Məhkəmə qərarları › İş №3(025)-298/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-298/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-298/2022 25.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1978-ci il iyulun 24-dəQəbələ şəhərində doğulmuş, evli, orta təhsilli,işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 22 iyul 2022-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis işçisinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 22 iyul 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X4 göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis işçisinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, həmin şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, Qəbələ şəhərində yerləşən restoranların birində aşbaz işləyir. Gündəlik bir neçə dəfə spirtli içki qəbul edir. Anasına məxsus evdə yaşayır və dəfələrlı anasını evdə söyərək təhqir etmiş, evin əşyalarının bir qismini sındırmış, bir qismini isə satmışdır. Anası onun bu hərəkətlərinə görə polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Qəbələ rayon Polis şöbəsinin əməkdaşı onu evdən gəlib polis şöbəsinə aparmaq istəyərkən “heç kim mənə heç nə edə bilməz, mən heç kimdən qorxmuram, nə etmişəmsə yaxşı etmişəm, mən polisdən qorxmuram” ifadələrini işlətmişdir. Həmçinin polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahişedir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ İTB-nin sahə polis nəfəri X5 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs polis şöbəsinə gətirmək üçün ünvanına getmişdir. Bu zaman Şəxs onu görüb “heç kim mənə heç nə edə bilməz, mən heç kimdən qorxmuram, nə etmişəmsə yaxşı etmişəm” ifadələrini işlətmişdir. Daha sonra isə küçəyə çıxaraq arxası ilə nalayiq söyüşlər işlətməyə başlamışdır. Onun sərxoş olduğunu hiss etmiş və ona polis şöbəsinə getməli olduğunu izah etmişdir. Lakin Şəxs qeyri-etik hərəkətlər edərək qəsdən onun qanuni tələblərinə tabe olmamışdır. Şəxs hərəkətlərini davam etdirdiyi üçün Qəbələ rayon Polis şöbəsinə gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Şəxs onun oğludur. Oğlu əvvəllər Bakı şəhərində yaşasa da, bu hərəkətlərinə yoldaşı ilə aralarında münasibətlər pozulduğundan Qəbələ rayonuna gələrək onunla yaşamağa başlamışdır. Oğlu Zahir hər gün evə içkili gələrək onu söyür, təhqir edir və evdəki əşyaları sındırır. Oğlunun bu hərəkətlərinə görə Qəbələ rayon Polis şöbəsinə ərazi ilə müraciət etmişdir. Qəbələ rayon Polis şöbəsinin əməkdaşı Şəxs polis şöbəsinə aparmaq istəyərkən polis işçisini təhqir etmiş, polis işçisinin qanuni tələblərinə məhəl qoymamışdır. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Azər Əzəmmədov tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki cənab Nadir Məmmədova ünvanladığı 22 iyul 2022-ci il tarixli Raportda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə X1 RPŞ-yə ərizə ilə müraciət edərək oğlu Şəxs tərəfindən mütəmadi olaraq təhqir olunduğunu, yaşadığı evdən qovulduğunu və həmin evdə qeyri-etik hərəkətlər etməsi barədə məlumat və ərizəsi ilə bağlı oğlu barəsində qanuni tədbir görülməsini xahiş etmişdir Şəxs Qəbələ RPŞ-yə dəvət etmək üçün onun yaşadığı ünvana gedən zaman sonuncu onun ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. AzərbaycanRespublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərindən də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis işçisinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 22 iyul 2022-ci il saat 10:00-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar