Məhkəmə qərarları › İş №3(025)-304/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-304/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-304/2021 31.05.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1993-cü il iyun ayının 21-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2021-ci il mayın 29-da saat 20:44 radələrində Qəbələ rayonu Mirzəbəyli kəndi ərazsində “VAZ 2103” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, yol polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş halda idarə etməsi məlum olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı V Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X2 göstərdi ki, Şəxs 2021-ci il mayın 29-da saat 20:44 radələrində Qəbələ rayonu Mirzəbəyli kəndi ərazsində “VAZ 2103” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən, yol polisi əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş halda idarə etməsi məlum olmuşdur. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, 29.05.2021-ci il tarixində idarə etdiyi “VAZ 2103” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayon Mirzəbəyli kəndinə gedərkən yolda onu yol polisləri saxlamış, ondan spirt qoxusu gəldiyi üçün onu həkim müayinəsinə aparmışlar. Müayinə zamanı yüngüldərəcəli sərxoşluq müəyyən olunmuşdur. Əməlindən səmimi peşmançılıq çəkir. Özü İİ Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Müharibədə iştirakına görə medallar da verilmişdir. Göstərilən halların nəzərə alınmasını və ona cərimə cəzası verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsində iştirakını və qazi olmasının nəzərə alınaraq barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin 88 nömrəli, 29 may 2021ci il tarixli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 0,314 ‰ təşkil etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli səmimi etiraf edib peşiman olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı 27.06.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh növünün tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar