Məhkəmə qərarları › İş №3(025)-261/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-261/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-261/2020 10.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı x1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1983-cü ildə Qəbələ rayonu, Abrıx kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Abrıx kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytnantı x2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 1 ədəd “Tula” markalı, 20 kalibrli, TOZ-B modelli, cüt lülə, lülə nömrəsi 121398, qundaq nömrəsi y-31014, bala qundaq nömrəsi 42654-48 olan 1959cu il buraxılışlı mülki ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından icazə almadan saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 24 iyun 2020-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı x2 göstərdi ki, 31.03.2020-ci il tarixdə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkından məktub daxil olmuş, məktubla bağlı araşdırılma aparılarkən Şəxs rəsmi sənədi olmayan, qanunsuz olaraq saxladığı, 1 ədəd “Tula” markalı, 20 kalibrli, TOZ-B modelli, cüt lülə, lülə nömrəsi 121398, qundaq nömrəsi y-31014, bala qundaq nömrəsi 42654-48 olan 1959-cu il buraxılışlı mülki ov tüfəngi götürülmüşdür. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayətin işinin başlanması rədd edilərək, onun barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 11.03.2020-ci il tarixdə Şahdağ Milli Parkında uzun meşə adlı yerdə Parkın işçilərinin onu və digər 3 dostu Təbriz Mustafayevi, Hikmət Mustafayevi və Elbəyi Xurşudovu əllərində ov tüfəngi ilə aşkar etmişlər. Həmin vaxt əlində sözügedən silah olmuşdur. Tutulan zaman əlində olan ov tüfəngini parkın işçilərinə təqdim etməsinə baxmayaraq parkın işçilərinin silahı ondan götürmədikləri üçün əsəbləşərək silahın qundaq və lülə hissəsini daşla qırmışdır. Onda olan silahın müvafiq icazəsi olmamışdır. Sonda isə bir daha özündə qanunsuz silah saxlamayacağına söz verib, barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytnantı x2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 24 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 04 iyun 2020-ci il tarixli aktdan görünür ki, Qəbələ rayon Abrıx kənd sakini Şəxs götürülmüş 1 ədəd “Tula” markalı, 20 kalibrli, TOZ-B modelli, cüt lülə, lülə nömrəsi 121398, qundaq nömrəsi y-31014, bala qundaq nömrəsi 42654-48 olan 1959-cu il buraxılışlı mülki ov tüfəngi saxlanılması üçün Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan 29 may 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Qəbələ RPŞ-nin TB-də araşdırması aparılan HK-1/422 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 29 may 2020-ci il tarixli Qəbələ RPŞ-nin TQ-nin təhqiqatçısı, polis leytenantı İlkin Göyçəlinin Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova yazdığı raportdan görünür ki, HK-1/422 saylı material üzrə cinayət hadisəsi aşkar olunmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surətinin Qəbələ RPŞ-nin İTB-yə verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “Tula” markalı, 20 kalibrli, TOZ-B modelli, cüt lülə, lülə nömrəsi 121398, qundaq nömrəsi y-31014, bala qundaq nömrəsi 42654-48 olan 1959-cu il buraxılışlı mülki ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd “Tula” markalı, 20 kalibrli, TOZ-B modelli, cüt lülə, lülə nömrəsi 121398, qundaq nömrəsi y-31014, bala qundaq nömrəsi 42654-48 olan 1959-cu il buraxılışlı mülki ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar