Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-288/2021 11.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin YPXBİnin inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09.05.2021-ci il tarixdə, saat 22:30 radələrində idarə etdiyi “VAZ-21011” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilli nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə təkrarən idarə etmişdir. Hadisə ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinin YPXBİ-nin inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin YPXBİ-nin inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs 09.05.2021-ci il tarixdə, saat 22:30 radələrində idarə etdiyi “VAZ-21011” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ Rayon Polis Şöbəsinin giriş qapısını sındırdıqdan sonra özünü şöbənin həyətində yandırmış, araşdırma zamanı sürücünun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 09.05.2021-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək ona DYPB-nin əməkdaşları tərəfindən 500 manat cərimə yazıldığı üçün özünü və avtomobilini yandıracağı barədə məlumat vermişdir. Belə ki, o, ünvan 2 ünvanında yaşayır, heç bir yerdə işləmir, təxminən 15 gün əvvəl evdə olan zaman saat 22 radələrində anası Südabə Şirinova narahatlaşdığı üçün bacısı Aygün 103 xidmətinə zəng edərək TTY çağırdı, həmin vaxt TTY işçiləri onların evini tapa bilmədiyi üçün və TTY işçiləri onu yola çağırdığı üçün o, məcbur olaraq etibarnamə ilə idarə etdiyi VAZ21011 markalı, **-BJ-*** dövlət qeydivat nişanlı avtomobili səxroş vəziyyətdə idarə edərək TTY işçilərinin qarşısına getdi. O, avtomobil ilə Embavud mebel evinin qarşısında TTY-ni təxminən 1 saat gözlədi, daha sonra TTY işçiləri gəldikdən sonra onlarla arasında münaqişə yaranmış, bununla bağlı Qəbələ rayon polis şöbəsində araşdırma aparılmış, daha sonra isə onu polis şöbəsinə DYPB-nin rəisi Aydın adlı şəxs çağıraraq ona 500 manat cərimə tətbiq etmişdir, o nə qədər vəziyyəti ona başa salmağa çalışsa da, onlar yenə də onun sözlərinə məhəl qoymayaraq ona cərimə yazmışlar. Həmçinin o, 2019-cu il tarixdə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmişdir. Bu səbəblə də o, əsəbləşdiyi üçün 09.05.2021-ci il tarixdə özünə məxsus evdə 3 bakal pivə içdi, daha sonra isə o, VAZ21011 markalı, **-BJ-*** nömrəli avtomobilini içkili halda sürərək şöbənin qarşısına gəldi, şöbənin qarşısında o, DİN-in 102 xidmətinə zəng etdi, daha sonra isə əvvəlcədən avtomobilində ehtiyyat saxladığı iki litrlik butulkada olan benzini öz oturacağının yanına qoydu. Şöbənin qarşısında o, benzinin bir hissəsini üzərinə tökdü, daha sonra isə avtomobili idarə edərək RPŞ-nin qapısına vurub qapını açdı. Həmin vaxt qapının üzərində olan nişanlar sınaraq yerə tökülmüşdü, daha sonra RPŞ-nin qapısı onun avtomobili vurması nəticəsində açdığı üçün icazəsiz olaraq RPŞ-nin həyətina daxil oldu və RPŞnin inzibati binasının giriş hissəsinin zolaqlar olan hissəsində saxlayaraq avtomobildən yerə düşdü, düşən kimi benzin butulkasından biraz da üzərinə benzin tökdü. Bu zaman polis əməkdaşları onu tutaraq saxladı ki, özünü yandırmasın. Lakin o əlində olan alışqan vasitəsilə özünü yandırdı. Bu zaman isə polis əməkdaşları onun üzərinə ədyal ataraq söndürdülər. Törətdiyi əməldən peşimandır. İşdə olan Qəbələ RPŞ DYPB-nin rəisi polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs 21.08.2019-cu il tarixdən 10.08.2021-ci il tarixədək sürücülük hüququ məhdudlaşdırılmışdır. Şəxs il ərzində təkrar olaraq sürücülük hüququ olmadan avtomaşını sərxoş vəziyyətdə idarə etmişidir. İşdə olan Qəbələ RPŞ DYPB-nin rəisi polis mayoru Aydın Heydərov tərəfindən qəbul edilmiş 06 may 2021-ci il tarixli, MN № ******* saylı qərarın sürətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan 10 may 2021-ci il tarixli 05 saylı “İnzibati qaydad tutulma haqqında” protokolun surətindən görünür ki, Şəxs 10.05.2021-ci il tarixdə saat 14:40-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 may 2021-ci il tarixdən saat 14:40-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-288/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-288/2021
11.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver