Məhkəmə qərarları › İş №3(025)-299/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-299/2020

04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-299/2020 04.08.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytnantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytnantı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs evindən dəyəri 50 manat olan qazan və 30 manat olan döşəmə üçün nəzərdə tutulan örtüyü oğurlayaraq xırda talama hadisəsi törətmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytnantı X2 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə bacısı Zərərçəkmiş şəxs evindən dəyəri 50 manat olan qazan və 30 manat olan döşəmə üçün nəzərdə tutulan örtüyü oğurlayaraq xırda talama hadisəsi törətmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə özünü təqsirli bildi və izahatında göstərdi ki, bacısı Zərərçəkmiş şəxs ilə bir həyətdə birləşik evlərdə yaşayırlar. Uzun müddətdir ki, bacısı Zərərçəkmiş şəxs hal-hazırda yaşadığı evin ona yadigar qaldığını və onun da orada yaşamalı olduğunu bildirdiyi üçün aralarında mütəmadi münaqişələr baş vermişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində bacısının yaşadığı evi boşaldaraq çıxmadığı üçün əsəbləşərək onun yaşadığı evin pəncərəsinin bir neçə gözünün şüşələrini dirsəyi ilə vuraraq qırmış və pəncərənin yaxınlığında yerləşdirilmiş iki ədəd dəmir materialından hazırlanmış qazanı və bir ədəd döşəməyə salmaq üçün nəzərdə tutulmuş xalçanı götürmüşdür. Qazanları həyətdəki gül kollarının arasına atmış, örtüyü isə aparıb yaşadığı evin qarşısındakı pilləkənin üzərinə sərmişdir. Törətdiyi əməldən çox peşimandır, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə qardaşı Şəxs ona məxsus evinin pəncərəsinin şüşələrini sındırmışdır. Həmçinin evdən 2 ədəd hal-hazırda ümumilikdə təxminə qiyməti 50 manat olan qazanın, 1 ədəd uzunluğu təxminən 10 metr olan halhazırki qiyməti 30 manat olan döşəməyə salmaq üçün nəzərdə tutulmuş örtüyü oğurlamışdır. Bunun əvəzində ona xarab və yararsız vəziyyətdə olan qazan qaytarmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Şəxs artıq bir neçə dəfədir ki, eyni əməllərə dəfələrlə yol verdiyinə görə onunla barışmır və onun barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytnantı Fəird Nizamlının xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK- 1/745 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhəri, V.Qəhrəmanov küçəsində yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədinin xx.xx.1972-ci ildə Qəbələ rayonunda anadan olmuş Şəxs sağ əlinin böyük barmağı ilə eynilik müəyyən edilmişdir İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs oğurluq yolu ilə özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Odur ki, məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar