Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-306/2022 09.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsidirektoru X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 15 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 54465.00 ABŞ dolları məbləğində vəsaiti 23 iyun 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 33318.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarmamışdır. Xəta 14 aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi-direktoru X2 izahatında bildirdi ki, Şəxs ilə “ZHEJİANG HUAFON NEW MATERİALS CO LTD” şirkəti arasında müvafiq müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “ZHEJİANG HUAFON NEW MATERİALS CO LTD” şirkətinin hesabına malların alınması üçün 23 iyun 2020-ci il tarixdə 54465.00 ABŞ dolları məbləğində pul köçürülmüşdür. “ZHEJİANG HUAFON NEW MATERİALS CO LTD” şirkətinin hesabına köçürülmüş 54465.00 ABŞ dolları məbləği hesabına alınmış mallar Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş 2 il müddətində iki müxtəlif tarixdə ölkəyə daxil olmuş və bununla bağlı sənədlər Azərbaycan Respublikasının Ziraat Bankına təqdim edilmişdir. Müvafiq gömrük rəsmiləşdirilmələri (**********9979 və **********0006 saylı gömrük bəyannamələri) həyata keçirilmişdir. Şəxs tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısını dinləyib, onun məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib,qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli, № 06/1 qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə edilmiş dəyişikliklərə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 (iki) il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğukimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 (iki) ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları 2 (iki) il günərzində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin müvafiq banka təqdim edilməsini tələb edir. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsini, işlərin görülməsini və ya xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq, sadəcə hər-hansı bir səbəbdən onların vaxtında banka təqdim edilməməsi İXM-nın 430.4-cümaddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən xx.xx.2020-ci il tarixində Ziraat Bank vasitəsi ilə “ZHEJİANG HUAFON NEW MATERİALS CO LTD” şirkəti hesabına 54465.00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş, həmin köçürmənin müqabilində müvafiq mallar Azərbaycan Respublikasına idxal edilmişdir (**********9979 və **********0006 saylı gömrük bəyannamələri). Bu da öz növbəsində həmin hüquqi şəxsin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş EP ******* nömrəli, 15 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106- 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankıtərəfindən tərtib olunmuş EP ******* nömrəli, 15 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-306/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-306/2022
09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver