Məhkəmə qərarları › İş №3(025)-308/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-308/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-308/2021 09.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1975-ci il martın 04-də Qəbələ rayon Corlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi 09 iyun 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(008)-9182/2017 nömrəli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş 09.06.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.02.2016-ci il tarixli 2(008)-466/2016 nömrəli icra sənədinə əsasən 29.09.2001-ci il təvəllüdlü X2 və 07.06.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa ayrılıqda 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs Rəhman qızına verilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(008)- 9182/2017 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.02.2016-ci il tarixli 2(008)-466/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Şəxs 29.09.2001-ci il təvəllüdlü X7 və 07.06.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs Rəhman qızının xeyrinə ödənilməlidir. İcra sənədi 25.02.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb tam təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 3041 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, 25.02.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Borclu Şəxs icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. 09 fevral 2021-ci il tarixdə Şəxs barəsində “borclunun axtarılması haqqında” qərar qəbul edilmişdir. O və digər icra məmurları dəfələrlə Şəxs yaşadığı ünvana getsələr də, onu tapa bilməmişlər. Nəticədə Şəxs axtarışnan Qəbələ rayon İcra və probasiya gətirilmişdir. Bundan əlavə “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda isə Şəxs 3041 manat məbləğində yığılmış aliment borcu vardır. Zərərçəkmiş Zərərçəkmiş şəxs Rəhman qızı isə Şəxs ona aliment borcunu tamamilə ödəmədiyini, təkidlə aliment borcunun ödənilməsini tələb edir. Şəxs isə hal-hazırda həmin məbləği ödəməyə maddi imkanı olmadığını, yalnız gələcəkdə hissə-hissə ödəyə biləcəyini qeyd etmişdir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, onun 3041 manat məbləğində aliment borcunun olmasını qəbul edir. Xeyli vaxtdır ki, işsizdir və bu səbəbdən aliment borcunu ödəyə bilmir. Əvvəl işləmiş və aliment borcu onun əmək haqqına yönəldilmişdir. Daha əvvəllərdə mülkiyyətində olan torpaq sahəsini sataraq aliment borcundan xeyli ödəniş etmişdir. O, yenidən ailə qurmuş və himayəsində talassemiya xəstəsi olan qızı vardır. Hal-hazırda isə aliment borcundan hər hansı məbləğdə ödəniş edə bilmir. Aliment məbləğini isə gələcəkdə işləyərsə, hissə-hissə ödəmək niyyətindədir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində yüngül inzibati tənbət tətbiq edilməsini xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs Rəhman qızı məhkəmə iclasında iştirak etməmişdir. İbrahimova X6 rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək məhkəməyə gəlməyə maddi imkanı olmadığını və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala Zərərçəkmiş şəxs Rəhman qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(008)-9182/2017 nömrəli icra sənədinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 26.02.2016-ci il tarixli 2(008)-466/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, Şəxs 29.09.2001-ci il təvəllüdlü X7 və 07.06.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs Rəhman qızının xeyrinə ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin 25.02.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(008)-9182/2017 nömrəli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - “Elektron icra” informasiya sistemindən Çıxarışlardan görünür ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. - 09 fevral 2021-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14.09.2017-ci il tarixli 2(008)-9182/2017 nömrəli icra sənədi üzrə borclu xx.xx.1975-ci il təvəllüdlü Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan Şəxs haqqında axtarış elan edilməsi qərara alınmışdır. Eyni zamanda icra işində olan bildirişin surətindən görünür ki, 25.02.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatı alınarkən, həm də məhkəmə iclasında aliment borcunu maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, hal-hazırda maddi imkanının olmaması barədə Şəxs dəlilləri qəbuledilən hesab edilə bilməz. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun halhazırda maddi imkanı olmaması barədə dəlili uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunmuş aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir. Göstərilən xüsusatlar Şəxs maddi durumunun ağır olmasına, işsiz olmasına yox, aliment öhdəliyinə səhlənkar yanaşmasına və alimenti ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Halbuki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsdə saxlama müddətinin əvvəli 09.06.2021-ci il tarixdən saat 12:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 iyun 2021-ci il saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar