Məhkəmə qərarları › İş №3(025)-271/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-271/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-271/2025 20.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1970-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Xırxatala kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 333-1.2 və 329.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7212017) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 19:45 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində etibarnamə ilə idarə etdiyi “Vaz 21063 Minik” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən təhlükəsizlik kəmərini bağlamadan idarə etdiyinə görə saxlanılmış və yoxlanılarkən avtomibili narkotik vasitə olan marixuana qəbul edərək il ərzində təkrarən idarə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, bir neçə gün bundan qabaq Ağdaş şəhərində olarkən etibarnamə ilə idarə etdiyi “Vaz 21063 Minik” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobilinə toy mərasimində iştirak edən şəxlər minmiş və narkotik vasitə olan marixuanadan istifadə etmişlər. Həmin vaxt o, sərnişinlərdən az miqdarda narkotik vasitə olan marixuana alıb istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə, saat 19:45 radələrində Qəbələ şəhərində Heydər Əliyev prospektində idarə etdiyi “Vaz 21063 Minik” markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış və müayinə olunarkən narkotik vasitənin təsirinin getmədiyi aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 77 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktına əsasən Şəxs müayinə zamanı sidikdə THC (+) aşkarlanmış və onun yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333-1.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin inzibati xətanın təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 333-1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaların xarakterinə görə Şəxs barəsində İXM-nin 333- 1.2 və 329.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.2 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 7212017) törədilməsində təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 15 ( on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 20 iyun 2025-ci il tarixdən saat 11:50-dən hesablansın. Qərarın icrası Qəbələ rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar