Məhkəmə qərarları › İş №3(025)-300/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-300/2021

20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-300/2021 20.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzbati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1963-cü il oktyabrın 08-də Qəbələ rayonu Mıxlıqovaq kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 20 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 12 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 20.05.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 12 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən JN-0498 nömrəli (kod: ********) “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Zərərçəkmiş şəxs, X10, X8, X5, X6 və X3 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) cavabdeh Şəxs qeyriqanuni sahibliyindən alınaraq iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. İcra sənədi 12.01.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və 13.01.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borclulara bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədi təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X15 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, 02.04.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli icra sənədinin icrası ilə bağlı mübahisəli torpaq sahəsinin koordinatları və döngə nöqtələri ekspert tərəfindən göstərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs mübahisəli torpaq sahəsinin döngə nöqtələri ilə tanış edilmişdir. Mübahisəli torpaq sahəsi tam şəkildə tələbkara qaytarılmışdır. Həmçinin icra prossesi videoçəkilişlə lentə alınmışdır. Buna uyğun olaraq 02.04.2021-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. 09.04.2021-ci il tarixdə tələbkar Şəxs şöbəyə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs və ailə üzvlərinin yenidən maneə törətdiyini bildirmişdir. Tələbkarın 02.04.2021-ci il tarixli xitam qərarından şikayəti əsasında Qəbələ Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli 8(025)-50/2021 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, 19.06.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 02.04.2021-ci il tarixli qərar ləğv edilmiş və icra tədbirlərinin davam etdirilməsi üçün şöbəyə göndərilmişdir. Lakin buna baxmayaraq borclu Şəxs yenidən icra sənədinin icrasına maneələr yaratmaqdadır və Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli icra sənədini icra etməyəcəyini bildirir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. Tələbkar isə icra sənədinin icra olunmasında israrlıdır. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Qəbələ Rayon Məhkəməsi və Şəki Apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qətnamələrlə razı deyildir. Belə ki, məhkəmə zamanı ekspert rəyində ciddi nöqsanlar olmuşdur. Bunu səbəb isə dövlət aktında olan koordinatlarla ekspert rəyində göstərilən koordinatların üst-üstə düşməməsi olmuşdur. Ekspert Zərərçəkmiş şəxs xeyrinə mövcud olmayan koordinatları dəyişərək qərar vermişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil bürosunun vəkili X1 Araz Osman oğlunun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və qətnamədən Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə də Qəbələ məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini aldığından icra olunması üçün Qəbələ rayon İcra şöbəsinə göndərilmişdir. 02.04.2021-ci il tarixdə icra məmurlarının və ekspertlərin iştirakı ilə icra sənədi icra olunmuş və bu barədə ərizəsini icra şöbəsinə təqdim etmişdir. Lakin cavabdeh Şəxs tərəfindən maneələr tam aradan qaldırılmamışdır. Belə ki, Qəbələ Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qərarları olmasına baxmayaraq o və ailə üzvləri mülkiyyətlərindən lazımı qaydada istifadə edə bilmirlər. Şəxs və onun ailə üzvləri icra mərhələsi zamanı qazılmış quyuları doldurur, basdırmaları ilə çıxardıb suya atırlar. Beləliklə, hal-hazırda sözügedən icra sənədi tam icra olunmamışdır. Bu səbəbdən icraata xitam verilməsi barədə icra məmurunun qərarının ləğv edilməsi barədə məhkəməyə şikayət vermiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, 19.06.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 02.04.2021-ci il tarixli qərar ləğv edilmişdir. Buna baxmayaraq Şəxs yenidən maneələri aradan qaldırmayacağını bildirir. Şəxs qərəzli olmasını nəzərə alaraq barəsində qanunda nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş edir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli icra sənədinə əsasən JN-0498 nömrəli (kod: ********) “Torpağın mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Zərərçəkmiş şəxs, X10, X8, X5, X6 və X3 birgə mülkiyyətinə verilmiş 1,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.5982 ha, yəni 0498C hissəsi (mütəxəssis tərəfindən tərtib olunmuş plana uyğun şəkildə) cavabdeh Şəxs qeyri-qanuni sahibliyindən alınaraq iddiaçı Zərərçəkmiş şəxs geri qaytarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli 2(107)-1692/2020 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(025)-329/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 13.01.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin İbadovun 02.04.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. - Qəbələ Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli 8(025)-50/2021 nömrəli qərardadına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, 19.06.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru Ramin İbadovun 02.04.2021-ci il tarixli qərarı ləğv edilməsi, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 saylı, 19.06.2020-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. - Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, 13.01.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında icra sənədini icra etməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, məhkəmə qətnamələri ilə razı olmaması barədə Şəxs dəlilləri qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli qətnaməsindən Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 01.09.2020-ci il tarixli 2(107)-1692/2020 nömrəli qətnaməsi ilə də Qəbələ Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəxs tərəfindən isə kassasiya şikayəti verilməmiş və Qəbələ Rayon Məhkəməsinin 2(025)-329/2020 nömrəli, 19.06.2020-ci il tarixli qətnaməsi öz qanuni qüvvəsini almışdır. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda icra məmuru tərəfindən 02.04.2021-ci il tarixdə icra sənədi icra olunmasına baxmayaraq yenidən tələbkara maneələr yaratmışdır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs icra sənədinin icrasını təmin etmədiyini, şəxsiyyətini, yaşını, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar