Məhkəmə qərarları › İş №3(025)-29/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-29/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-29/2022 18.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon prokurorunun böyük köməkçisi X1, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1996-ci il yanvarın 03-də Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayon, Zarağan 2, Qaçqın şəhərciyində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ rayon Prokurorluğundan daxil olmuş materialda göstərilir ki, vətəndaş Şəxs mülki paltarda olan polis əməkdaşı Zərərçəkmiş şəxs döyüb qəsdən fiziki ağrı yetirmələ, ona alının orta yuxarı hissəsinin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin ön sol orta hissəsinin və sağ əlin üst səthinin bayır tərəfin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Bununla da 18 yanvar 2022-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Qəbələ rayon prokurorunun böyük köməkçisi X2 göstərdi ki, araşdırma nəticəsində 27 dekabr 2021-ci il tarixdə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, eyni zamanda müəyyən edilmişdir ki, vətəndaş Şəxs mülki paltarda olan polis əməkdaşı Zərərçəkmiş şəxs döyüb qəsdən fiziki ağrı yetirmələ, ona alının orta yuxarı hissəsinin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin ön sol orta hissəsinin və sağ əlin üst səthinin bayır tərəfin qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Bununla da 18 yanvar 2022-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Qeyd olunanlar araşdırma zamanı alınmış izahatlar, 02.12.2021-ci il tarixli tibbi eksper rəyi və digər sənədlərlə təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, təxminən bir müddət əvvəl dayıısı X11 və onun həyat yoldaşı X9 arasında ailə münaqişəsi yaranmış və onlar boşanmaq qərarına gəlmişlər. Buna görə dayısının qaynanası Mətanət və qaynatası Seymur onların yaşadıqları Qəbələ rayonu Zarağan-2 şəhərciyinə söhbət etməyə gəlmişlər. Aralarında olan münaqişədən bir neçə gün sonra, yəni 02.12.2021-ci il tarixdə saat 11 radələrində o, həyat yoldaşı ilə birlikdə rayona getmək istəyən vaxt dayısı Vaqif Bağırov onun evinin qarşısında yük maşınının dayandığını demiş və onların kim olduqlarını soruşmuşdur. Həmin vaxt o, dayısının qaynatası Seymur və onun adını bilmədiyi qohumlarının dayısının evindən əşyaları yığdıqlarını görüb dayısı iə gedib evdə olan sənədlərinə baxmışlar ki, birdən həmin sənədləri də apararlar. Onlar qapıya çıxanda dayısının qaynanası Mətanət onların evə girməyinə müdaxilə etmişdir. Onlar evə girib, sənədlərin yerində olduğunu gördükdən sonra Mətanət əşyaları götürüb çıxıb getmək istədikdə, bu vaxt anasının xalası Pakizə adlı şəxs bu hadisəni görüb, əşyaları qanunsuz şəkildə aparmamalarını deyib, yük maşının getməsinə icazə vermədikdə dayısının qaynanası Mətanət və Pakizə adlı şəxs mübahisə etməyə başlamışlar. Həmin vaxt binadakı şəxslər səs-küyü eşidib mübahisənin olduğu yerə gəlmişlər. Orada mülki formada adını bilmədiyi şəxsin valideyni Bağırova Cəmiləni dartdığını görüb, həmin adını bilmədiyi şəxsdən “sən kimsən, nəyə görə anamı dartırsan” deyə soruşmuşdur. Həmin şəxs özünü polis əməkdaşı kimi təqdim etdikdə, ondan sənədini göstərməsini tələb etmişdir. Polis də əlini cibinə atmış, cibindən 2 manat pul çıxmış, sənədinin isə evdə olduğunu bildirmişdir. Belə olub həmin şəxsin onu aldatdığını, qarşı tərəfin qohumlarından olduğunu güman edərək, adını bilmədiyi həmin şəxsin bir dəfə başının yan hissəsindən yumruqla vurmuş və həmin şəxs çıxıb getmişdir. Etdiyi hərəkətə görə əməlindən peşmandır və polis əməkdaşı Şəxs dəfələrlə üzr istəmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs barəsində daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 02 dekabr 2021-ci il tarixdə saat 14 radələrində nahar fasiləsi zamanı Qəbələ rayonu Zarağan-2 qaçqın şəhərciyində kirayədə yaşadığı mənzilində olduğu zaman qadın cinsinə mənsub qarışıq qışqırıq səsləri eşitmiş və səsə pəncərəyə yaxınlaşdığı zaman yaşayış binasının qarşısında bir qadının digər yerə uzanılı vəziyyətdə olan qadını boğazından tutaraq boğduğunu görmüş, həmin hadisəni görən kimi dərhal hadisə yerinə düşmüş və həmin qadınların olduqları yerə çatdığı vaxt eyni mənzərəyə şahidlik etdiyi üçün ayaq üstə olan qadının qolundan tutaraq onu yerdə olan qadını boğmasına maneə olmaq istəmiş, bu zaman sonradan adının Vüsal olduğunu bildiyi şəxs qəfildən təpiklə onun sinə nahiyyəsindən vurmuş, nəticədə aldığı zərbədən arxası üstü yerə yıxılmış və həmin vaxt ayağa qalxmağa çalışdığı zaman Vüsalın yanında olan 3 nəfərdən biri təpiklə onun sol ayağının dizdən aşağı nahiyyəsinə zərbə ilə vurmuş, nəticədə o yenə də yerə yıxılmış, aldığı təpik zərbəsindən yerə yıxıldıqdan sonra Vüsal və digər 3 nəfər onu yerdə olduğu zaman təpikləməyə başlamış, nəticədə qarın boşluğunda, qabırğa və alın nahiyələrində, əl və qollarında ağrılar yaranmış, həmin dava zamanı Vüsalın yanındaı 3 nəfər şəxsdən biri onun qolundan tutaraq yerdə sürünmüş, nəticədə sağ qolu dirsəkdən sıyrılaraq qanamışdır. O, vəziyyətin gərginləşdiyini görüb məqam taparaq həmin şəxslərin əllərindən çıxıb bu barədə rayon polis şöbəsinə gələrək raportla məruzə etmişdir. Hadisə zamanı o, heç kimə qarşı fiziki zor tətbiq etməmiş, yalnız özünü müdafiə etmiş və polis əməkdaşı olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, təxminən 3-4 gün qabaq həyat yoldaşı X9 ilə aralarında mübahisə olmuşdur. Həmin günü həyat yoldaşı evdən çıxıb getmişdir. O da ortancıl azyaşlı qızı X7 onunla birlikdə göndərmiş ki, özünə xəsarət yetirməsin. Onların arxasınca özü gedib, həyat yoldaşını evə gətirmiş. 02.12.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, bacısı oğlu Şəxs zəng edərək rayondan evə gələndə evlələrinin qarşısında yük maşını olduğunu görmüşdür və ona bildirmişdir ki, maraqlansın görüm bu yük maşını kimdir. Ona məxsus əşyaların yığıldığını bildikdə isə polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Daha sonra onun qohumları ilə həyat yoldaşının qohumları arasında mübahisə olmuşdur. Mübahisə zamanı adını bilmədiyi şəxs oraya yaxınlaşmış, həmin şəxs Cəmiləni itələyəndə görmüşdür. Onun qarşı tərəfin, yəni həyat yoldaşının qohumları olduğunu güman etmişdir. Mübahisə qurtardıqdan sonra həmin şəxsin polis əmədaşı olduğunu bilmişlər. Şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 Vaqif Yaqub oğlu ilə eyniməzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X6 canlı şəxsin ekspertizasının 10.12.2021-ci il tarixli 605 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alının orta yuxarı hissəsinin, sağ dirsək oynağının arxa səthinin sıyrıqları, döş qəfəsinin ön sol orta hissəsinin və sağ əlin üst səthinin bayır tərəfinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 02 dekabr 2021-ci ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 dekabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs polis əməkdaşı olmaqla xidmətdə olmadığı vaxtı qarşılıqlı dalaşmanı ayırmaq istədikdə ehtiyatsızlıqdan X4 əlinə qəsdən xəsarət yetirməsinə dair xüsusat təsdiq olunmadığından toplanmış 122c-21 saylı material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs mülki paltarda olan polis əməkdaşı Zərərçəkmiş şəxs döyüb qəsdən fiziki ağrı yetirməklə, dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətdiyindən məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar