Məhkəmə qərarları › İş №3(025)-276/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-276/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-276/2025 07.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X1, qərarından şikayət verilən orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ rayon Polis şöbəsinin X9 bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X2 iştirakları ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714839 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714839 nömrəli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan “Ford Tranzit” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Qəbələ şəhəri, Heydər Əliyev prospektində hərəkət edən zaman ailə üzvünün marketə girməsi üçün yolun kənarında avtomobilini saxlamışdır. “SMS Radar” proqramı vasitəsilə ona sms gəlmişdir. Barəsində İXM-nin 346.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Qeyd olunan qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, həmin maddə ilə inzibati tənbeh xüsusi subyektlər barəsində tətbiq oluna bilər. Onun istifadəsində olan nəqliyyat vasitəsi ümumi istifadə deyil. Avtomobilin sərnişin daşıma təyinatlı olması həmin avtomobilin ümumi istifadədə olması kimi qiymətləndirilməsi və bu səbəbdən ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanunsuzdur. Nəqliyyat vasitəsinin ümumi istifadədə olması onun ictimaiyyətin istifadəsinə açıq olması deməkdir. O, sərnişin daşıması ilə məşğul olmur. Ailə maşınıdır. Onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Həmin ərazidə dayanma və durmanı qadağan edən hər hansı nişan belə yoxdur. Məhkəmə iclasında şikayətçi X4 şikayətdə göstərilənlərə uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan Qəbələ rayon Polis şöbəsinin nümayəndəsi, Qəbələ rayon Polis şöbəsinin X9 bölməsi inzibati təcrübə üzrə baş inspektor, polis kapitanı X5 izahatında bildirmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 17:29-da idarə etdiyi “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə 100 (bir yüz) manat cərimə edilmişdir. Onun ümumi istifadədə olan nəqliyyat vasitəsini qanunsuz yerdə saxlamağı barədə video görüntünü də məhkəməyə təqdim etmişdir. Həmin görüntüdən də görünür ki, Ətraf Abdullayev İXM-nin 346.3-cü maddəsinin tələblərini pozmuşdur. Şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714839 nömrəli qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 17:29-da idarə etdiyi “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və səlahiyyətli orqan tərəfindən 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin portal çıxarışından görünür ki, “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda saxlanılmış və avtomobilin şəkilləri çəkilmişdir. Məhkəmə araşdırması zamanı Qəbələ rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş CD diskə köçürülmüş videogörüntüdən görünür ki, X4 “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırır, sənrişin düşdükdən sonra isə hərəkətinə davam edir. “Elektron məhkəmə” sistemindən çıxarılmış və iş materiallarına əlavə edilmiş X3 məxsus “Vergi məlumatları”ndan görünür ki, Ətraf Abdullayevə məxsus VÖEN: ********** aktiv fəaliyyət göstərməkdədir və sözügedən VÖEN-nin fəaliyyət istiqaməti “Nəqliyyat vasitələrinin kirayəsi (çater daşımaları) ilə bağlıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 52-ci maddəsinin İV bəndinin 7-ci hissəsinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə görə Ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 17:29-da idarə etdiyi “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Aslanov küçəsində ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714839 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X4 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 122.1-ci maddəsinə görə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.2-ci maddəsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır 122.6-cı maddəsinə görə barəsində bu Məcəllənin 122.1, 124.5 və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs bu Məcəllənin 125.2.1, 125.2.2 və ya 125.2.3-cü maddələrində müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni ödəyə bilər. İşin hallarından görünür ki, İXM-in 346.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülmüş, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənərək, təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilmişdir. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 346.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi şikayətində göstərmişdir ki, “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etsə də, həmin avtomobil ümumi istifadədə olan nəqdliyyat vasitəsi deyil. Lakin şikayətçinin bu dəlilləri məhkəmə tərəfindən işin araşdırılmış halları ilə təkzib olunmuşdur. Belə ki, “Elektron məhkəmə” sistemindən çıxarılmış və iş materiallarına əlavə edilmiş X3 məxsus “Vergi məlumatları”ndan görünür ki, Ətraf Abdullayevə məxsus VÖEN: ********** aktiv fəaliyyət göstərməkdədir və sözügedən VÖEN-nin fəaliyyət istiqaməti “Nəqliyyat vasitələrinin kirayəsi (çater daşımaları) ilə bağlıdır. Göründüyü kimi şikayətçi Ətraf Abdullayev qərarın ləğv edilmə əsası kimi göstərdiyi hal, yəni “Ford Transıt” mikroavtobus markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ümumi istifadə üçün deyil, şəxsi istifadə üçün istifadə etməsi barədə qeydləri həqiqəti əks etdirmir. X6 məhz sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün Vergi orqanında qeydiyyata alınmış və hal-hazırda da VÖEN-i aktivdir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714839 nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28714839 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar