2025 27.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X12 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748985) tərtib olunmuşdur ki, o, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs qızının xeyrinə hər ay, hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(025)-194/2008 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddədtdə üzürsüz səbəbdən icra etməyərək 17880,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs qızının xeyrinə hər ay, hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(025)-194/2008 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, boşandıqdan sonra o, 5-6 il müddətində Zərərçəkmiş şəxs ilə birlikdə yaşamış və uşaqların saxlanmasını şəxsi vəsaiti hesabına həyata keçirtmişdir. Ayrıldıqdan sonra isə Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini satıb Zərərçəkmiş şəxs 5000,0 manat verərək onun Sabuncu rayonu ərazisində mənzil almasına köməklik etmiş və indiyədək uşaqlara hər cür maddi və mənəvi yardım göstərmişdir. X1 rayon İPŞ-ə ərizə yazaraq bunları təsdiq etmiş və ondan aliment tələb etməmişdir. Hal-hazırda X2 şikayəti alimentin ödənilməməsi ilə deyil, Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evinin ona verilməməsi ilə bağlıdır. Ona görə də, barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş üzrə şahid X3 izahatında göstərmişdir ki, valideyinləri boşandıqdan sonra 4-5 il müddətində Bakı şəhəri Nərimanov rayonunda birlikdə yaşamış, həmin müddətdə ailənin bütün maddi tələbatı atası tərəfindən ödənilmişdir. Sonrakı müddətdə də atası tərəfindən ona və bacısına hər cür maddi və mənəvi yardım göstərmişdir. Şəxs tez-tez yaşadıqları ünvana gələrək onlara baş çəkmiş və hər dəfə yardım etmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(025)-194/2008 saylı icra vərəqəsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs qızının xeyrinə hər ay, hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2008-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2(025)- 194/2008 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli 178/2007 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli 2(025)-194/2008 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 3(025)-252/2011 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikasının İXM-nin 313-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. İşdə olan AR ƏN Qəbələ İPŞ-nə ünvanlanmış xx.xx.2020-ci il tarixli 2665 nömrəli ərizədə Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs 13.080 manat məbləğində aliment borcunu borcluya məxsus olan 0.3 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaqlı mansardlı və çardaqlı fərdi yaşayış evi ilə əvəzləşdirərək aliment borcundan imtina etmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs qızının xeyrinə Şəxs hər ay, hər uşaq üçün 60 (altmış) manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(025)-194/2008 saylı icra sənədinin icra müddəti xx.xx.2024-cü il tarixdə başa çatmışdır. AR İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi gündən dörd aydan artıq müddət keçdiyindən Şəxs İXM-nin həmin maddəsi ilə inzibati qaydada tənbeh oluna bilməz. Ona görə də, barəsində AR İXM-nin müvafiq maddəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748985) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar