Məhkəmə qərarları › İş №3(025)-308/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-308/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-308/2023 23.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxslər Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə 1989-cu il avqustun 14-də Ağdaş rayonu Kükəl kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu Kükəl kəndində qeydiyyatda olan və yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 23 iyun 2023-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən X6 barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, X6 xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində saat təxminən 13:30 radələrində ictimai qaydanı pozaraq ünvanlı ünvansız nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətləri etmiş, həmçinin xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələr ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X5 göstərdi ki, X6 xx.xx.2023-cü il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospektində saat təxminən 13:30 radələrində ictimai qaydanı pozaraq ünvanlı ünvansız nalayiq ifadələr işlədərək xuliqanlıq hərəkətləri etmiş, həmçinin xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, təxminən bir ay əvvəl İsmayıllı rayonundan Ağdaş rayonuna gedərkən Qəbələ rayonu Zarağan kəndi telefonunu və pulqabını taksidə itirmişdir. Öz telefonuna dəfələrlə zəng etmiş, telefonunu və pulunu oğurladığı şəxs telefonu və pulunu qaytaracağını bildirsə də, qaytarmamışdır. 1 həftə gözləmiş və sonradan “102” xidmətinə zəng edərək məlumat vermişdir. Müraciəti araşdırılması üçün Ağdaş rayon polis şöbəsinə həvalə edilmişdir. Sonradan öyrənmiş ki, material Qəbələ rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə bununla bağlı Qəbələ rayon Polis şöbəsinə gəlmiş, təhqiqatçının yanında olmuş və məlum olmuşdur ki, şikayəti üzrə araşdırılma aparılsa da, müsbət nəticə əldə olunmamışdır. Bundan əsəbləşərək polis şöbəsini tərk etmiş və yoldan keçən taksilərə əl işarəsi ilə saxlatmış və onlarda benzin olub-olmamasını soruşmuşdur. Saxladığı tanımadığı taksi sürücüsü ona 1 manat qarşılığında 1 litr benzin vermiş, həmin benzini götürərək Qəbələ rayon Polis şöbəsinin qarşısına gəlmişdir. Benzinin butulkasının qapağını açaraq üzərinə tökmüş və uca səslə “rəisi bura çağırın” deyərək qışqırmış və sonradan benzini üzərinə tökərək özünü yandıracağı ilə hədələmişdir. Həmin vaxtı polis əməkdaşları ona yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışlar, lakin onlara məhəl qoymamış və öz əməlinə davam etmişdir. Onun tək istəyi pulunun geri qaytarılmasıdır. Göstərilən halların nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində İXM-nin 510-cu maddəsinin tərkibinin olmadığını və həmin maddə ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməsi, İXM-nin 535.1-ci maddəsi ilə barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsinin çöl qapısında xidmət apararkən saat təxminən 13:34 radələrində adını sonradan bildiyi Ağdaş rayon sakini X6 xidmət apardığı yerə yaxınlaşaraq heç bir səbəb olmadan uca səslə nalayiq söyüşlər söyləməyə başlamışdır. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət edib nə baş verdiyini soruşmuşlar və bu hərəkəti ilə küçədə ki insanların diqqətini özünə cəlb edilməsini və onlara narahatçılıq törədərək ictimai asayışı pozmamasını xahiş etmişlər. Vətəndaş bundan sonra geri çəkilmiş və əlindəki plasmas 1 litrlik fanta şüşəsini göstərərək içərisində benzin olduğunu söyləmişdir. Butulkanın ağzını açaraq yenədə uca səslə ünvansız sözlər söyərək özünü yandıracağını bildirmişdir. Daha sonra butulkadakı mayeni üzərinə tökmüşdür. Buna görə dərhal həmin şəxsə yaxınlaşaraq əlindəki butulkanı götürmüşlər və onun barəsində qanuni tədbir görülməsi üçün şöbənin növbətçi hissəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Xəyal Afiq oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, X6 İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən X6 xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X3 hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X6 xx.xx.2023-cü il tarixdə saat təxminən 13:30 radələrində xidməti vəzifələrini yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə X3 hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X8 oğlunun hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin Məcəllənin 38-ci fəslinə, yəni ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyət əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Göründüyü kimi İXM-nin 510-cu maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində xırda xuliqanlıq hərəkətləri olmalıdır. Xırda xuliqanlıq isə ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoyulmamasını sübut edir. Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahələrində yarana ictimai münasibətlərdir. Xətanın bilavəsitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda X3 hərəkətlərində həmin halların, yəni ictimai qaydanın pozulmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi X3 hərəkətlərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hallar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edilmədiyindən onun İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən X3 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X6 Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 iyun 2023-cü il saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, İXM-nin 510-cu maddəsinə aid hissədə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar