Məhkəmə qərarları › İş №3(025)-29/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-29/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-29/2025 21.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Şirvan şəhəri, G.Şıxbala oğlu küçəsi, ev 91-də yaşayan Şəxs barəsində AR İXM-nin 329.3 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 6845649) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Qəbələ şəhərində “X3” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış və yoxlanılarkən avtomobili sərxoş vəziyyətdə idarə etdiyi aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Şirvan şəhərində yaşayır və özünə məxsus olan “X3” markalı ** TY *** dövlət nömrə nişanlı avtomobildən istifadə edərək fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə axşam vaxtı yemək yeyərkən spirtli içki qəbul etmiş və sifariş olduğu üçün xx.xx.2025-ci il tarixdə, saat 00:30 radələrində Qəbələ şəhərinə gəlmişdir. Qəbələ şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olarkən Qəbələ rayon polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılmış və alkotestr aparatı ilə yoxlanılaraq sərxoş olduğu aşkar edilmişdir. Bundan sonra o, avtomobilin açarını polis əməkdaşına könüllü surətdə təqdim etmiş və özü də avtomobilə əyləşərək onlarla birlikdə Qəbələ rayon polis şöbəsinə gəlmişdir. İşdə olan 42546 nömrəli qəbzə əsasən xx.xx.2025-ci il tarixdə ALCOUİSOR aparatı ilə yoxlanan Şəxs qanında alkoqolun miqdarı 1,118 pr.ml olmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 333.1-ci maddəsinin “Qeyd” hissəinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxo şluq vəziyyətində olduğu hesab edilir. AR NK-nin xx.xx.2014-cü il tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi QAYDALARİ-nın 2.5-ci bəndinə əsasən səxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən AR İXM-nin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, İXMnin müvafiq maddələrdə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X1 adında uşağıı vardır. Əməlindən səmimi peşmançılıq çəkməsi, himayəsində bir nəfər azyaşlı uşağı olması və ilk dəfə inzibati xəta törətməsi Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alınaraq barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin (İXP 6845649) törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar