Məhkəmə qərarları › İş №3(025)-289/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-289/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-289/2023 07.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən yaşayış ünvanında müvafiq icra hakimiyyəti orqanında xüsusi icazə almadan 1 (bir) ədəd, 16 kalibirli, tək lülə, 22605 nömrəli 1951-ci il istehsalı olan yivsiz lüləli ov silahı əldə edərək saxlanılmışdır. Şəxs həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Zamiq Nadirov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə, Qəbələ rayonu, Nic qəsəbəsində Şəxs 1 ədəd 16 kalibirli, tək lülə, 22605 nömrəli 1951-ci il istehsalı olan yivsiz lüləli ov silahı qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərdi ki, yaşadığı evdə saxladığı bir ədəd, tək lülə, 16 kalibrli, 22605 nömrəli, 1951-ci il istehsalı olan müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı silah mərhum babasına məxsusdur. Babasının silaha aid heç bir sənədi olmayıb. Babası rəhmətə getdikdən sonra atasına, atası rəhmətə getdikdən sonra sözü gedən silah ona qalmışdır. Həmin silaha aid heç bir sənədi yoxdur. Ov tüfəngindən istifadə etmədiyindən sənədləşdirməmişdir. Hansı sənədləşdirmə işlərinin zəruri olması barədə məlumatı olmayıb. Atasından qaldığı üçün silahı evdə təhlükəsiz yerdə saxlamışdır. Həmin silahı istifadə etməmiş və ya kiməsə verməmişdir, yaşadığı evdə divanın içərisində saxlamışdır. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru Zamiq Nadirov tərəfindən tərtib edilmiş 11 iyun 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli işdə olan özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd, 16 kalibirli, tək lülə, 22605 nömrəli, 1951-ci il istehsalı olan yivsiz lüləli ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar