Məhkəmə qərarları › İş №3(025)-273/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-273/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-273/2020 10.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Zərərçəkmiş şəxsnın iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, İmamlı kəndində anadan olmuş, Qəbələ rayonu, İmamlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14.06.2020-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 iyul 2020-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs 14.06.2020-ci il tarixdə aralarında yaranmış münaqişə zəminində Zərərçəkmiş şəxs döymüş, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs bu barədə 14.06.2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə məlumat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 14.06.2020-ci il tarixdə axşam saatlarında kənddəki ona və ailəsinə məxsus pay torpağında əmisi oğlu Adəm ilə birlikdə Adəmə məxsus Kamaz markalı yük avtomobilinə ot bağlaması yığırdı. Onların yerin qonşluğundakı sahədə həmkəndlisi Asif Məhərrəmovun yerində tanımadığı şəxs traktor ilə ot bağlayırdı. Zərərçəkmiş şəxs həmin traktorun yanına gedərək “məni narahat edirsiz, istirahətimi pozursuz” deyərək onu söyüb təhqir etdi. Daha sonra öz həyətinə gəldi. Həmin şəxsin həyəti ilə onların torpaq sahəsi qonşudu. Daha sonra o itini açaraq onların üstünə hücüm etdirdi. O da buna görə yaba ilə onun itini vurdu. Həmin şəxs onları söyüb təhqir etdi. Daha sonra həyətinə gedərək bıçaq alıb gəldi. Həmin şəxs onların üstünə hücüm çəkdi. Nalayiq ifadələr ilə söyüb təhqir etdi. Onlar da söyüşlərə dözməyib əsəbiləşib məcbur olub onu vurdular. Belə ki, o, Rövşənin qolundan yabanın sapı ilə bir neçə dəfə zərbə vurdu, daha sonra isə ayağına da yabanın sapı ilə zərbələr vurdu. Həmçinin ona əmisi oğlu Adəm Hacıyev əli ilə zərbələr vurdu. Həmin zaman Rövşənin arvadı həyətdən qışqıraraq Rövşəni çağırırdı. Onlar həmin şəxsi vuran zaman o deyirdi ki, “vurun sizin damınızı satdıracam”. O, ləzgi olduğu üçün ona deyirdi ki, “siz ləzgilərin burada yeri yoxdur”. Mübahisə zamanı onun iti Rövşənin sağ ayağının baldır hissəsindən dişləyərək xəsarət yetirdi. Mübahisə sakitləşdi, onlar otu bağlayıb gedən zaman o ayağını kamazın təkərinin altına salmaq istədi və dedi ki, “qoymayacam gedəsiz.” Bu zaman o Rövşənə yaxınlaşaraq sinəsindən vuraraq kənara itələdi. Daha sonra oradan çıxıb getdilər. O həmçinin Adəmə məxsus Kamazı yandırmaq istəyirdi. Onların Rövşən ilə 4 ildir ki, yol ilə bağlı mübahisəsi var, Rövşən onların bağ sahəmizə gedən yolu bağlayıbdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 14.06.2020-ci il tarixdə axşam saat 23:00 radələrində yaşadığı evin içində həyat yoldaşı Gülçiçək İbrahimova ilə birlikdə barama qurdunu təmizləyirdilər. Adəm özünə məxsus kamaz markalı yük avtomobili ilə həyətinin yanında əmisi oğlu Niyazi ilə birlikdə ot yığırdılar. Bu zaman həmin şəxslərdən biri Kamaz markalı yük avtomobilinə təxminən 20 dəfə siqnal verdi. O, həyətindən çıxaraq onlara yaxınlaşdı. Onlar ilə salamlaşıb “evdə uşaqlar yatıb niyə siqnal verirsiz” dedi. Həmin şəxslər onu yanlarına çağırdı. O da getdi. Onların hər ikisinin əlində yaba var idi. Niyazi Hacıyev ilk olaraq yabanın sapı ilə onun sol qolundan bir dəfə zərbə vurdu. O, Niyaziyə qışqıraraq “məni niyə vurursuz” dedi. Bu zaman Adəm Hacıyev bel nahiyyəsindən yabanın sapı ilə bir dəfə də zərbə vurdu. Həyətdən yoldaşı vurmayın deyə qışqırdı. Bu zaman hər ikisi onu yabanın sapı ilə vurmağa başladılar. Bel nahiyyəsinə və alnına zərbə vuran Adəm Hacıyev, sol qoluna, sol ayağının bud nahiyyəsinə zərbə vuran isə Niyazi Hacıyev idi. Ən çox ona zərbə vuran Niyazi Hacıyev idi. O, həmin şəxsərin əlindən qaçmaq istəyəndə Adəm Hacıyev yabanın iti hissəsini sağ ayağının baldır hissəsinə vurdu və ayağı xəsarət aldı. Bu zaman həyat yoldaşı və 12 yaşlı böyük qızı Sunay qışqırdı ki, bəsdir, vurmayın. Niyazi həmin zaman dedi ki, “kaş bunu təkərin altına salardıq”. Bundan sonra mübahisə sakitləşdi və o, evə gələrək 103 və 102 xidmətinə məlumat verdi. Həmin şəxslər onu vuran zaman ona və ailəsinin ünvanına qarşı nalayiq ifadələr işlədirdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və x4-Təcrübi və Tədris Birliyinin 16.06.2020-ci il tarixli, 272 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi müayinəsi zamanı bədən səhtində aşkar edilmiş xəsarətlər- alının orta hissəsinin, sol çiyinin sol baldırın arxa yuxarı 1/3-nin, sol bel nahiyyəsinin, sağ baldırın arxa yuxarı 1/3-nin sıyrıqları və sağ baldırın arxa yuxarı hissəsinin səthi deşilmiş zədəsi, sol bazunun bayır yuxarı 1/3-nin, sol saidin bayır yuxarı 1/3-nin, sağ bazunun arxa aşağı 1/3-nin, sol kürək hissəsinin, sol budun arxa orta 1/3-nin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 14.06.2020-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Nadirov tərəfindən tərtib edilmiş 09 iyul 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, x2 barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə x1 törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində azyaşlı uşağın olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, x2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar