Məhkəmə qərarları › İş №3(025)-260/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-260/2023

15.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-260/2023 15.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin iştirakları ilə 1976-ci il sentybarın 09-da Rusiya Federasiyasında doğulmuş, evli, orta təhsilli, işləməyən, Rusiya Federasiyası vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 15 iyun 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2023-cü il iyunun 14-də nəqliyyat vasitəsini sərxoş halda idarə edərək “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “Vaz 21074” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə maddi ziyan yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1 və 333.3-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X4 göstərdi ki, Şəxs 2023-cü il iyunun 14-də nəqliyyat vasitəsini sərxoş halda idarə edərək “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “Vaz 21074” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobilə maddi ziyan yetirmişdir. Şəxs polis şöbəsində xeyli vaxt izahat verməkdən imtina etmiş, eyni zamanda avtomobilin onun tərəfindən idarə edilməməsini bildirmişdir. Lakin videogörüntülər əldə edildikdən sonra avtomobili özünün idarə etməsini etiraf etmişdir. Həmçinin Şəxs xx.xx.2023-cü il saat 22:00dan etibarən tutulmuşdur. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXMnin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 20:00 radələrində etibarnamə ilə ona həvalə edilmiş “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində 2 bakal spirtli içki olan pivə içmişdir. Avtomobili sərxoş halda idarə edərək Nic qəsəbəsi ərazisində “Ekonom” marketin qarşısında yolun sağ hissəsində dayanmış “Vaz 21074” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymişdir. Hadisə zamanı avtomobildə tək olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir və ziyanı sığorta şirkəti qarşılayacaqdır. Əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində yüngül cəza tətbiq olunmasını xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində özünə məxsus olan “Vaz 21074” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ rayonu Nic qəsəbəsində yolun sağında saxlayaraq mağazaya düşmüşdür. Bu zaman arxadan gələn “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlib onun avtomobilinin arxasından dəyərək əzmişdir. Sonradan məlum olmuşdur ki, Şəxs avtomobili spirtli içki içərək idarə etmişdir. Hadisə nəticədində ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin Azərbaycan Respublikası İXM-in 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli, 72 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxsnin sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 1,626 ‰ təşkil etmişdir. İş materiallarında olan Qəbələ RPŞ DYPB-nin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, Şəxsnin adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında son bir il ərzində yol hərəkəti qaydalarının pozulması barədə protokol qeydə alınmamışdır. İş materiallarında olan BD357917 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarında olan ƏN-Vİ №475528 nömrəli etibarnamənin surətindən görünür ki, X2 tərəfindən “Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxsiyə xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. İş materiallarında olan BC607803 nömrəli xx.xx.2023-cü il tarixdə verilmiş və xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan sürücülük vəsiqəsinə əsasən Şəxsnin «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ mövcuddur. İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “X5 Haqqında” protokoldan görünür ki, Şəxs 15 iyun 2023-cü il tarixdə, saat 22:00-da tutulmuşdur. İş materiallarında olan CD diskə baxış keçirilərkən müəyyən edildi ki, Şəxs Vaz 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yüksək surətlə hərəkət edərək “Vaz 21074” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, həmçinin piyadaların sağlamlığı üçün təhlükəli vəziyyət yaratmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi “Vaz 21074” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən həmin Qanunun tələblərini pozmaqla qəza törətmiş və nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurmuşdur. Beliliklə, Şəxsnin Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 22 iyun 2023-cü il saat 22:00-dan hesablanmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİnə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar