Məhkəmə qərarları › İş №3(025)-307/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-307/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-307/2023 23.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Tikanlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı Rübail Əbdürəhimov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Tikanlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, 2023-cü il iyun ayının 22-də Qəbələ rayon Tikanlı kəndində yaşadığı evdə spirtli içki qəbul etmişdir. Daha sonra kəndin mərkəzinə gəlmiş, çayxanada olarkən içkili olduğu üçün heç bir səbəb olmadan ünvansız nalayiq ifadələr işlədmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələrdə, onların dediklərinə məhəl qoymamışdır. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Sonda isə əməlindən peşiman olduğunu, bir daha belə əməllərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, hal-hazırda Qəbələ RPŞ-də çalışır. İş yoldaşı polis serjantı Elmar Abdullayev ilə birlikdə Qəbələ rayon Bum qəsəbəsində dislokasiya üzrə 6 saylı marşurut üzrə xidmətdə olarkən, sonradan adı məlum olan Qəbələ rayon Tikanlı kənd sakini, Şəxs Qəbələ rayon Tikanlı kəndində X3 icarə əsasında işlətdiyi çay evinin qarşısında, ictimai yerdə, sərxoş vəziyyətdə ünvanlı ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmasına şahid olmuşdurlar. Şəxs yaxınlaşaraq onu nizam-intizama dəvət edib, lakin o, buna məhəl qoymayaraq qəsdən qanuni tələblərə tabe olmayaraq uca səslə nalayiq ifadələr işlətməyə davam etmiş və qəsdən onların əmrlərinə tabe olmamağı davam etdirirdi. Onlar onu məcburi şəkildə Qəbələ RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, 22 iyun 2023-cü il tarixdə Qəbələ rayon Tikanlı kəndində yerləşən icarə əsasında işlədiyi çay evinə kəndlisi Şəxs təxminən saat 19:46 radələrində sərxoş halda gələrək uca səslə ünvanlı ünvansız nalayiq ifadələr işlədib o ona çay evindən getməsini bildirmiş əks halda isə polis cağıracağını bildirmişdir.Lakin o buna məhəl qoymayaraq təkidlə çay evinə girməyə çalışıb. Bu zaman o zəng edərək polis əməkdaşlarına çay evində mübahisə olmasını bildirmişdir. Həmin vaxt ora polis əməkdaşları gələrək Şəxs nizam intizama dəvət etsələrdə o hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları Rəsulu polis şöbəsinə dəvət edərək xidməti maşına əyləşməsini bildirdilər, həmin vaxt Rəsul maşına minməydən imtina edərək polis əməkdaşlarına qarşı tabesizlik gösdərərək yenidən çay evinə daxil olmaq istədi. Lakin polis əməkdaşları Şəxs xidməti maşınları ilə ərazidən uzaqlaşdırdılar.. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 23 iyun 2023-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar