Məhkəmə qərarları › İş №3(025)-269/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-269/2020

01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-269/2020 01.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu x2, Zərər çəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxxx 1961-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 01 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Umuyev x4 Rayon Məhkəməsinin 2(025)-1283/2015 nömrəli, 01 oktyabr 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1283/2015 nömrəli, 01 oktyabr 2015-ci il tarixli icra sənədinə əsasən 10 sentyabr 2008-ci il təvəllüdlü x1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən Qəbələ Rayon Məhkəməsinin 2(025)-313/2009 saylı, 11 sentyabr 2009-cu il tarixli məhkəmə əmri əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 60 (altmış) manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti 01 oktyabr 2015-ci il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına 27.11.2015-ci il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədi ilə Əmək və x3 Nazirliyi yanında Dövlət x6 Qəbələ rayon şöbəsi, Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət x7 sorğular edilmiş, lakin borclunun adına heç bir əmlak növləri aşkar edilməmişdir. Müxtəlif tarixdə borcluya tələbkara olan borc məbləğini ödəməsi üçün yenidən vaxt verilmiş və ona bu barədə dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Lakin buna baxmayaraq heç bir nəticəsi olmamış, icra sənədi tam təmin edilməmişdir. Bundan başqa Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 1(025)-10/2019 nömrəli hökmünə əsasən Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 4140 manat borcu qalmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru x5 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclunun barəsində dəfələrlə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokollar tərtib edilmişdir. Həmçinin Şəxs aliment öhdəliklərini yerinə yetirmədiyi üçün AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda qeyd edilən hökmün icrasına nəzarəti Qəbələ rayon İcra və probasiya şöbəsi həyata keçirir. Lakin Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 1(025)-10/2019 nömrəli hökmü ilə Şəxs cəza təyin edildikdən sonra yenidən aliment borcundan ödəniş etməmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda isə Şəxs 4140 manat məbləğində qalıq aliment borcu vardır. Lakin qalan aliment borcunun çox hissəsi əvvəldən yığılmış aliment borcudur. Zərər çəkmiş Zərərçəkmiş şəxs isə təkidlə aliment borcunun ödənilməsini tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, hal-hazırda aliment borcuna görə Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 1(025)- 10/2019 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdədir. Ona görə də, məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs tərəfindən ödənilməli olan 4140 manat məbləğində aliment bu günə qədər ona məlum olmayan üzürsüz səbəblərdən tam şəkildə ödənilməmişdir. Məhkəmədən bunların nəzərə alınmasını, Şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş edir. Beləliklə, Məhkəmə icra məmurunu, zərər çəkmiş şəxsi və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Məhkəmə qeyd edir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzürsüz səbəbdən icra etməməyə yönəlmiş qərəzli hərəkətlərinin olmasına Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 1(025)-10/2019 nömrəli hökmü ilə hüquqi qiymət verilmiş, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırda da cəzasını cəkir. Şəxs yenidən aliment borcunu ödəməməsi onun əməlində İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması mənasına gəlmir. Göründüyü kimi Zərərçəkmiş şəxs Şəxs tələb etdiyi aliment məbləğinin çox hissəsi Şəxs barəsində ittiham hökmü çıxarılarkən mövcud olmuş və buna məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Hal-hazırda Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasında nəzərdə tutulmuş inzibati xətanın tərkibi olsa da, onun barəsində həmin fakt üzrə cinayət işinin başlanması, barəsində məhkəmə hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi və cəzasını çəkib qutarmaması səbəbindən inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 1(025)-10/2019 nömrəli hökmündən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin plenum qərarından görünür ki, şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin hazırkı halda müəyyən edilir ki, Şəxs məhkəmə aktını qərəzli olaraq icra etməməsinə görə Qəbələ Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli 1(025)-10/2019 nömrəli hökmü ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını tam çəkib qutarmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan, Şəxs tərəfindən cəzası tamamilə çəkib qutarmadığından onun barəsində yenidən həmin aliment borcuna görə inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz. “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli Qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır. Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Göründüyü kimi inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Lakin göründüyü kimi Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzürsüz səbəbdən icra etməməsinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin cəzanı çəkib qurtarmamışdır və bu səbəbdən onun barəsində yenidən inzibati tənbeh tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən həmin fakt üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 01 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 01 iyul 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar