Məhkəmə qərarları › İş №3(025)-282/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-282/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-282/2025 30.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTUBİ-nin polis kapitanı X5, Qəbələ rayon prokurorunun köməkçisi X6, Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakları ilə 2009-cu il yanvarın 05-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi İlkin Göyçəlinin 16 iyun 2025-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞnin DYPB-nə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X9 tərəfindən 30 iyun 2025-ci il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X9 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 01 radələrində X3na məxsus “VAZ 21061” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ şəhəri ərazisində sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnamə olmadan idarə edərək maneəni vurma növlü nəqliyyat hadisəsi törətmiş, bununla da T.Yolçuyevə ümumilikdə 1442 manat ziyan vurmasına səbəb olmuşdur. Müstəntiq tərəfindən cinayət işinin başlanması rədd edilərək protokol tərtib edilməsi ona həvalə olunmuşdur. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə izahat verən zaman Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə özünü təqsirli bilib göstərdi ki, Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində yerləşən nömrəsiz evdə yaşayır. Atası 1 il qabaq xəstəlikdən öldüyü üçün anası ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixdən 2025-ci il tarixə keçən gecə onda avtomobil sürmək həvəsi yaranmışdır. xx.xx.2025-ci il tarixə gecə saat 01 radələrində yaşadığı küçəyə, yəni Məcid Mərdanov küçəsinə getmişdir. Dostu Elcana zəng edərək onu küçəyə dəvət etmişdir. Elcan da küçəyə çıxmışdır. Birlikdə küçədə söhbət etmişlər, eləcə gəzmişlər. Lakin Elcana avtomobil qaçırmaq istədiyi barədə heçnə deməmişdir. Bundan sonra isə küçəyə, yəni Surə Kərimova adına olan küçəyə gəzərək getmişlər. Elcana demiş ki, onu gözləsin, gələcək. Lakin yenə də Elcana deməmiş ki, avtomobil qaçıracaq. Elcandan təxminən 50 metr aralaşmışdır. Artıq Elcan onu görmədiyi yolda imiş. Qarşıda bir ağ rəngli VAZ2106 markalı, ** BL *** nömrə nişanlı avtomobilin hərəkətsiz vəziyyətdə dayandığını görmüşdür. Həmin avtomobilin sükan hissəsinə vaxınlaşdıqda görmüş ki, avtomobilin mühərrikini işə salan açarı avtomobilin üzərindədir. Bundan sonra avtomobilin şüşələrini əli ilə yoxlamış ki, aşağı endirsin. Nəticədə həmin avtomobilin arxa sağ rəsini aşağıya endirə bilmişdir. Sonra isə həmin pəncərədən əlini avtomobilin salonuna daxil edərək sağ qapını açmışdır. Bundan sonra avtomobilin arxa salonuna əyləşərək qabaq sol qapını, yəni özü tərəfdən qapının kilidini açmışdır. Sonra avtomobildən yerə düşmüş və sükan arxasına əyləşərək mühərriki açarla işə salmışdır. Bundan sonra isə avtomobili idarə edərək Elcanın olduğu yola getmiş, yanında avtomobili saxlamışdır. Elcana demiş ki, avtomobilə əyləşsin. Elcan da avtomobilə minmişdir. Elcan ondan soruşmuş ki, avtomobili haradan almışdır? Elcana demiş ki, "boş ver, otur”. Bundan sonra avtomobili idarə edib təxminən 50 dəqiqə müddət ərzində sürmüşdür. Avtomobil ilə Nərimanov küçəsi kimi bildiyi küçədə saatda 70 km/saat sürətlə hərəkətdə imiş. Həmin vaxt sürətlər qutusunu 3-dən 2-yə yerini dəyişdirmək istəmiş, bu zaman isə rol kilidlənmiş və sağda yerləşən işıq dirəyinə ön sağ hissəsi dəyərək dayanmışdır. Avtomobildən düşüb oradan uzaqlaşmışlar. Daha sonra Qəbələ RPŞ-nin əməkdaşı Elçin müəllimə zəng edərək bu barədə məlumat vermişdir. Avtomobili qaçıran zaman tək olmuş, heç kim köməklik etməmiş, nə də heç kim istiqamət verməmişdir. Avtomobili sürmək məqsədilə qaçırmış, avtomobili oğurlamaq fikri olmamışdır. Avtomobilə dəymiş ziyanı ödəməmişdir, lakin zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Etdiyi əməldən çox peşmandır. Bir də bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin və yaşının az olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Qəbələ rayon prokurorunun köməkçisi X2 Hacıyev barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Qəbələ Rayon İcra Hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X7 izahatında göstərdi ki, Şəxs 16 yaşına çatana qədər onun barəsində dəfələrlə inzibati materiallar daxil olmuşdur. Bu da Şəxs islah olunmayan şəxs olmasını göstərir. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs X3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala zərərçəkmiş şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı İlkin Göyçəlinin 16 iyun 2025ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/464 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - HK-1/464 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. - Materiala əlavə edilmiş 08 may 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs alkoqol miqdarı 0,000 %0, yəni, ayıq olmuş, alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. - Materiala əlavə edilmiş ünvan 2 ünvanında yaşayan Şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxslə barışmışlar və Şəxs şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələrinin tərkibi vardır və 332.4-cü maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə keçən gecə saat 01 radələrində X3na məxsus “VAZ 21061” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili Qəbələ şəhəri ərazisində sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnamə olmadan idarə edərək maneəni vurma növlü nəqliyyat hadisəsi törətmiş, bununla da T.Yolçuyevə ümumilikdə 1442 manat ziyan vurmasına səbəb olmuşdur. Bu səbəbdən onun Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 16.1-ci maddəsinə əsasən İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 16.2-ci maddəsinə əsasən İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Müvafiq dövlət orqanları həmin inzibati xətalar haqqında işləri inzibati xətanın aşkar edildiyi vaxtdan 2 iş günü müddətində uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara göndərirlər. Həmin Məcəllənin 54.6-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİnə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar