Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-30/2024 18.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs Abduyeva (Rəhmanlı) Röya Çingiz qızı, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Yengicə kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 18 yanvar 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı xx.xx.2021-ci il tarixli və 2(025)-1068/2023 saylı xx.xx.2023cü il tarixli icra vərəqələrinə əsasən icra məmurunun qanuni tələbini yerinə yetirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Qəbələ rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı xx.xx.2021-ci il tarixli və 2(025)-1068/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini Şəxs yerinə yetirmir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq cavabdeh Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1068/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 03 mart 2012-ci il təvəllüdlü X3 və 20 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ümumilikdə 4850 (dörd min səkkiz yüz əlli) manat ödəniş etmişdir. Hal-hazırda Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(025)-1068/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 1600 manat borcu vardır. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş Abduyeva (Rəhmanlı) Röya Çingiz qızı isə Şəxs borcunu ödəməsini təkidlə tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ümumilikdə ayrı-ayrı vaxtlarda 4850 (dörd min səkkiz yüz əlli) manat ödəmiş, hal hazırda 1600 (bir min altı yüz) manat aliment borcu qalmışdır. İki aydır ki, "xxxx" MTK-ya mühafizəçi vəzifəsinə qəbul olunmuş, əmək haqqısı 370 manatdır. Son iki ayı 300 manatdan ödənişlər etmişdir. Hal-hazırda maddi vəziyyəti yaxşı olmadığından əvvəlki aylara görə yaranmış aliment borcunu ödəmək üçün çətinliklər yaranır. Sözügedən borcu ödəməkdən yayınmır, çalışacak ki, hər ay ödədiyi 300 manat aliment məbləğindən artıq 50-70 manat da ödəyəcək, çünki borcun olmamağını istəyir. Həbs olunsa yeni qəbul edilmiş işi itirə bilər, bununla da maddi durumu ağırlaşacaq. Sonda isə göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Abduyeva (Rəhmanlı) Röya Çingiz qızı izahatında göstərmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(025)-1068/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsini icra etmir. 1600 (bir min altı yüz) manat aliment borcunu tələb edir. Hər ay Babək ödəniş etsə də əvvəldən yığılan qalıq borcu ödəmir. Dəfələrlə ondan borcun ödənilməsini tələb etsə də, vədlər vermiş, lakin ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcun ödəməkdən qəsdən boyun qaçırmamışdır. Hal-hazırda onun maddi imkanı aşağıdır. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını nəzərdən keçirib, hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat aliment tutularaq cavabdeh Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir - İşdə olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-1068/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 03 mart 2012-ci il təvəllüdlü X3 və 20 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin 18 yanvar 2024-cü il tarixli 219285/6 №-li arayışından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(025)-1068/2023 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs Abduyeva (Rəhmanlı) Röya Çingiz qızına 1600 (bir min altı yüz) manat aliment borcu vardır. - İşdə olan ödəniş cədvəlindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.07.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 250 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2024-cü il tarixdə 300 manat ödəmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1606/2021-016 nömrəli, 14 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2021-ci il tarixli e304338/2021-11-9-002 №-li bildirişin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1068/2023-006 nömrəli, 27 iyul 2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2023-cü il tarixli e219285/2023-11-6-004 №-li bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmişdir. - xx.xx.2023-cü il tarixli e304338/2021-11-6-005 №-li xəbərdarlıq məktubu borclu Şəxs göndərilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-1606/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli və 2(025)-1068/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-30/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-30/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver