Məhkəmə qərarları › İş №3(025)-263/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-263/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-263/2020 10.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı x2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1983-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 30 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı x4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 1 ədəd İJ markalı, 12 kalibrli, qoşa lülə, üzərində i-9785, qundaq nömrəsi oyuq olan ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından icazə almadan saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 24 iyun 2020-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTBnin sahə rəisi, polis kapitanı x4 göstərdi ki, 07.03.2018-ci il Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Şəxs özünə məxsus olan sənədsiz 12 kalibrli ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində özünə və sağlamlığına uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından cinayətin işinin başlanması rədd edilərək, onun barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Şəxs yeri müəyyən olunmadığına görə 13 may 2018-ci il tarixdə icraat dayandırılmışdır. Tərəfindən 24 aprel 2020-ci il tarixli qərarla icraat təzələnmiş və beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır və heç bir yerdə işləmir. Özünə məxsus ata-babadan qalmış bir ədəd, İJ markalı, İ9785 nömrəli, 12 kalibrli ov tüfəngi olmuşdur. Maddi vəziyyəti yaxşı olmadığına görə həmin ov silahını sənədləşdirə bilməmişdir. 07 mart 2018-ci il tarixdə özünə məxsus ov tüfəngini də özü ilə götürmüş, tüfəngi əlində tutmuş, lakin həmin vəhşi heyvanları məhv etmək istədiyi zaman ehtiyatsızlıqdan ov silahının çiynində olduğu zaman açılmış və sağ əlinin ikinci barmaq hissəsindən xəsarət almışdır. 07 mart 2018-ci il tarixdə ov silahının ehtiyatsızlıqdan açılması nəticəsində xəsarət almasına görə heç kimdən şikayət və tələbi yoxdur. Sonda isə bir daha özündə qanunsuz silah saxlamayacağına söz vermişdir. Həmçinin inzibati məsuliyyətə cəlb edilməsi üçün müddət başa çatmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan 13 mart 2018-ci il tarixli aktdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Şəxs götürülmüş bir ədəd təklülə, İJ markalı, 12 kalibrli, qoşalülə, qeydiyyat nömrəsi И 9785 olan mülki ov silahı saxlanılması üçün Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan 13 may 2018-ci il tarixli 6 nömrəli “inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında” qərarın surətindən görünür ki, Şəxs yeri müəyyən olunmadığından iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 24 aprel 2020-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Murad Nəcəfzadənin dayandırılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan 13 aprel 2018-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından Qəbələ RMX-dan daxil olmuş məlumat əsasında toplanmış HK-1/185 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 13 aprel 2018-ci il tarixli Qəbələ RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı x3 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova yazdığı raportdan görünür ki, HK-1/185 saylı material üzrə cinayət hadisəsi aşkar olunmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tərkib əlamətləri mövcud olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surətinin Qəbələ RPŞ-nin İTB-yə verilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı x4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 24 iyun 2020-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda inzibati xətanın törədildiyi gündən artıq üç ay müddət keçmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sərdərov x1 Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətsə də, müddətin keçməsi ilə bağlı, o, inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədə verilə bilər. Məhkəmə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar olduqda barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh vermənin müddət axımı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi gündən başlamış olur. Göründüyü kimi, 13 aprel 2018-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərarın qəbul edildiyi vaxtdan 3 ay keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarından görünür ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş xətanı törətməsi 08 mart 2018-ci il tarixdə aşkara çıxmış, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edildiyi vaxtdan 3 ay keçmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd təklülə, İJ markalı, 12 kalibrli, qoşalülə, qeydiyyat nömrəsi И 9785 olan mülki ov silahının saxlanılması üçün müvafiq icazə olmadığından müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsi tətbiq edilməklə inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd təklülə, İJ markalı, 12 kalibrli, qoşalülə, qeydiyyat nömrəsi И 9785 olan mülki ov silahı müsadirə edilsin. Qərarın icrası silahın müsadirə edilməsi hissəsində Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar